Qadin.NET / Manat Asiyanın ən dəyərli valyutası oldu

Manat Asiyanın ən dəyərli valyutası oldu

 

 

Azərbaycanın milli valyutası - manat nominal dəyərinə görə, İngiltərə funt-sterlinqi, Latviya latı, Küveyt dinarı və Avropa İttifaqının pul vahidi avro istisna olmaqla dünyanın ən dəyərli valyutası hesab olunur. Yeni manat dövriyyəyə buraxıldıqdan sonra nominal dəyərini dollar qarşısında 14,6%, avro qarşısında isə 2,8% artırıb.

2006-cı ildən dövriyyəyə buraxılan yeni Azərbaycan manatı nominal dəyərinə görə, hazırda dünyanın ən dəyərli 5-ci, Asiya qitəsinin isə ən dəyərli valyutasıdır. Eyni zamanda manat dövriyyəyə buraxıldıqdan sonra dünyanın əksər aparıcı valyutaları, həmçinin əsas ticarət tərəfdaşımız olan ölkələrin valyutaları qarşısında öz məzənnəsini davamlı olaraq möhkəmləndirib. Yeni manatın tədavülə buraxıldığı 2006-cı ilin ilk iş günündən dünənki tarixə kimi, yəni 7 il 8 ay 27 gün ərzində ABŞ dolları milli valyutamız qarşısında 14,6% (0,9184 manatdan 0,7845 manata), avro 2,4% (1,0882 manatdan 1,0575 manata), funt-sterlinq 20,7% (1,587 manatdan 1,2585 manata), rubl 13,8% ( 0,0319 manatdan 0,0243 manata), lirə isə 43,8% (0,6882 manatdan 0,388 manata) dəyərini itirib. Halbuki yeni nəsil pul nişanları dövriyyəyə buraxılmazdan əvvəl milli valyutamız aparıcı valyutalar qarşısında davamlı olaraq dəyərdən düşürdü. Məsələn, 2000-2006-cı illər ərzində manat dollar qarşısında 4,8%, avro qarşısında isə 19,4% ucuzlaşıb.
Azərbaycan manatının nominal dəyərinə görə dünyanın əsas valyutalarından birinə çevrilməsi iqtisadçılar tərəfindən birmənalı qarşılanmır. Məlumdur ki, manatın digər valyutalar qarşısında, xüsusilə də, dünyanın bir nömrəli valyutası hesab olunan ABŞ dollarına nisbətən möhkəmlənməsində Mərkəzi Bankın rolu danılmazdır. Azərbaycan hökuməti Mərkəzi Bank vasitəsilə manatın nominal dəyərini yüksək saxlayır. Valyuta bazarına müdaxilə edərək digər valyutaların manatı üstələməsinə imkan vermir. Bunu ayrı-ayrı vaxtlarda mətbuata verdiyi açıqlamalarda Mərkəzi Bankın nümayəndələri də təsdiqləyiblər.
Mərkəzi Bank idxal inflyasiyasının qarşısını almaq məqsədilə manatın digər valyutalar qarşısında möhkəmlənməsinin tərəfdarı olduğunu bildirir. Ancaq bəzi iqtisadçılar belə fikirləşirlər ki, manatın digər valyutalar qarşısında möhkəmlənməsi ixrac əməliyyatları zamanı əldə olunan real gəlirin həcmini azaldır və yerli istehsala mənfi təsir göstərir. 
İstər Mərkəzi Bankın, istərsə də, manatın möhkəmlənməsinin əleyhinə olanların səsləndirdikləri arqumenlər nəzəri baxımdan doğru olsa da, əslində mövcud reallıqlar tamamilə fərqlidir. Mərkəzi Bankın dediyi kimi, milli valyutanın xarici valyutalar qarşısında möhkəmlənməsi idxal inflyasiyasının qarşısını ala bilər. Ancaq heç kimə sirr deyil ki, ölkədə idxal mallarının qiyməti süni şəkildə artırılır. Bəzən xaricdən 5 manata alınan malı ölkə daxilində 5-10 dəfə baha satırlar. Belə olan halda manatın möhkəmlənməsinin heç bir əhəmiyyəti qalmır. Əks arqumet səsləndirənlərin, yəni manatın digər valyutalar qarşısında möhkəmlənməsinin ixrac əməliyyatlarına mənfi təsir edəcəyini söyləyənlərin fikirləri də reallıqlara uyğun deyil. Bildiyimiz kimi, Azərbaycan hazırda ixrac məhsulları arasında neft, təbii qaz və neft məhsullarının payı üstünlük təşkil edir. Cari ilin ilk 8 ayının nəticələrinə görə, xam neft, neft məhsulları və təbii qazın ixracdakı payı 92,6%-ə bərabər olub. Məlum olduğu kimi, məzənnə dəyişikliyinin neft və neft məhsullarının satışına ciddi təsiri yoxdur. 
Çünki neft strateji məhsul kimi dünya bazarlarında dollarla alınıb-satılır. Bu baxımdan, milli valyutalarda baş verən dəyişikliyin neft satışına təsir etməsi mümkün deyil. Təbii ki, manatın möhkəmlənməsi qeyri-neft məhsulları üzrə ixraca təsir edə bilər. Ancaq qeyd etdiyimiz kimi, ümumi ixracda qeyri-neft məhsullarının payı olduqca azdır. Eyni zamanda MB-nin göstərdiyi səbəb də manatın möhkəmlənməsi üçün yetərli deyil. Çünki Azərbaycan əsas mallarda, xüsusilə də, ərzaq məhsullarında idxaldan asılı deyil. Ərzaq məhsullarına olan tələbat 80-90% yerli istehsal hesabına təmin olunur. Belə olan halda manatın möhkəmlənməsi bizə nə verir?
Ümumiyyətlə, Mərkəzi Bankın mövcud məzənnə siyəsətinə ehtiyac varmı? Əksər iqtisadçılar belə hesab edirlər ki, mövcud məzənnə siyasəti daha çox psixoloji amillərlə bağlıdır. Bu siyasət əhalinin milli valyutaya və eyni zamanda da, ölkə iqtisadiyyatına olan inamını artırmaq məqsədilə həyata keçirilir. Ancaq sonda bir məqamı da qeyd etmək lazımır ki, milli valyutamızın nominal dəyəri ilə bərabər real dəyərini də artırmaq barədə düşünmək lazımdır.

 

 

Mənbə: Milli.Az

28 sentyabr 2013
GO BACK