Qadin.NET / "Azərbaycan qazının İtaliyaya nəqli: Avropanın enerji təhlükəsizliyinin gələcəyi"

"Azərbaycan qazının İtaliyaya nəqli: Avropanın enerji təhlükəsizliyinin gələcəyi"

 

 

İtaliyanın aparıcı tədqiqat qurumlarından biri olan Beynəlxalq Münasibətlər İnstitutu (BMİ) Romadakı Ripetta konfrans mərkəzində "Azərbaycan qazının İtaliyaya nəqli: Avropanın enerji təhlükəsizliyinin gələcəyi" adlı beynəlxalq konfrans keçirib. 

 

Azərbaycanın İtaliyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, konfransı BMİ-nin prezidenti səfir Ferdinando Nelli Feroçi açıb. Öz giriş sözündə o, rəhbərlik etdiyi İnstitutun Cənubi Qafqaz regionuna və xüsusən Azərbaycanın daxili və xarici siyasətinə artan marağı qeyd edib və keçirilən konfransı Azərbaycanla bağlı BMİ-nin silsilə tədbirlərinə aid edərək onun gündəliyinin Azərbaycanın enerji siyasətinə həsr olunduğunu bildirib.Daha sonra İtaliyanın xarici işlər nazirinin müavini xanım Marta Dassu çıxış edərək Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın mühüm rolu, Trans-Adriatik Qaz Kəməri layihəsinin seçilməsinin vacibliyi və onun gələcək perspektivləri haqqında fikirlərini söyləyib.Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov Azərbaycanda aparılan uğurlu enerji siyasətinin tarixi və ölkəmizin bölgədə nəhəng infrastruktur layihələrinin həyata keçirilməsində davam edən səylərini diqqətə çatdırıb. O bildirib ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır və Trans-Adriatik Qaz Kəməri layihəsinin bu ilin iyun ayında seçilməsi növbəti dəfə tərəfdaşlıq münasibətlərinin qurulmasının bariz nümunəsidir. Səfir V.Sadıqov cari ilin avqust ayında İtaliyanın baş naziri Enriko Lettanın Azərbaycana rəsmi səfərini xatırlayaraq iki ölkə arasında olan münasibətlərin yüksək səviyyədə olması barədə bəyanatın qəbul edildiyini vurğulayıb. Səfir V.Sadıqov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regionun hərtərəfli inkişafına mənfi təsirini qeyd edib.
Daha sonra Gürcüstanın İtaliyadakı səfiri Karlo Sixarulidze, Türkiyənin İtaliyadakı səfiri Hakkı Akil, Yunanıstanın İtaliyadakı səfiri Temistoklis Demiris, Albaniyanın İtaliyadakı səfiri Neritan Çeka, Trans-Adriatik qaz kəməri layihəsinin İtaliya üzrə nümayəndəliyinin rəhbəri Campaolo Russo və ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsinin ofisinin baş məsləhətçisi Daniel Stayn çıxış ediblər.Natiqlər ölkələrarası enerji əməkdaşlığının inkişaf tarixi, enerji qaynaqlarının diversifikasiyası, yeni alternativ mənbələrin dünyanın enerji xəritəsinə təsiri, Avrasiyada enerji əməkdaşlığının yeni imkanları, Cənubi Qaz Dəhlizinin tərkib hissəsi və Trans-Anadolu Qaz Kəmərinin davamı olan Trans-Adriatik Qaz Kəməri layihəsinin vacibliyi və gələcək perspektivləri, Avropa İttifaqının timsalında yeni bazarların müəyyənləşdirilməsi, uzunmüddətli əlaqələrin təşviqi məsələləri haqqında öz fikirlərini auditoriyanın diqqətinə çatdırıblar.
Tədbir zamanı auditoriyanın çoxsaylı sualları cavablandırılıb və mövzu ilə əlaqədar geniş müzakirələr aparılıb. Tədbirdə İtaliyanın akademik, dövlət və işgüzar dairələrin, mətbuat orqanlarının və Romadakı diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Mənbə: Milli.Az

 

28 sentyabr 2013
GO BACK