Qadin.NET / Hər ətri bədənə vurmaq olmaz

Hər ətri bədənə vurmaq olmaz

 

 

Gündəlik istifadə etdiyimiz ətirlər həyatımıza qədim zamanlardan daxil olub. Belə ki, ilk ətirlər misirlilər sonradan isə farslar, yunanlar və romalılar tərəfindən hazırlanmışdır. İlkin ətirlər meyvələrdən, və onların aromatlarından alınırdı. Müasir dövrdə isə ətirlər növlərinə və çeşidliliyinə görə bir-birindən fərqlənir; elə qiymətinə görə də. Maraqlıdır, görəsən, ətirlərin qiyməti keyfiyyəti ilə üst-üstə düşürmü? Paytaxtda tanınmış ətir mağazalarından birində satış meneceri işləyən Vüsalə Məmmədova ətirlərdə keyfiyyətin önəmli məsələ olduğunu bildirdi. Onun bildirdiyinə görə, keyfiyyətli ətir həm də uzun müddət qalan ətirlər hesab olunur.

 

V.Məmmədovanın sözlərinə görə, hazırda ətir bazarında, sözün əsl mənasında “at oynadan” brendlərin məhsulları geniş alıcı kütləsinə malikdir: “Ətirləri seçərkən zövq əsas rol oynayan amildir. Bəzi adamlar brend məhsulları almağa üstünlük verirlər. Bəziləri isə ətri qoxusuna görə seçirlər”.
V.Məmmədova deyir ki, hər ətri bədənə vurmaq doğru deyil: “Ətir bədəndən 30 santimetr uzaqlıqdan vurulmalıdır. Amma bəzi bədən ətirləri də mövcuddur. Bu ətirlərin hazırlanma texnologiyası digər ətirlərdən fərqlənir. Yağlı olan ətirlər bədənə barmaq vasitəsilə vurulur”.
Ətirlərin qiyməti
Ətirlərin qiyməti də özləri kimi müxtəlifdir. Belə ki, hazırda satışda 2-3 manatdan tutmuş 2000 manatadək ətirlər var. Təbii ki, bahalı ətrlər keyfiyyəti ilə də diqqət çəkir. Müsahibimiz deyir ki, bəzi insanlar ucuz ətir gördükdə alırlar, amma bu, sonradan bədəndə müəyyən problemlərə gətirib çıxarır. Hətta ucuz ətir səbəbindən allergiya olanlar, bədəninə ləkə düşənlər də az deyil: “Yaddan çıxarmamaq lazımdır ki, ətirlərin heç də hamısı orijinal deyil. Bir qisim ətir fabrikləri qaydalara əməl etmədən istehsal etdikləri məhsulları bazara ucuz qiymətə çıxarırlar”.
Açıq səma altında satılan ətirlər
Ətirlər üçün xüsusi saxlanma şəraiti olmalıdırmı? Müəyyən müddət keçdikdən sonra ətirləri istifadə etmək hər hansı fəsadlara gətirib çıxara bilərmi? Müsahibimiz dedi ki, ətirlər üçün xüsusi saxlanma qaydaları tələb edilmir. Sadəcə olaraq onları günəş şüalarından qorumaq kifayətdir. Bu məqamda bir məsələni də qeyd etməyimiz yerinə düşər. Belə ki, hazırda bazarlarda, həmçinin müəyyən küçələrdə ətirlər açıq səma altında satılır. Yəni gigiyenik baxımından bu ətirlər ikiqat təhlükəli hesab olunur.
Ətir istehsalı da inkişaf edir
Sonda qeyd edək ki, ətir istehsalı qədim zamanlardan indiyə qədər geniş inkişaf yolu keçib və hazırda da bu proses davam edir. İndi dünyada ən yaxşı ətir istehsal edən ölkələr sırasında Fransa və İtaliyanın adı öndə gedir. Dünyada ətir bazarının bir qismini bu ölkələrin istehsalı olan məhsullar tutur.
Mənbə: Milli.az
26 sentyabr 2013
GO BACK