Qadin.NET / Sayıq olun - o, insanı xəstə edir

Sayıq olun - o, insanı xəstə edir

 

 

Fikir vermisinizsə, havalar soyuyandan, yəni son günlər soyuqvurmadan gileylənənlərin sayı xeyli artıb.

Belə demək olarsa, payızın ilk günləri bir çoxları üçün soyuqvurma və qızdırma ilə yadda qaldı. Son günlər qripə yoluxanların da sayında artım müşahidə olunur. Həkimlər bunu yay mövsümünün isti günlərinin ardınca gələn soyuq payız havasının insanları ani yaxalaması ilə əlaqələndirirlər. Necə deyərlər, hava dəyişkənliyi hazırlıqsız yaxalananların xəstələnməsini qaçılmaz olur. Həkimlər bu qənaətdədirlər ki, havalar soyuduğu üçün insanların hazırlıq görmələri, məsələn, geyimlərinə diqqət etmələri vacibdir. Məsələ təkcə bununla yekunlaşmır.
Belə ki, hava dəyişikliyinin səbəb olduğu arzuolunmaz vəziyyətlərə qarşı ən yaxşı tədbirlərdən biri - orqanizmin müqavimətini gücləndirməkdir. Yuxu rejiminə diqqət etmək bu baxımdan çox vacibdir. Belə ki, nizamsız və narahat yatan adam ertəsi gün özünü yorğun hiss edir, bu isə diqqət dağınıqlığına gətirib çıxarır. Bu durum iş və şəxsi həyata da yönələrək müəyyən axsamalara səbəb olur. Yuxusuzluq beyinin anlama, analiz etmə səviyyəsini aşağı salır və fiziki aktivliyini azaldır, passivləşmə qaçılmaz olur. Odur ki, ruh və bədənin rahatlığı üçün yuxu rejiminə önəm verilməsi vacibdir.
Özünüzü gümrah hiss edəcəksiniz
Məlum olduğu kimi, payız və qış aylarında yazla müqayisədə açıq havada keçirilən müddət az olur. Odur ki, fiziki aktivlik və hərəkətlilik azalır. Bu isə qidaların həzmini çətinləşdirir. Kökəlmə və qəbizlik kimi şikayələr də bu səbəbdən, xüsusilə, ilin bu dövrlərində artır.
Bunu əngəlləmək, qarşısını almaq üçün hər zaman məsləhət görülən bol maye və meyvə-tərəvəz qəbulu çox önəmlidir. Bundan başqa, hər bir insan idmanı həyat tərzi halına gətirməlidir. Həftənin 3 günü məşq və idman etməyə xüsusi zaman ayırmaq lazımdır. Bununla həm sağlamlığınızı qoruyacaq, həm də enerjinizi daima yüksək tutaraq özünüzü gümrah hiss edəcəksiniz.
“Xəstəliyin müalicəsindən daha önəmli və asan”
Payızda havaların soyuması ilə yanaşı, hava kirliliyi də artır. Bu isə özü ilə bərabər xəstəliklər gətirir. Həkim Aydın Məmmədovun sözlərinə görə, immuniteti zəif olan uşaqların soyuq vurma və qrip olma halları da bu dövrdə artır.
Onun sözlərinə görə, soyuqdəymə, qrip və bu dövrdə müşahidə olunan digər xəstəliklərdən qorunmaq üçün qidalanma və geyimə diqqət edilməsi çox önəmlidir. “Qrip tənəffüs yolu ilə insanın vücuduna virusun girməsi ilə yayılır. Bundan qorunmaq üçün oktyabr və noyabr aylarında bol C vitamini qəbul edilməlidir. Xəstə insanlarla yaxın təmasdan mümkün qədər qaçılması da riskləri azaldır”,-deyə həkim qeyd edir. Belə. Sağlamlığınızı qoruyun ki, sonra peşman olmayasınız. Unutmayaq, xəstələnməmişdən öncə görülən qabaqlayıcı tədbirlər xəstəliyin müalicəsindən daha önəmli və asandır

 

 

Mənbə: Milli.az

28 sentyabr 2013
GO BACK