Azərbaycanda bəzi qəbul imtahanlarının keçiriləcəyi tarixlər dəyişdirilir. Trend-in məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, gələn il əvvəlki illərin məzunları üçün ali məktəblərə qəbul imtahanlarının apreldə keçirilməsi nəzərdə tutulur: "Biz nəzərdə tutmuşuq ki, əvvəlki illərin məzunları qəbul imtahanlarını yayda deyil, apreldə versinlər. Onların balları apreldə də məlum olacaq. Təbii ki, əvvəlki illərin məzunları müsabiqədə həmin ilin məzunları ilə birgə iştirak edəcəklər. Həmin ilin məzunlarının balları məlum olduqdan sonra müsabiqə yerləri elan ediləcək və onlar müsabiqədə iştirak edəcəklər. Beləliklə, biz imtahan prosesini yayda daha cevik keçirə biləcəyik". M.Abbaszadə qeyd edib ki, aprel ayında həm də ali məktəblərə qəbul olmaq istəyənlər üçün sınaq imtahanları keçirilir. Üçüncü sınaq imtahanından sonra əvvəlki ilərin məzunları üçün qəbul imtahanları keçiriləcək. Komissiya sədrinin sözlərinə görə, hazırda rezidenturaya qəbul imtahanlarının 1-ci və 2-ci mərhələsi ardıçıl şəkildə iki gün ərzində keçirilir. Səhiyyə Nazirliyinin razılığı ilə rezidenturaya sənəd qəbulunun fevralda aparılması, qəbul imtahanlarının birinci mərhələsinin martda keçirilməsi planlaşdırılır. Rezidenturanın ikinci mərhələsinin isə yay aylarında keçirilməsi nəzərdə tutulur. M.Abbaszadə qeyd edib ki, rezidenturanın ilk mərhələsi baza fənləri üzrə keçirilir. Baza fənlərinin tədrisi isə 1, 2 və 3-cü kurslarda başa çatır.
Mənbə: Trend.az