Estoniyanın Tallin şəhərində 20 və 23 yaşa qədər gənclər arasında ağır atletika üzrə Avropa çempionatı start götürüb.
Trend Azərbaycan Ağırlıqqaldırma Federasiyasına istinadən məlumat verir ki, artıq bu gün azərbaycanlı ağır atletlərdən biri - 23 yaşa qədər oğlanlar arasında mübarizə aparan Yuri Dudoqlo uğur qazanıb. O, 62 kq çəki dərəcəsində qızıl medala layiq görülüb.
Birdən qaldırma hərəkətinə Yuri 125 kq-la başlayıb. Bu çəkini uğurla ram edən atletimiz ikinci yanaşmasında 130 kq-ı da başı üzərinə qaldıra bilib. Ancaq üçüncü yanaşmasında 132 kq-a güc gələ bilməyən Dudoqlo bu hərəkətdə ikinci olub.
Təkanla qaldırma hərəkətində isə hər şey qaydasında gedib. Yuri ilk cəhdində qaldırdığı 155 kq-la qızıl medala doğru böyük addım atıb. İkinci yanaşmasında 156 kq-ı da ram edən atletimiz üçüncü cəhddə 159 kq-ı qaldıra bilməsə də birinci ola bilib.
Beləliklə, cəmi 286 kq (130 kq + 156 kq) nəticə göstərən gənc ağırlıqqaldıranımız Avropa çempionu adını qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxa bilib.
Mənbə: Milli.Az