Bəbirlərin, onların rəqib növlərinin və qida obyektlərinin populyasiyalarının mühafizə olunan ərazilərdə artıq daimi surətdə inkişaf edib.
Bu barədə Publika.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bu nəticə ETSN-nin Ümumdünya Təbiəti Mühafizə Fondu ilə birlikdə yay aylarında Hirkan və Həsən Əliyev adına Zəngəzur Milli Parkları ərazisində keçirdikləri monitorinqlər zamanı müəyyən edilib.
Belə ki, Hirkan Milli Parkı ərazisində monitorinqin keçirildiyi bu müddət ərzində də bir yetkin erkək bəbirin daim foto kameraların hədəfində olması müşahidə edilmiş, onun əsas qidasını təşkil edən çöl donuzları, cüyür, tirəndaz və s. növlərin dinamik populyasiya quruluşlarına aid yeni materiallar toplanıb. Həsən Əliyev adına Zəngəzur Milli Parkı ərazisində də yay aylarında iki yetkin dişi bəbir qeydə alınmış, bu ərazidə bəbirlərin qida mənbəyi sayılan bezoar keçiləri və muflonların yerli populyasiyalarının dinamik inkişafı barədə qiymətli fotoqrafik məlumatlar əldə olunub.
Mütəxəssislərin rəyinə görə, mütəmadi olaraq aparılan monitoronqlərin nəticələri Azərbaycan təbiətinin nadir heyvan növlərinin öz areallarına qayıtması prosesinin heç də təsadüfi xarakter daşımadığını deməyə əsas verir.
Bu, ölkədə son 10 ildə ardıcıl olaraq sayının artırıldığı Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərində mühafizə tədbirlərinin kompleks şəkildə gücləndirilməsinin bilavasitə nəticəsi, eyni zamanda son illər Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərində biomüxtəlifliyin qorunması sahəsində görülən işlərə və ekoloji maarifləndirmə tədbirlərinə real nümunə hesab olunur.
Mənbə: Publika.Az