Qadin.NET / Azərbaycan dünyada ən sürətlə inkişaf edən, bütün sahələrdə yeniləşən dövlətdir

Azərbaycan dünyada ən sürətlə inkişaf edən, bütün sahələrdə yeniləşən dövlətdir

ABŞ, İtaliya və Polşanın dünya şöhrətli beyin mərkəzlərinin ölkəmizlə bağlı yaydığı son hesabatlar bunu bir daha təsdiq edir

İstənilən dövlətdə iqtisadi islahatın uğurları təkcə ölkənin malik olduğu təbii-bioloji resurslarla deyil, həm də cəmiyyətin tətbiq olunan yeniliklərə adekvat reaksiyası ilə şərtlənir. Azərbaycanda son on ildə yeni dövrün gerçəklikləri nəzərə alınmaqla həyata keçirilən iqtisadi islahatlar da məhz bu reallığa söykənərək cəmiyyətdəki yeniliklərin mahiyyətindən irəli gəlmişdir. Uğurla gerçəkləşdirilən yeni neft strategiyasının 2003-cü ildən daha yüksək nəticələrə yol açması, respublikamızın regionda analoqu olmayan inkişaf mərhələsinə qədəm qoyması - ümumi daxili məhsulun artım tempi, büdcə gəlirlərinin ildən-ilə əhəmiyyətli dərəcədə çoxalması iqtisadi sektorda islahatların genişləndirilməsinə, sosial-mədəni modernləşməyə imkan yaratmışdır.
Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vuraraq inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Yeni mərhələnin səciyyəvi cəhətlərindən biri də milli iqtisadiyyatın dayanıqlı və sabit inkişafı üçün qeyri-neft sektorunun daha da gücləndirilməsi, bu sahədə liberallaşma prosesinin dərinləşdirilməsidir. Bu mənada hökumətin respublikanın regionlarının inkişafına xüsusi qayğı ilə yanaşması da ilk növbədə bölgələrin disproporsional inkişafının qarşısını almaq, qeyri-neft sektorunu, sahibkarlığı milli iqtisadiyyatın intibah prosesinin lokomotivinə çevirməkdir. Azərbaycan qlobal böhran şəraitində belə dünyanın ən sürətlə inkişaf edən, bütün sahələrdə yeniləşən dövlətlərindən biri kimi tanınmışdır.
Regionların inkişafına xidmət edən kompleks tədbirlərin davamlı səciyyə daşıması təbiidir: inkişaf etmiş dövlətlərin təcrübəsi sübut edir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlığın, tarixi məşğulluq ənənələrinin saxlanılması vacib şərtlərdəndir. Son illərin statistik göstəriciləri regionların sosial-iqtisadi inkişafına yönəlmiş çoxşaxəli tədbirlərin praktik nəticələr verdiyini təsdiqləyir. 2003-2012-ci illərdə ümumi daxili məhsulun orta illik artımı 13 faiz, qeyri-neft sektorunda 10,6 faiz təşkil etmişdir. ÜDM 3 dəfə, onun adambaşına düşən həcmi 2,7 dəfə, qeyri-neft sektoru 2,3 dəfə, əsas kapitala yönəldilən investisiyaların həcmi 7,3 dəfə artmışdır. Bu dövrdə ölkənin iqtisadiyyatı 3 dəfədən çox artmış və onun inkişafına 132 milyard dollar məbləğində sərmayə qoyulmuşdur. Dövlət büdcəsi 19 dəfə, strateji valyuta ehtiyatları 29 dəfə, iqtisadiyyatın kreditləşməsi 24,5 dəfə artmışdır. Əhalinin gəlirləri, orta aylıq əməkhaqları və pensiyaların orta məbləği müvafiq olaraq 6,9, 6,3 və 6,4 dəfə yüksəlmişdir. Yoxsulluq səviyyəsi 44,7 faizdən 6 faizə enmişdir. Əldə olunmuş dinamik iqtisadi artımın nəticəsidir ki, Azərbaycanın "yuxarı orta gəlirli" ölkələr sırasında mövqeyi daha da möhkəmlənmişdir.
Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə "Dünya Rəqabətlilik Hesabatı" da ölkəmizin dinamik inkişafını təsdiqləyir. Azərbaycan qlobal rəqabət qabiliyyətlilik indeksinə görə 7 pillə irəliləmişdir. "Dünya Rəqabətlilik Hesabatı 2013-2014" nəşrinə əsasən Azərbaycan rəqabətlilik reytinqinə görə 148 dövlət arasında 39-cu yerdə qərarlaşmışıdr. 2012-2013-cü illər hesabatında isə ölkəmiz 144 ölkə arasında 46-cı, 2011-2012-ci illər hesabatında isə 142 ölkə arasında 55-ci yer tutmuşdur. Qlobal iqtisadiyyatın böhran dövrünün yaşadığı və yüksək rəqabət mühiti ilə səciyyələnən bir vaxtda Azərbaycanın 7 pillə irəliləməsi və dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatı sırasına daxil olması ölkədə aparılan məqsədyönlü sosial-iqtisadi inkişaf siyasətinin əyani göstəricisi və ölkəmizin beynəlxalq nüfuzunun artmasının nümunəsi kimi qiymətləndirilə bilər. Bundan əlavə, Azərbaycan makroiqtisadi mühit göstəricisinə görə 8-ci, əmək bazarının səmərəliliyi göstəricisinə görə 30-cu, texnoloji hazırlıq səviyyəsinə görə 50-ci, innovasiyalara görə isə 51-ci yerdə qərar tutub.
İtaliyanın məşhur beyin mərkəzi - Beynəlxalq Siyasi Araşdırmalar İnstitutu (Istituto per Gli Studi di Politica Internazionale - ISPI) "10 il hərəkətdə: Cənubi Qafqaz 2003-2013-cü illərdə" adlı hesabatı Azərbaycanın davamlı inkişafını təsdiqləmişdir. ISPI-nin analitiki Matteo Verdanın müəllifi olduğu hesabatda regionun hər üç dövlətində - Azərbaycan, Gürcüstan və Ermənistanda son 10 ildə baş vermiş siyasi proseslər və iqtisadi vəziyyət təhlil edilir, regiondakı əsas təhlükəsizlik təhdidləri nəzərdən keçirilir və qarşıdan gələn onillik barədə proqnozlar verilir.
Regiondakı iqtisadi vəziyyətdən danışan müəllif qeyd edib ki, son 10 il ərzində region ölkələri fərqli iqtisadi inkişaf nəticələri əldə etmişlər. Əgər Azərbaycan sürətlə inkişaf edərək ikirəqəmli illik iqtisadi artım tempinə nail olmuşsa, Gürcüstan və Ermənistanda inkişaf çox zəif getmişdir. 2009-cu il maliyyə böhranı zamanı Ermənistan və Gürcüstan iqtisadi geriləmə yaşasa da (bu ölkələrin ümumi daxili məhsulları böhran illərində müvafiq olaraq 14 və 4 faiz azalmışdır), Azərbaycan müsbət inkişaf tempini qoruyub saxlamışdır. Hesabatda vurğulanır ki, Dünya İqtisadi Forumunun son "Qlobal rəqabətqabiliyyətlilik indeksi"nə əsasən iqtisadi inkişaf baxımından Azərbaycan dünya dövlətləri arasında 39-cu, Gürcüstan və Ermənistan isə müvafiq olaraq 72-ci və 79-cu yerlərdə qərarlaşmışdır.
Hesabata əsasən son 10 illik dövr ərzində Azərbaycanda daxili proseslər siyasi sabitlik və inkişafla yadda qalmışdır. Ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra ölkədəki xaosa son qoymuş, siyasi sabitlik yaratmağa müvəffəq olmuş, dövlət quruculuğu prosesinə başlanılmışdır. Ümummilli lider 2003-cü ildə səhhəti ilə əlaqədar prezident seçkilərində iştirak etməmişdir. Ötən on ildə Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsi Azərbaycanın davamlı inkişafını şərtləndirmişdir. Sənəddə deyilir: "Azərbaycan qeyri-adi iqtisadi inkişaf göstəriciləri əldə etmiş, ortalama illik 12,2 faiz - digər Cənubi Qafqaz dövlətləri ilə müqayisədə iki dəfə sürətli iqtisadi artıma nail olmuşdur". Müəllif vurğulayıb ki, ötən onillik ərzində Azərbaycanın siyasi sistemi ən yüksək səviyyədə sabitlik nümayiş etdirmiş və bu siyasi sabitliyin qarşıdakı on il ərzində də davam edəcəyi gözləniləndir. Bu dövr ərzində Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin başa çatması, TANAP və TAP boru kəmərləri layihələrinin reallaşması həm Azərbaycanın iqtisadi imkanlarını artıracaq, həm də onun Avropadakı əməkdaşları ilə əlaqələrini gücləndirəcəkdir.
