Qadin.NET / Şəhərlə birgə oyanır Bakı bulvarı...

Şəhərlə birgə oyanır Bakı bulvarı...

 

 

Səma ilə Xəzərin birləşdiyi üfüqdə Günəş görünməyə, hava işıqlanmağa başlayanda Dənizkənarı Milli Parkda ilk ayaq səsləri eşidilir. Uşaq arabacığının ardınca asta-asta yeriyən nənə nəvəsinin xoş səhər havasında mışıl-mışıl yatdığını seyr edib məmnunluqla gülümsəyir. Sübh tezdən, nə qədər ki parka gələnlərin sayı hələ çox deyil, sahil boyu qaçmaq istəyənlər də öz arzularını yerinə yetirirlər. Gərgin iş günündən əvvəl bir-iki saat burada dincəlmək, dənizə tamaşa etmək istəyənlər də az olmur. Adətən, sadəcə "bulvar" adlandırdığımız Dənizkənarı Milli Parka gündüzün istili, bürkülü çağlarında gələnlər, təbii ki, sərinlik axtaranlardır. Axşam düşəndə isə şəhərin hər tərəfindən buraya insanlar axışır. Əyləncə yerlərində yelləncəkdən- yelləncəyə can atan, ata-anası ilə birlikdə qayıqda üzən uşaqların sevinci aşıb-daşır. Dənizkənarı Milli Park həm də köhnə dostların, tanışların görüş yeridir. Onların kövrək xatirələri ləpələrin səsinə, fəvvarələrin şırıltısına, yarpaqların pıçıltısına qarışır. Gecədən xeyli keçənədək parkdan izdiham çəkilmir. Odur ki, "bulvar sutka boyu boş olmur" deyənlərin sözündə bir həqiqət var. Axı o, olsa-olsa, yalnız gecədən xeyli keçəndən səhərin alaqaranlığına qədər Xəzərlə və şirin yuxuya getmiş şəhərlə təkbətək qalır... Elə bil cəmi bir neçə saatlığa uyuyur ki, sabah yenidən qoynunu Bakının sakinləri və qonaqları üçün açsın.

Mənbə: Milli.Az

25 sentyabr 2013
GO BACK