Parisdəki məşhur “Porte de Versaille” sərgi salonunda keçirilən “Top-Rese-2013” beynəlxalq turizm sərgisi çərçivəsində sentyabrın 26-da Fransanın “Lens” və Azərbaycanın “Bakı” futbol klubları arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır. AzərTAc bildirir ki, Azərbaycanın Fransadakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Elmar Məmmədov mərasimdə çıxış edərək ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, turizm, o cümlədən idman sahəsində əməkdaşlığın inkişaf etdiyini xatırlatmış, 2015-ci ildə Azərbaycanda keçiriləcək Avropa Oyunları ilə əlaqədar Bakıda fransız müəssisələri ilə birgə seminarın təşkil edildiyini, bu istiqamətdə “Lens” və “Bakı” futbol klublarının əməkdaşlığının mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırmışdır. Müşavir ölkəmizi fransızlara yaxından tanıtmaq məqsədi ilə Heydər Əliyev Fondunun təşkilatçılığı və səfirliyimizin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi əsasında Fransanın 16 şəhərində Azərbaycan mədəniyyəti günlərinin keçirildiyini xüsusi vurğulamış, Fransanın müxtəlif regionları ilə iqtisadi və mədəni sahələrdə əməkdaşlığın davam etdiriləcəyini bildirmişdir. Azərbaycanın Parisdə keçirilən beynəlxalq sərgidə dördüncü dəfə iştirak etdiyini vurğulayan Elmar Məmmədov ölkəmizdə “Aleksandr Düma (ata) yolu”, Fransa kimi Azərbaycanın da qədim şərabçılıq tarixi ilə zənginliyini nəzərə alaraq “Şərab yolu” adlı mədəni tədbirlərin həyata keçirildiyini, noyabr ayında Gəncə şəhərində ikinci beynəlxalq şərab festivalının təşkil olunduğunu və Fransanın fəxri qonaq qismində bu mühüm tədbirə dəvət olunduğunu bəyan etmişdir. Turizm sektorunda ölkələr arasındakı əlaqələrə toxunan müşavir dünyanın 12 iqlim qurşağından 9-nun Azərbaycanda olmasının turizmin inkişafı üçün əlverişli şərait yaratdığını, turizmlə idmanın birgə ittifaq təşkil etdiyini bildirmişdir. İdman sahəsində iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinin Fransanın Azərbaycanda, Azərbaycanın isə Fransada tanıdılması sahəsində mühüm əhəmiyyət daşıyacağına əminliyini vurğulamışdır. “Bakı” futbol klubunun icraçı direktoru Yaşar Seyidov demişdir ki, Parisdəki sərgi salonunda “Bakı” və “Lens” futbol klubları arasında əməkdaşlığa dair müqavilənin Azərbaycan Prezidentinin futbolun inkişafı ilə əlaqədar imzaladığı proqrama uyğun olaraq həyata keçirildiyini, dövlətimizin idmana xüsusi diqqət və qayğı göstərdiyini, regionlarda onlarla olimpiya idman komplekslərinin istifadəyə verildiyini xatırlatmışdır. İcraçı direktor müqavilənin Fransa ilə Azərbaycan arasında siyasi, mədəni və idman sahəsində əməkdaşlığın inkişafına xidmət edəcəyinə, bu əməkdaşlıq sayəsində Azərbaycanın gənc və perspektivli futbolçularının “Lens” futbol klubunun akademiyasında peşəkarlıqlarını daha da artırmalarına şərait yaradacağına, dünyanın aparıcı futbol ölkələrindən biri olan Fransa futbolunun gələcəkdə Azərbaycanda idmanın inkişaf etdirilməsinə müsbət təsir göstərəcəyinə əminliyini bildirmişdir. “Lens” futbol klubunun prezidenti Jerve Martel hər iki klub arasında əməkdaşlığın yaradılması ilə əlaqədar ölkəmizə səfər etdiyini, Azərbaycan xalqının qonaqpərvərliyinin və istiqanlılığının onda böyük təəssürat yaratdığını xatırlatmış, 20-dən artıq azərbaycanlı gəncin artıq Gaillette mərkəzi və onun infrastrukturları ilə yaxından tanış olduğunu, UEFA prezidenti Mişel Platininin Azərbaycana səfər etdiyini bildirmiş, rəhbərlik etdiyi klub haqqında qonaqlara ətraflı məlumat vermiş, Azərbaycanda idmana xüsusi diqqət göstərildiyini bildirmişdir. Qarşılıqlı əməkdaşlığın hər iki klubun fəaliyyətində mühüm əhəmiyyət daşıyacağına əminlik ifadə olunmuşdur. Sonra J.Martel və Y.Seyidov əməkdaşlıq barədə müqaviləni imzalamış, yerli və azərbaycanlı jurnalistlərin suallarını cavablandırmış, xatirə şəkli çəkdirmişlər. Mərasimdə Bakının tarixi və mədəni abidələrini, ölkəmizin təbiətini, Parisin və Lens şəhərinin görməli yerlərini, eləcə də hər iki klub komandalarının oyunlarını əks etdirən videoçarx nümayiş etdirilmişdir. “Lens” futbol komandasının oyunçuları sərgidə nümayiş etdirilən Azərbaycan guşəsi ilə tanış olmuşlar.
Mənbə: Milli.az