ABŞ-ın nüfuzlu beyin mərkəzinin Azərbaycanın regional rolu ilə bağlı yaydığı hesabatı da qürur doğurur. Qeyd edək ki, bu mərkəzin hesabatları əsasən ABŞ-ın və NATO ölkələrinin xarici siyasət və təhlükəsizlik üzrə rəsmi dövlət vəzifələrində çalışan və qərarvermə prosesində yaxından iştirak edən şəxsləri üçün nəzərdə tutulur. Hesabatda qeyd edilir ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra - xüsusilə son illərdə geniş iqtisadi, diplomatik və "yumşaq güc"ə xas təsir imkanları əldə etməkdədir. Azərbaycan dövlətinin strategiyası və ardıcıl siyasəti ona çox mürəkkəb və qeyri-sabit bölgədə postsovet "travma"sını geridə buraxmaq və müxtəlif sahələrdə geniş əməkdaşlıq üçün etibarlı tərəfdaşa çevrilə bilmək imkanı vermişdir. Müstəqillik illərində Azərbaycan uğurlu inkişafa və ümumi daxili məhsulunu 60 dəfədən çox artırmağa nail olmuşdur. Azərbaycan ötən müddət ərzində neft gəlirlərindən səmərəli şəkildə istifadə edərək çox böyük iqtisadi problemləri aradan qaldırmış, yoxsulluğun səviyyəsini minimuma endirmiş, iqtisadiyyatın qeyri-neft sektorunun davamlı inkişafına nail olmuşdur. 1990-cı illərin sərmayə idxal edən ölkəsindən qonşu dövlətlərə investisiya yatıran ölkəyə çevrilməklə Azərbaycan bölgədə ayaqları üzərində inamla duran və iqtisadiyyatı davamlı inkişaf edən ölkəyə çevrilmişdir.
Polşanın dünya şöhrətli beyin mərkəzi MISO (Beynəlxalq Vətəndaş Cəmiyyəti İnstitutu) bu günlərdə "Azərbaycanın son 10 ildə iqtisadi və sosial inkişaf dinamikası" adlı hesabat yayıb. MISO-nun direktoru Mateuş Komorovskinin rəhbərlik etdiyi ekspert qrupu tərəfindən hazırlanmış hesabat sentyabrın 25-də təşkilatın internet səhifəsində dərc edilib. Hesabatda son 10 il ərzində Azərbaycanda iqtisadi və sosial vəziyyət ətraflı təhlil edilir, bu sahədəki əsas proseslərdən və onların inkişaf dinamikasından danışılır.
MISO vətəndaş cəmiyyəti ideyasının təbliği və bunun analitik əsaslarının hazırlanması ilə məşğul olan qeyri-kommersiya, siyasi və ya dini fəaliyyət göstərməyən ictimai birlikdir. İnstitutun fəaliyyət istiqamətlərinə Avropa inteqrasiyası, beynəlxalq əməkdaşlığın inkişafı, iqtisadi inkişaf və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məsələləri daxildir.
Təşkilatın yaydığı hesabatda bu il Azərbaycanın müstəqilliyinin bərpasının 22-ci ildönümünü qeyd edəcəyi bildirilir. Vurğulanır ki, bu müddət ərzində, xüsusən də son 10 ildə ölkə əhəmiyyətli inkişaf yolu keçmişdir. MISO analitiklərinin qənaətinə görə, Azərbaycan artıq beynəlxalq arenada fəal siyasət aparan dövlətə çevrilmişdir. Rəsmi Bakı suveren və şaxələndirilmiş xarici siyasət həyata keçirməkdədir. Azərbaycan beynəlxalq ictimaiyyətlə fəal əməkdaşlıq edir və hələ 1999-cu ildə beynəlxalq maliyyə institutlarının təklifi əsasında xam neftin satışından olan gəlirlərin idarə edilməsinə və sosial-iqtisadi islahatlara yönəldilməsini təmin edən xüsusi fond - Dövlət Neft Fondunun yaradılması barədə qərar qəbul etmişdir.
