Qadin.NET / “Namizəd sırasına qadın əlavə edilməlidir ki, ATƏT-in xoşuna gəlsin?”

“Namizəd sırasına qadın əlavə edilməlidir ki, ATƏT-in xoşuna gəlsin?”

 

 

 

 

 

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) Seçki Müşahidə Missiyasının bu günlərdə yaydığı 1 nömrəli Aralıq Hesabatında Azərbaycanla bağlı bəzi məqamlara toxunulub. Hesabatda Azərbaycanda keçiriləcək prezident seçkilərində qadın namizədin olmamasına toxunularaq, qeyd edilir ki, 2010-cu il parlament seçkilərində təşkilatın tövsiyələrinin əksəriyyəti nəzərə alınmayıb. Həmçinin seçki komissiyalarının iqtidarla müxalifət arasında paritet əsaslarla formalaşmadığı iddia olunan hesabatda televiziyalarda namizədlərə bərabər şəraitin yaradılmadığı da bildirilir.

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı Publika.Az-a müsahibəsində bu hesabata münasibət bildirib.
-Məlum hesabatda qadın namizədlərin olmadığı xüsusi qeyd edilir. Bunu necə başa düşmək olar?
-Bu nə hökumətin, nə də dövlətin siyasəti deyil. Hökumət gender bərabərliyi ilə bağlı öz siyasətini formalaşdırır. Azərbaycanda dövlət-qadın siyasəti, eləcə də qadınlarla bağlı qəbul olunmuş qanunvericilik dünyanın ən inkişaf etmiş ölkələri ilə müqayisə oluna biləcək səviyyədədir. Azərbaycanda prezident, eləcə də parlament seçkilərində namizədləri dövlət, yaxud hökumət irəli sürmür. Namizədləri ya müxtəlif təşəbbüs qrupları, ya siyasi partiyalar irəli sürür, ya da özləri müstəqil formada seçkiyə gedirlər. Bu dəfə ki prezident seçkilərində 10 namizəd var, onların 8-i partiya, biri təşəbbüs qrupu, biri də müstəqil olaraq namizədliyi irəli sürülüb. “10 namizəd kişidir, qoy bir dənə də qadın olsun” deyə müdaxilə edə bilməz. Qadınlarımız üçün hər cürə şərait yaradılıb. Hansısa qadın istənilən seçkidə iştirak etmək istəyirsə açıqdır və heç bir diskriminasiya yoxdur. Qadınlar seçkilərdə aktiv iştirak üçün hazırlaşırlar. Dediyim kimi, kimsə namizədliyini verirsə, bu hökumətin işi deyil. Hökumətin, dövlətin işi odur ki, əlverişli mühit yaratsın. Bu gün də qadınlarla bağlı mükəmməl qanunvericilik var. Milli Məclisdə lazım olan bütün qanunlar qəbul olunub. Dövlətin xüsusi strukturu olan Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsi fəaliyyət göstərir. Azərbaycan dövləti bütün beynəlxalq təşkilatların qəbul etdiyi konvensiyalara imza atıb və ratifikasiya edib. Buna uyğun xeyli təkmilləşmiş məsələlər milli qanunvericilikdə əksini tapıb.
-Sizcə , ATƏT buna rəğmən belə bir hesabat yayması nədən irəli gəlir?
-Hesab edirəm ki, qadınlarla bağlı bu formada hesabat yaymaq sadəcə gülməlidir. Mənə elə gəlir ki, bu məsələlərdə qadınlar özləri qərar verməlidir. Kiməsə namizədliyini ver deyə basqı edilməməlidir ki? Sovet dövrü deyil ki, kvota qoyulsun. 10 namizəd var, ora sağıcı, ya fəhlə olan qadın əlavə edilməlidir ki, ATƏT-in xoşuna gəlsin? Bu gün ölkənin siyasi həyatında qadınlarımız çox aktivdirlər. Parlamentdə 20 nəfər qadın təmsil olunur. 
-Seçki komissiyalarının paritet əsaslarla formalaşdırılmaması haqqında deyilənlərlə bağlı nə deyə bilərsiniz?
-Seçki komissiyaları dünən ya da bu gün formalaşmayıb. Komissiyalar 2010-cu ildə formalaşıb. Bu tam ədalətsizdir, gecikmiş münasibətdir. 3 ilə yaxın müddətdir ki, komissiya formalaşıb. Bunları 3 il öncə niyə demirdilər, indi deyirlər. 
-Necə hesab edirsiniz, namizədlər üçün bərabər şərait yaradılıb?Hesabatda bunun tam əksi göstərilir. 
-Necə ola bilər ki, namizədlər üçün bərabər şərait yaradılmır. Azərbaycanda namizədlər üçün tam bərabər mühit yaradılıb. Efir vaxtı verilib. 3 saat radio, 3 saat televiziyada olmaqla kampaniya dövrü hər bir namizəd çıxış edə biləcək. Bu ödənişsizdir. İstənilən namizəd də ödənişli əsaslarla istədiyi formada təbliğatını apara bilər. 
-Hesabatda diqqət çəkən daha bir məqamsa, ATƏT-in Azərbaycan hökumətini 2010-cu il parlament seçkilərində qurumun tövsiyələrini nəzərə almamaqda günahlandırmasıdır. Bununla bağlı nə deyə bilərsiniz?
-Hansısa beynəlxalq təşkilat, istər Avropa İttifaqı, istər BMT, istər Avropa Şurası, istər ATƏT, istərsə qeyrisi tövsiyə verə bilər, lakin mənə uyğun olmayan tövsiyələri qəbul etməyə bilərəm. əgər ATƏT-in tövsiyələri Azərbaycana, dövlətimizə, millətimizə, milli qanunvericiliyimizə, milli dəyərlərimizə uyğun deyilsə, niyə bunu tətbiq etməliyik?! İnteraktiv normalar, yaxud öhdəliklər ayrıdır. Beynəlxalq təşkilat olanda nə olar ki, onların bütün tövsiyələri bizim üçün interaktiv əmr, yaxud öhdəlik deyil ki. Məsələ cinsi azlıqların hüquqları ilə bağlı Avropa Birliyi Azərbaycanın qarşısına xeyli öhdəliklər qoyub. Lakin bu bizim xalqımıza, dinimizə, mədəniyyətimizə, baxışımıza uyğun deyil. İndi biz bunu qəbul etməliyik? Bəzi ölkələr beynəlxalq təşkilatların qətnamələrini, konvensiyalarını qəbul etmir. Misal üçün ABŞ BMT-nin bəzi konvensiyalarını ratifikasiya etməyib. Bildirib ki, bunlar hökumətin üzərində əlavə öhdəliklər yaradır. O ki qaldı tövsiyələrə, elələri var ki, bizə uyğun deyil və biz onu qəbul etmək məcburiyyətində deyilik. Digər tərəfdən ATƏT bunu araşdırmalı, hansı tövsiyələrdən bəhs etdiyini aydın sürətdə açıqlamalıdır.

 

Mənbə: Publika.az

22 sentyabr 2013
GO BACK