Qadin.NET / Prezidenti qadınlar seçəcək

Prezidenti qadınlar seçəcək

 

 

 

 

 

Oktyabrın 9-da keçiriləcək prezident seçkilərində qadın seçiciləri fəal olmağa çağıran “Qadınlar və seçkilər” koalisiyası bu dəfə şamaxılı qadınlarla görüşdü. Şamaxı Mədəniyyət Evində 250 nəfər qadının iştirakı ilə keçirilən görüşü açan koalisiyanın rəhbəri, Qadın Konsensus Mərkəzinin sədri Aynur Camalqızının sözlərinə görə, Şamaxı Azərbaycan tarixində mütərəqqi rol oynayan mütəfəkkirlərin - İmadəddin Nəsimi, Əfzələddin Xəqani, M.Ə. Sabirin yurdudur: “Bu torpaq muğamı bütün dünyaya sevdirən Alim Qasımovun Vətənidir. Bu mütəfəkkirləri Şamaxı anaları dünyaya gətirib. Düşünürəm ki, belə qadınlar yalnış qərar verməzlər və ölkənin rəhbərinin seçilməsi kimi mühüm bir məqamda düzgün seçim edəcəklər”.
“İstənilən cəmiyyəti qadınsız inkişafa aparmaq mümkün deyil. Bu məqama həmişə önəm verən ümummilli lider Heydər Əliyev qadın siyasətinə xüsusi diqqət ayırıb. Onun hakimiyyəti dövründə qadınların yüksək vəzifələrə irəli çəkilməsi əsas götürülüb. Çünki dahi Heydər Əliyev yaxşı anlayırdı ki, idarəetmədə qadınların iştirakı vacibdir. 1993-cü ildən bəri qadınlar icra strukturlarında yüksək vəzifələrə təyin olunublar”. Bu siyasətin nəticəsi olaraq seçkili orqanlarda da qadınların sayının sürətlə artdığını qeyd edən Aynur Camalqızı dedi ki, hazırda azərbaycanlı qadınlar öz ölkələrini BMT-nin, Avropanın mötəbər qurumlarının tribunasında təmsil edirlər: “Bu məsələdə Azərbaycan qadınları üçün Mehriban Əliyevanın timsalında gözəl bir örnək var.” Aynur Camalqızı bir daha şamaxılı qadınları seçkinin favoriti olan namizədə səs verməyə çağırdı.
Görüşdə iştirak edən Opera və Balet Teatrının solisti, Respublikanın Əməkdar Artisti Gülüstan Əliyeva dedi ki, son 10 ildə Azərbaycan xeyli dəyişib və inkişaf edib. Onun sözlərinə görə, şərait elə gətirib ki, Azərbaycan qadınları daha çox mədəniyyət, təhsil və səhiyyə sahələrində üstün mövqeyə malikdirlər. “Çox yaxın keçmişdə elə bir vəziyyətdə yaşayırdıq ki, bizə ironiya ilə yanaşırdılar, xalq musiqisinə dəyər verilmirdi. Amma Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın səyləri sayəsində indi muğam yüksəkliyə qaldırılıb, o, göylərdədir”. Müğənninin fikrincə, Azərbaycanda qadınların öz imkanlarını reallaşdırmaları üçün hər bir şərait yaradılıb.
Koalisiyanın eksperti Fainə Hənifəyeva rəsmi statistikaya barədə danışdı və bildirdi ki, ölkədə ümumi seçicilərin 49%-i qadınlardı, halbuki 2008-ci il prezident seçkilərində qadınlar seçicilərin 52 %-ni təşkil edirdilər: “Yəqin ki, balansın bu cür dəyişməsi 18 yaşı tamam olub seçkiyə yeni qatılanların hesabına olub”- deyən ekspert qeyd etdi ki, azərbaycanlı qadınlar seçkilərin təşkili işində və səsvermə prosesində də fəal rol oynayırlar. “Qadın müdrikliyi burada da özünü göstərir. Ona görə də son illər Azərbaycanda keçirilən bütün seçkilər Azərbaycan xalqının iradəsini ifadə edib. Şübhəsiz ki, bu dəfə də elə olacaq. Və ən maraqlısı odur ki, Prezidenti yenə də seçicilərin yarısını təşkil edən qadınlar seçəcək”.
Şamaxıdakı görüşdə Azərbaycan Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi Səfər Alışarlı da iştirak edirdi. Şuranın fəaliyyəti barədə danışan Səfər Alışarlı bildirdi ki, şura 3 mindən artıq təşkilatı dəstəkləyir və bu siyasət çərçivəsində qadın təşkilatları ilə işə xüsusi diqqət yetirilir. Təsadüfi deyil ki, QHT-lərə Dəstək Şurasının bu il maliyyələşdirdiyi 5 koalisiyadan biri məhz qadınlarla xüsusi iş aparan “Qadınlar və seçkilər” koalisiyası olub.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dəstək Şurasının maliyyə yardımı ilə yaradılan koalisiyaya 5 qadın təşkilatı daxildir. “Prezident seçkilərində qadın seçicilərin seçki aktivliyinin artırılması” layihəsi çərçivəsində Bakının 2 rayonu daxil olmaqla, ümumilikdə 12 rayonda yerli qadın seçicilərin iştirakı ilə konfransların keçirilməsi nəzərdə tutulub.

 

 

 

Mənbə: Publika.az

23 sentyabr 2013
GO BACK