Azərbaycanda ipotekanın inkişafı üzrə yeni strategiyaya hökumətdə və müvafiq qurumlarda baxılır və müzakirə olunur. APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Alim Quliyevbildirib. Onun sözlərinə görə, strategiyada ipoteka kreditləşməsinin sadələşdirilməsi, regionlarda ipotekaya çıxış imkanlarının genişləndirilməsi, bürokratiyanın aradan qaldırılması kimi məsələlər yerini tapıb. A.Quliyev deyib ki, strategiya qəbul ediləndən sonra onun bazasında yaxın gələcəyi əhatə edən ipotekanın inkişafına dair dövlət proqramı qəbul olunacaq.
Kimlər ipoteka alıb?
Ə.Məsimli indiyədək, yəni son 7 il ərzində 3 min nəfərin güzəştli, 10 min nəfərə yaxın adamın isə adi ipotekadan yararlanaraq mənzil sahibi olduğunu deyir: “İpoteka kreditləri 2006-cı ildəki 27 milyon manatdan 2013-cü ildə nəzərdə tutulan, bütün kanallar üzrə vəsait tam raellaşarsa 200 milyon manata çatıb və ya 7,5 dəfə artıb. İndiyədək 500 milyon manata qədər ipoteka krediti verilib. Bunun 178 milyon manatı büdcə vəsaitidir”.
Qeyd edək ki, sosial ipoteka kreditləri üçün dövlətin bu il ayırdığı vəsait ötən ilkindən 2 dəfə çox – 40 milyon manat nəzərdə tutulub. İndiyədək ipoteka kreditlərindən yararlananların 27 faizi 36 yaşdan yuxarı, 36 faizi 30-35 yaş arası, 37 faizi 18-29 yaş arasında olanlardır.
İrəliləyiş əldə etmək istəyiriksə...
İqtisadçı Samir Əliyevin fikrincə isə, əgər ipoteka krediti sahəsində irəliləyiş əldə etmək istəyiriksə, ipoteka kreditlərinin məbləği bazar qiymətlərinə adekvat olunmalı, ipoteka kreditinin faiz dərəcələri azaldılmalı və İpoteka Fondunun portfeli genişləndirilməlidir: “Azərbaycanda ipoteka bazarının həcmi çox kiçikdir. İpoteka Fondunun büdcəsi Ukrayna, Rusiya standartına yaxınlaşdırılsa, bizdə ipoteka krediti bazarının həcmi indikindən 10 dəfə çox, təxminən 6-7 milyard manat olmalıdır. İpoteka bazarını inkişaf etdirmək istəyiriksə, mənbələr artırılmalıdır”.
S.Əliyev deyir ki, dövlət büdcəsindən İpoteka Fonduna ayrılan vəsaitin həcmi indikindən ən azı 4-5 dəfə çox olmalıdır: “Bizim büdcəmizin bunun üçün kifayət qədər imkanları da var. Heç olmasa, 200-300 milyon manat ayrılsa, evsizlik probleminin həlli üçün böyük bir addım olar”.
İpoteka kreditləri üzrə güzəştlərdən şəhid ailəsinin üzvləri, Milli Qəhrəmanlar özləri, yaxud ailə üzvləri, məcburi köçkünlər və ya onlara bərabər tutulan şəxslər, üç ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyənlər, elmlər namizədi və ya doktorluq elmi dərəcəsi olanlar, idman sahəsində xüsusi xidmətləri olanlar istifadə edə bilərlər. Ancaq güzəştli ipoteka krediti almaq istəyən elmi dərəcəyə malik olanların yaşı 35-i ötməməlidir.
Qeyd edək ki, sözügedən qaydalara əlavə və dəyişikliklərin edilməsi məqsədilə AMEA tərəfindən hazırlanan yeni təkliflərdə bu şərtlər yüngülləşdirilib.
Təkliflərdə fəlsəfə və elmlər doktoru elmi dərəcələri, yaşı 40-dək olan, ailəli alimlərlə yanaşı, subay gənc alimlərin də güzəştli ipoteka şərtlərindən yararlanması məsələləri öz əksini tapıb. Gələn ilin əvvəlində yeni təkliflərin əlavə olunduğu sənədin qəbul ediləcəyi gözlənilir. Bu təkliflər təsdiqləndikdən sonra mənzilə ehtiyacı olan 36-42 yaşlı alimlər də ipoteka krediti ilə özlərinə ev ala bilərlər.
Onu da deyək ki, gənclərin mənzil problemini həll etmək məqsədilə gənclər üçün mənzil kooperativlərinin yaradılması layihəsi də hazırlanır. Layihəyə əsasən, çoxmənzilli binalar dövlət hesabına tikilərək gənclərə ilkin ödənişsiz, faiz dərəcəsi olmadan, bir növ kirayə verilir. Lakin müəyyən müddət keçdikdən sonra həmin mənzillər şəxsin mülkiyyətinə keçir. Layihənin məqsədi aşağı və orta gəlirli vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasından ibarətdir.
Mənbə: Milli.Az