Qadin.NET / 2014-cü il KTM-in sınaq ili olacaq

2014-cü il KTM-in sınaq ili olacaq

 

Moskvanın nəzarətində olan və postsovet məkanında fəaliyyət göstərən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Soçi sammiti bu gün işinə başlayıb. 
Publika.Az-ın “Nezavizimaya gazeta”ya istinadən verdiyi məlumata görə, təşkilata üzv ölkələrin dövlət başçılarının sammiti dekabr ayında keçirilməsi nəzərdə tutulsa da geosiyasi vəziyyət vaxtın dəyişdiyilməsini zəruri edib.
Qəzet hesab edir ki, Rusiya cənubdan, xüsusən Əfqanıstandan artan təhlükələr qarşısında təşkilat üzvlərini birləşdirməyə ümid edir. “Nezavizimaya gazeta”nın mənbəyi qeyd edib ki, Əfqanıstanın gələcəyinə Şimali Atlantika İttifaqının optimizmlə yanaşmasına baxmayaraq, Rusiya və onun müttəfiqləri ən pis ssenariyə hazırlaşır. Sammitdə dövlət başçıları ilə yanaşı xarici işlər və müdafiə nazirləri də iştirak edir. Rusiya prezidenti Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu Belorus, Qazaxıstan, Ermənistan, Qırğızıstan və Tacikistandan olan həmkarları ilə KTM-in sülhyaratma əməliyyatlarında iştirakını və təşkilat qüvvələrinin inkişaf etdirilməsi yollarını müzakirə edəcəklər. Müzakirələrdə tacik-əfqan sərhədinin möhkəmləndirilməsi məsələsinin də diqqətdə olacağı vurğulanır. Məlum olduğu kimi, Rusiya Tacikistan ordusunun yenidən silahlanmasına 200 milyon dollar ayırmağa söz verib. “Nezavisimaya gazetaya” görə, Tacikistan tərəfi atıcı silahlarla daha çox maraqlanır. Lakin ekspertlər istisna etmirlər ki, silahlandırılma ilə iş yekunlaşmayacaq və Tacikistan-Əfqanıstan sərhədinə Rusiya sərhədçiləri qayıdacaq. Rusiya sərhədçiləri 2005-ci ilə qədər təxminən 1400 kilometr sərhədi müdafiə edirdilər. Sonradan isə tacik sərhədçiləri bu işi bütünlüklə üzərinə götürüblər.
KTM-nin Soçi sammitində Suriya böhranı da əsas müzakirə mövzusu olacaq. S.Lavrov dünən Rusiya dövlət kanalına müsahibəsində bildirib ki, Rusiya öz hərbi qulluqçularını Kimyəvi Silahlarının Qadağası Təşkilatının ekspertlərinin təhlükəsizliyini təmin etmək üçün  ayırmağa hazırdır.  Gözlənilir ki, KTMT liderləri Suriyanın kimyəvi silah arsenalı üzərində beynəlxalq nəzarətin yaradılması ilə bağlı Moskvanın təşəbbüsünə dəstək olaraq birgə bəyanat qəbul edəcəklər.
Bu gün həmçinin KTM-də sədrlik Qırğızıstandan Rusiyaya keçəcək. Ekspertlər hesab edir ki, cənubdan artan təhlükələr hərbi blokun həyat qabiliyyəti üçün ən ciddi sınaq ola bilər.
KTM 1992-ci ildə yaradılıb. Təşkilata Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan daxildir. Keçən ilin iyun ayında isə Özbəkistan təşkilatı tərk edib. KTM rəhbərliyi mütəmadi olaraq Dağlıq Qarabağ münaqişəsində Ermənistana dəstək bəyanatları səsləndirir.
Ömər Əmirov

Mənbə: Publika.Az

23 sentyabr 2013
GO BACK