Hesabatda deyilir ki, Azərbaycanın beynəlxalq arenada cəlbediciliyini artıran ən mühüm amillərdən biri onun regionda sabitlik elementi rolunu oynamasından irəli gələn müsbət imicidir. Bundan başqa, analitiklərin diqqətini ölkənin əhəmiyyətli coğrafi mövqedə yerləşməsi, Rusiyanın təsirindən asılı olmaması və təbii resurslarla zənginliyi cəlb etmişdir.
Nüfuzlu ekspertlərdən ibarət müəllif qrupu Azərbaycan iqtisadiyyatının təbii resurslardan səmərəli istifadəyə əsaslandığı qənaətinə gəlmişdir. Bu resursların istismarı və istifadəsi ölkədə reallaşdırılan iqtisadi inkişaf proqramlarında diqqətə alınan əsas məsələlərdəndir. Azərbaycanın təsdiq edilmiş neft ehtiyatı 1,6-1,9 milyard tona bərabərdir ki, bu da neft sektorunu ölkə iqtisadiyyatının dominant sahəsinə çevirmişdir. Azərbaycan dünyada ən qədim neft istehsalçılarından biridir və son 10 il ərzində bu resursun istehsalı əhəmiyyətli dərəcədə artmışdır.
Hesabat müəllifləri qeyd edirlər ki, ölkədə xam neft və təbii qazın satışından əldə edilən gəlirlərin istifadəsinə dair əsas sənəd 2004-cü il sentyabrın 2-də qəbul edilən "Neft və qaz gəlirlərindən istifadə edilməsinə dair uzunmüddətli strategiya"dır. Strategiyaya əsasən əldə edilən gəlirlər infrastrukturun hərtərəfli inkişaf etdirilməsi, dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması, regionların inkişafı və ölkədə yoxsulluğun azaldılmasına yönəldilir. Eyni zamanda müxtəlif sosial-iqtisadi islahat proqramlarının reallaşdırılması da təbii sərvətlərin istismarından əldə edilən gəlirə əsaslanır. Belə proqramlar sırasında neft gəlirləri hesabına reallaşdırılan 2004-2008-ci və 2009-2013-cü illər üçün qəbul edilmiş regionların sosial-iqtisadi inkişafına dair iki dövlət proqramı xüsusilə qeyd edilməlidir.
Sənəddə göstərilir ki, Azərbaycandakı sosial-iqtisadi islahatlar ölkənin müstəqilliyinin əldə edildiyi gündən başlamış, lakin onların intensivliyi heç də həmişə eyni və daimi olmamışdır. 1995-ci il iqtisadi böhranından sonra beynəlxalq maliyyə institutlarının dəstəyi ilə ciddi iqtisadi və siyasi islahatlar həyata keçirilmişdir. Bu islahatlar Azərbaycana böhranın nəticələrini aradan qaldırmağa və 2003-cü ilədək müsbət makroiqtisadi göstəricilərə nail olmağa imkan vermişdir. Makroiqtisadi inkişaf - inflyasiya həddinin aşağı salınması, ümumi daxili məhsulun (ÜDM) artımı və büdcə kəsirinin azaldılması nəticədə sosial inkişafa da ciddi təsir göstərmişdir. Son 10 ildə Azərbaycanda əhalinin sosial müdafiəsinə xərclənmiş vəsaitin həcmi 9 dəfə artmış, təhsil, idman, tibb və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisələr bir neçə dəfə çoxalmış, yoxsulluğun səviyyəsi aşağı düşmüşdür.
