Ermənistan beynəlxalq hüquq çərçivəsində hərəkət etməli və ona görə də öz qoşunlarını Dağlıq Qarabağ regionundan geri çəkməlidir. Trend-in məlumatına görə, bunu Avropa Parlamentinin Estoniyadan olan üzvü Kristina Oyuland Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Avropa Azərbaycan Cəmiyyətinin (AAC) sorğusuna cavabında bəyan edib. K.Oyuland qeyd edib: "Mən və bir çox həmkarlarım Avropa Parlamentində beynəlxalq hüquqa, xüsusilə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi 822, 853, 874 və 844 saylı qətnamələrinə hörmət olunmasının gərəkliyinin dəfələrlə vurğulamışıq. Ermənistan beynəlxalq hüquq çərçivəsində hərəkət etməli və ona görə də öz qoşunlarını Dağlıq Qarabağ regionundan geri çəkməlidir". O vurğulayıb ki, təəssüf doğuran odur ki, 20 ildən artıq davam edən münaqişə nəticəsində 2013-cü ildə Cənubi Qafqazda bir milyona yaxın insan hələ də qaçqın vəziyyətindədir və öz evlərinə qayıda bilmir:
"Məndə belə bir təəssürat yaranıb ki, Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq ictimaiyyət tərəfindən yetərincə diqqət ayrılmır. Ötən il Avropa İttifaqı (Aİ) Nobel Sülh Mükafatına layiq görüldü və buna görə də "Avropa Qonşuluq Siyasəti" çərçivəsində sülhə töhfə vermək onun mənəvi borcudur. "Avropa Qonşuluq Siyasəti"ni həyata keçirmək və beynəlxalq hüquq çərçivəsində sülh prosesini sürətləndirmək üçün əlverişli şərait yaranıb". K.Oyulandın sözlərinə görə, ötən illər ərzində Azərbaycan Avropa ilə münasibətlərdə şəffaflıq nümayış etdirib: "Hər kəs başa düşməlidir ki, Cənubi Qafqazın geosiyasi mühiti çox mürəkkəbdir. Bu yalnız geosiyasi və strateji baxımdan deyil, həmçinin enerji təhlükəsizliyi və kəmərlərin şaxələnməsi baxımından da belədir. Sözsüz ki, Azərbaycanın etibarlı enerji təchizatçısı kimi əhəmiyyəti aşağı dəyərləndirilməməlidir". K.Oyuland qeyd edib: "Azərbaycan inanılmaz iqtisadi yüksəlişə nail olmuş bir ölkədir. İqtisadi inkişafla bərabər vətəndaş cəmiyyəti demokratik dəyərlərin dəstəklənməsi üçün daha çox resursa malik olur. Bəllidir ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində nəaliyyət əldə edə bilməyib. Avropa İttifaqı 27 ölkəni təmsil edən Minsk qrupunun legitimliyini artırmaq iqtidarındadır. Eyni zamanda, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin fəaliyyəti Avropanın regiona marağının və Cənubi Qafqazın geostrateji baxımdan çox mühüm əhəmiyyət kəsb edən regionun fərqində olmasının göstəricisidir. Heç şübhəsiz ki, Aİ regiona xüsusi diqqət ayırmağa davam edəcəkdir". K.Oyulandın sözlərinə görə, hazırda enerji təhlükəsizliyi Avropa İttifaqının siyasətinin əsas prioritetlərindən biridir."Əlbəttə, Trans-Adriatik boru kəməri (TAP) üzrə anlaşma Aİ və Azərbaycanın istənilən siyasi konsensusu əldə edə biləcəklərinə bir sübutdur. Bundan başqa, 2014-cü ilin mayında Avropa Parlamentinə keçiriləcək seçkilərdə enerji təhlükəsizliyinin və kəmərlərin şaxələndirilməsinin vacibliyi məsələsi siyasi debatlarda həlledici rol oynayacaq. Əminəm ki, TAP layihəsi vasitəsilə həm Azərbaycan, həm də Avropa öz maraqlarını uzlaşdıra biləcək və bu müştərək fikrin formalaşdırılmasına töhfə verəcəkdir".
Mənbə: Milli.Az