Bakı. Aynur Əliyeva –APA Economics. “Mobil Nömrələrin Daşınması Sisteminin tətbiqi həm fərdi, həm də korporativ seqmentdə olan istifadəçilərimizin sayını artıracaq. Biz səbirsizliklə üçüncü operatorun bu prosesə qoşulacağını gözləyirik. Bunun üçün çox ciddi planlarımız və daha konkret addımlarımız var”. “APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakcell” mobil şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib. Baza stansiyalarından danışan R. Şirer bildirib ki, bu, daim gedən bir prosesdir: “Biz müntəzəm olaraq yeni baza stansiyaları quraşdırırıq. Hazırda təxminən 2400-dən artıq bazası stansiyamız var ki, onun da 1000-dən çoxu “4G” xidmətini dəstəkləyir. Bununla yanaşı, biz binadaxili sistemlərin avadanlıqlarının quraşdırılmasına da böyük sərmayə yatırırıq. Bakının bir çox iri yaşayış və biznes mərkəzlərini belə avadanlıqlarla təchiz edirik. 2013-cü ildə bu işlərə ötən ilkindən daha artıq vəsait sərf olunub”. Aktiv abunəçilərin sayına toxunan mobil şirkətin icraçı direktoru deyib ki, daimi aktiv abunəçilərin sayı 2,6 mln.-dan artıqdır. O, əlavə edib ki, abunə bazasının 50%-dan artığı aktiv internetdən istifadə edir, bazar getdikcə daha da genişlənir, istifadəçilərin tələbləri də artır. Xatırladaq ki, Azərbaycanın ilk mobil rabitə operatoru olan «Bakcell» şirkəti avqustun 1-dən Mobil Nömrələrin Daşınması Sisteminin (Mobile Number Portability - MNP) tətbiqinə başlayıb.
Mənbə: APA.az