Payız fəslini bəzən şairlərin ilham pərisi də adlandırırlar. Dünya ədəbiyyatında elə bir şair tapmaq çətindir ki, onun yaradıcılığından kövrək bir payız havası keçməsin. Məsələn, Puşkin üçün payız təbiətin ən cazibəli, ən dəbdəbəli və şux bir afəti idi. Amma bəzi insanlar da var ki, payızın soyuğundan, yağışından, küləklərin qanadlarında uçuşan solğun yarpaqlardan şikayətlənirlər. Bu mənada küçələrimizin təmizliyi ilə məşğul olan süpürgəçiləri xüsusi qeyd etmək olar.
“Heç payız fəslinin gəlməsini istəmirəm. Çünki bu fəsildə bizim işimiz o qədər ağırlaşır ki, hətta sakinlərlə də üz-göz oluruq”. Bu sözləri bizimlə söhbətində Mingəçevir Mənzil İstismar İdarəsinin işçisi Kəmalə Məhərrəmova dedi: “Xəzəl çox olduğundan bəzən çatdıra bilmirik. Həyətlərin qarşısına süpürüb yığdığımız yarpaqların daşınmaması bizi sakinlərlə üz-üzə qoyur. Hər kəs təmizliyi xoşlayır, hər tərəf təmiz olanda adamda xoş təəssürat yaranır”.
Təmizliyin ərsəyə gəlməsinə səbəb olan bu sadə peşə adamlarının ağır zəhməti haqda düşünənlər günümüzdə o qədər də çox deyil. Həmsöhbətimiz deyir ki, aldığı 94 manat məvacib ailəsinin ehtiyaclarını ödəmir: “Ona görə də hər səhər işdən əvvəl bir ət dükanında təmizlik işləri də görürəm. Həyat yoldaşım fəhlədir. İş olandan olana gedib 10-15 manata çalışır”.
Müsahibim övladlarının gələcək taleyi ilə bağlı da narahatdır: “Bu minvalla övladlarımız da bizim kimi fəhlə olacaq. İmkanımız yoxdur ki, müəllim tutub onları ali məktəbə hazırlaşdıraq. Böyük oğlum 11-ci sinifdə oxuyur. Onun gələcəyi məni bir valideyn kimi çox narahat edir. İşdəki problemlər, işin ağırlığı, məvacibin azlığı da ailəmizə əlavə yükdür. Hər səhər evdən çıxanda qayğılardan bir az uzaqlaşıram. Amma evə gələndə sanki onlar da mənimlə birgə evə dönür”.
1997-ci ildə ailə həyatı qurduğunu vurğulayan həmsöhbətimiz 2 övlad anasıdır. Dediyinə görə, övladlarını çox çətin şəraitdə böyütməyə məcburdur: “Yaşamaq üçün evimiz olmadığından bizə yataqxanada kiçik sığınacaq veriblər. Sovetlər dövründə bizim kimi işçilərə mənzil verilirdi. 1991-ci ildən artıq bu da yoxdur. Bizim ev almağımız yəqin ki, heç bundan sonra da mümkün olmayacaq”.
Kəmalə xanım kimi mənzil istismar sahəsində 300-ə yaxın işçi çalışır. Əksəriyyəti qadın olan bu süpürgəçilər küçələri günün müxtəlif saatlarında təmizləyirlər. Yəni bu insanların sayəsində insanlar təmiz küçə və meydanlarda hərəkət edirlər. Bu işçilərin bəziləri işin çətinliyindən yox, insanların onların zəhmətinə dəyər verməməsindən, küçələri yerli-yersiz çirkləndirmələrindən gileylənirlər.
Sonda onu da qeyd edək ki, Kəmalə xanım kimi küçələrin təmizliyi üçün gündüzünü gecəsinə qataraq çalışan insanlar öz zəhmətləri ilə həm də bir növ hamımızı təmizliyə riayət etməyə çağırırlar.
Mənbə: Milli.az