MISO analitiklərinin fikrincə, qeyd edilən sosial və iqtisadi islahatlar nəticəsində 2003-cü ildən sonra Azərbaycanda makroiqtisadi vəziyyət daha da yaxşılaşmışdır. Ölkənin əsas iqtisadi göstəriciləri deməyə əsas verir ki, son 10 ildə Azərbaycanda əhəmiyyətli iqtisadi inkişaf baş vermişdir. Azərbaycan 1998-ci ildən bəri MDB üzvləri arasında ÜDM-in ən sürətlə artdığı ölkə statusunu qazanmışdır. Qarşıdakı illərdə ölkədə ÜDM-in daha da artacağı gözlənilir. Proqnozlara əsasən, 2013-cü ildə Azərbaycanda ÜDM-in həcmi 73,54 milyard ABŞ dollarına çatacaq, 2014-cü ildə isə bu göstəricidən 6,7 faiz daha yüksək olacaq. 2003-cü ildə 3700 ABŞ dollarına bərabər olan alıcılıq qabiliyyəti paritetinə əsasən adambaşına düşən ÜDM 2013-cü ildə 10700 ABŞ dollarına yüksəlmişdir.
Müəlliflər vurğulayırlar ki, BMT-nin İnkişaf Proqramının "İnsan inkişafı indeksi"nə əsasən Azərbaycan yüksək insan inkişafı ölkələri qrupuna daxildir. Azərbaycandakı sosial-iqtisadi inkişafı təhlil edərkən "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" xüsusilə qeyd edilməlidir. Azərbaycan bu proqramların istifadəsinə əsaslanan siyasətinə görə bir çox dövlətlərdən fərqlənir. Ölkənin bu sahədəki siyasəti müxtəlif sahələrə aid islahat paketlərinin sinxronlaşdırılması ilə seçilir. Azərbaycan istənilən iqtisadi qanunvericiliyin həyata keçirilməsi zamanı yerli mentalitet, milli xarakteristika və xarici dövlətlərin təcrübəsini nəzərə alır ki, bu da Azərbaycanın siyasi modelinin mühüm xüsusiyyətidir.
Hesabatın son hissəsində müəlliflər Azərbaycanın sosial-iqtisadi yüksəlişinə istiqamətlənmiş tövsiyələr verərək qeyd edirlər ki, mövcud iqtisadi və sosial inkişaf hazırkı artım tempinin davamlılığına təminat verir.
Ölkədə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə yeni bir modeli - Azərbaycan modeli formalaşıb. Bu modelin fərqləndirici xüsusiyyətini inkişaf üzrə müəyyən olunmuş istiqamətlərin sahəvi proqramlarla əlaqələndirilməsi, iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə alan, mütərəqqi dünya təcrübəsinə arxalanması təşkil edir. Qarşıdakı dövrdə formalaşmış bu möhkəm təməl üzərində bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olmasına çalışmaq, iqtisadi sahədə liberallaşdırma prosesini davam etdirmək hökumətin qarşısında duran ciddi vəzifələrdən biridir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində Azərbaycanın gələcək inkişaf perspektivlərini dərin elmi əsaslarla müəyyənləşdirən konseptual əhəmiyyətli sənəddir. 2020-ci ilədək respublikada ümumi daxili məhsulun 2 dəfəyədək artımını nəzərdə tutan həmin sənədə qeyri-neft sektorunun inkişafını, ölkənin ixrac potensialının gücləndirilməsini strateji hədəflər kimi müəyyənləşdirmişdir. Bu məqsədlərə nail olunması üçün rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılması, sənayeləşmə siyasətinin sürətləndirilməsi, mütərəqqi təcrübəyə əsaslanan sənaye zonalarının yaradılması, müəssisələrin texnoloji cəhətdən yeniləşdirilməsi, intensiv metodların tətbiqinin daha da genişləndirilməsi və digər tədbirlər nəzərdə tutulur.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu iqtisadi siyasət strategiyası tam mahiyyəti ilə vətəndaş amilinin mənafeyinin təmin olunmasına, insanların rifah halının yüksəlməsinə xidmət edir. Ötən on ildə uğurla davam etdirilən iqtisadi siyasət nəticəsində Azərbaycan daha da qüdrətli dövlətə çevrilib.

Mənbə: Milli.az

28 sentyabr 2013
GO BACK