
“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, qolsuz bitən görüşdən sonra bunları söyləyib:
“Birinci hissədə biz daha çox rəqibin oyununu öyrənməyə çalışdıq. Bu oyuna həm də ciddi itki ilə çıxmışdıq. Amma Rəşad Sadıqovun yoxluğunda Bədavi Hüseynov yaxşı oynadı. Baxmayaraq ki, bu futbolçuya bir qədər vaxt lazımdır. Rəşad müdafiədə olanda biz ötürmələrlə daha rahat oynaya, irəli gedə bilirik. Bu görüşün ilk yarısında ötürmələrdən çox istifadə edə bilmədik. Güclü külək də mane olurdu. Bu üzdən birinci hissədə rəqibin qol vəziyyətləri daha çox oldu. İkinci hissədə isə artırdıq və açıq futbol oynamağa başladıq. Hər iki komandanın qol vurmaq şansları var idi. Amma tərəflər bu şanslardan yararlana bilmədilər”.
Medvedev bu heç-heçənin daha çox “Qəbələ”yə sərf etdiyini söyləyib: “Kənardan baxdıqda həm “Neftçi”də, həm də “Qarabağ”da müəyyən problemlərin olduğunu görmək olar. Çoxları bizdən daha fərqli oyun gözləyirdi. İstənilən halda bu heç-heçə “Qəbələ”nin işinə yaradı. Bu tur qələbə qazansalar, yenidən birinci olacaqlar. Amma istənilən komanda xal itirə bilər”.
Mənbə: Milli.az