Sentyabrın 26-da Londonda ingilis dilində çap edilmiş “Bakı haqqında xatirələr” (“Memories of Baku”) kitabının təqdimat mərasimi keçirilib. Mərasim Azərbaycanın Böyük Britaniyadakı səfirliyi, Britaniya-Azərbaycan Biznes Şurası, beynəlxalq investisiya şirkəti SFERIQ və pan-Asiya təşkilatı “Asia House”-un təşkilatçılığı ilə baş tutub.
Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Londonda akkreditə olunmuş diplomatik korpusun, Böyük Britaniya və Azərbaycanın dövlət və hökumət, ictimaiyyət nümayəndələri, bu ölkədə fəaliyyət göstərən yerli və xarici təşkilatların təmsilçiləri iştirak ediblər.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, kitab haqqında iştirakçılara məlumat verib. Paytaxt şəhərin tarixindən bəhs edən səfir Bakının “küləklər şəhəri” adlandırıldığını diqqətə çatdırıb.
Qeyd edilib ki, kitabın xüsusi cəhətlərindən biri onda Azərbaycan paytaxtının mədəni həyatı və arxitektura siması haqqında keçən əsrin 20-ci illərinədək olan dövrü əhatə edən nadir arxiv fotomaterialların toplanmasıdır.
Bakıda neft sənayesi tarixinə toxunan səfir sənayenin tarixən yüksək inkişaf etdiyini Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev kimi yerli iş adamlarına məxsus neft şirkətləri ilə yanaşı, Nobel qardaşları, Rotşild, Royal Dutch Shell və digərlərinə məxsus xarici firmaların da aktiv fəaliyyət göstərdiklərini vurğulayıb.
“Asia House” təşkilatının baş direktoru Maykl Lavrens təmsil etdiyi qurumun fəaliyyətindən bəhs edib. Ölkəmiz haqqında təəssüratlarını bölüşən baş direktor, Azərbaycanın şərq ilə qərbin astanasında, strateji cəhətdən əhəmiyyətli mövqeyə malik olduğunu qeyd edib. Azərbaycanın son illərdəki sürətli inkişafına toxunan M. Lavrens, ölkəmizin dünyanın mədəni iqtisadi və siyasi mərkəzlərindən birinə çevrildiyini vurğulayıb. Britaniya-Azərbaycan Biznes Şurasının direktoru Lindsey Hovard bildirib ki, kitab Bakı həyatının ən müxtəlif tərəflərindən bəhs edir, Xəzər sahilində yerləşən bu böyük şəhərin heyrətamiz dünyasını göz önündə canlandırır. Bakı şəhərinin möhtəşəm arxitektura , musiqi və incəsənət mədəniyyətinə malik olduğunu diqqətə çatdıran L.Hovard paytaxt şəhərin tarixini yüksək səviyyədə canlandıran kitabın oxucular üçün əvəzsiz vəsait olduğunu qeyd edib. SFERİQ investisiya şirkətinin sədri Ülvi Qasımov Bakı kimi zəngin mədəniyyətə malik olan şəhər haqqında yazılan kitabın təşkilatçılığında iştirak etdiklərinə görə şad olduğunu bildirmişdir. “Bakı haqqında xatirələr” kitabının naşiri GCAM şirkətinin beynəlxalq inkişaf məsələləri üzrə vitse-prezidenti Nikolas İlin təqdimatla çıxış edərək, Bakının nadir tolerantlığı və yüksək mədəniyyəti və bu şəhərdə müxtəlif millətlərdən olan insanların yaşaması ilə fərqləndiyini bildirin. Onun sözlərinə görə, layihədə Azərbaycan və xarici ölkə mütəxəssisləri, bu şəhərin tarixinə və arxitekturasına yaxşı bələd olan insanlar, o cümlədən Bakı tarixçisi, arxitektor Fuad Axundov, professor Tadeuş Svyatoxovski və başqaları iştirak ediblər. Kitabda XIX əsrin ikinci yarısı – XX əsrin 20-ci illərinin əvvəllərini əhatə edən dövrdə Bakının mədəni həyatı və arxitektura siması haqqında nadir arxiv materialları toplanıb. N. İlin qeyd edib ki, nəşr prezidenti İlham Əliyevin təşəbbüsü ilə mayın sonunda Azərbaycanın paytaxtında keçirilmiş II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçılarına hədiyyə verilib.
Mərasimdən sonra qəbul təşkil edilib.
Mənbə: APA.az