Twitter şirkəti Dublində yerləşən Avropa mənzil-qərargahının işçi heyətinin sayını iki dəfə artıracaq. Twitter nümayəndələrinin məlumatına görə, şirkət Avropa mənzil-qərargahında 100 yeni iş yeri yaradaraq maliyyə və marketinq fəaliyyətinin möhkəmləndirilməsi üzrə fəaliyyət göstərəcək.
Milli.Az ICTnews-a istinadən bildirir ki, biz 2 il ərzində Dublin nümayəndəliyində bir nəfər işçisi olan kiçik nümayəndəlikdən yüzlərlə işçi heyətinə malik ofisə çevrilmişik. Bu gün şirkətin bütün işçi heyəti 10 əsas istiqamət üzrə çalışır. Artıq bu gün biz 30-a yaxın əməkdaş, o cümlədən hüquqşünas, kadrlar, satış, marketinq üzrə mütəxəssislər, eləcə də bir necə mühəndis ixtisaslı şəxslər axtarışındayıq, - Twitter Ireland şirkətinin idarəedici direktoru Stiven Makintayr bildirib.
Xatırladaq ki, ötən həftə şirkət bəyan edib ki, 2011-ci ildə Londona gələn və şirkətin Avropadakı fəaliyyətinin genişlənməsinin ilk mərhələsinə rəhbərlik edən Toni Vonq Twitterin San-Fransiskoda yerləşən əsas mənzil-qərargahına qayıdacaq, Twitterə ötən il keçən Google şirkətinin keçmiş meneceri Bryus Deysli onun Londondakı vəzifəsini icra edəcək.
İrlandiyanın paytaxtı Dublin şəhəri son vaxtlar ABŞ-ın bir sıra İT şirkətləri üçün dayanacaq nöqtəsinə çevrilib.
Mənbə: Milli.Az