Qadin.NET / Milli Şurada "iç zəlzələ" yaşanır

Milli Şurada "iç zəlzələ" yaşanır

 

Azərbaycan müxalifətinin yeni, təmərküzləşmiş formatı kimi qələmə verilən Milli Şuradakı qarşıdurmalar səngimək bilmir. Milli.Az bildirir ki, Açıq Cəmiyyət Partiyasının banisi və lideri, hazırda ABŞ-da yaşayan eks-spiker Rəsul Quliyevin Milli Şura, xüsusilə də bu qurumdan namizəd qismində prezident seçkilərinə qatılmış Cəmil Həsənlinin siyasi perspektivləri ilə yetərincə sərt açıqlamasından sonra sözügedən təşkilatda kuluar müzakirələri güclənib.

Milli Şura funksionerlərinin fikrincə, R.Quliyevin açıqlaması faktiki olaraq təşkilata qarşı yönəlmiş "dağıdıcı fəaliyyətin tərkib hissəsi"dir.
Təşkilatda təmsil olunmuş partiyalardan birinin funksioneri isə əməkdaşımızla söhbətində dedi: "Rəsul Quliyevin bizə qarşı mövqeyi bəlli idi. Lakin onun belə açıqlama ilə çıxış etməsi ehtimal olunmurdu. ACP lideri əslində Milli Şuranın dağılmasını istədiyini gizlətmir.
İndi də Liberal və KXCP partiyaları ilə məsləhətləşmələr apararaq onları da Milli Şuradan uzaqlaşdırmaq istəyir. Ümumiyyətlə isə, 6 partiyanın belə qapalı məsləhətləşmələrə və müzakirələrə qatıldığı deyilir".
Liberal və KXCP nümayəndələri deyilənləri "əsassız iddia" adlandırsalar da, müzakirələrin olmadığını birmənalı şəkildə söyləmədilər.
Milli Şurada 6 partiyanın arasındakı kuluar məsləhətləşmələrə qatılan siyasətçilərin də adları açıqlanmır.
Təşkilatın mənsubları Rəsul Quliyevə qarşı "adekvat açıqlama" hazırlandığını da vurğuladılar.
KXCP funksionerlərindən biri isə "deyəsən, Milli Şurada iç zəlzələ yaşanır" söylədi.

 

Mənbə: Milli.Az
30 sentyabr 2013
GO BACK