Qadin.NET / Özlərini burulğana salan üçlük

Özlərini burulğana salan üçlük

 

 

"Slavyan üçlüyü"nün inteqrasiya prosesi ciddi sınaqlar qarşısındadır
1991-ci ilin dekabrında 3 slavyan respublikası - Rusiya, Ukrayna və Belarus Belovej sazişi imzalayaraq SSRİ-nin sivil şəkildə parçalanmasını rəsmiləşdirdilər. Lakin Moskva, Kiyev və Minsk arasında postsovet dönəmində müşahidə olunan münasibətlər sivil ayrılığın sivil mehriban qonşuluq üçün kifayət olmadığını göstərdi. Bu 3 ölkə arasında dəfələrlə yaşanan enerji və ticarət müharibələri onların arasındakı münasibəti ciddi sınaq ilə qarşı-qarşıya qoydu.
Avropa İttifaqının Ukrayna və Belarus da daxil olmaqla, 6 postsovet ölkəsinin Avropaya inteqrasiyasını nəzərdə tutan "Şərq tərəfdaşlığı" proqramının işə düşməsi ilə isə bu 3 ölkə arasındakı qarşılıqlı münasibətləri burulğan zonasına saldı.
Moskvada hesab edirlər ki, MDB məkanında inteqrasiya proseslərinin dərinləşdirilməsini nəzərdə tutan layihələrin bazasında yalnız postsovet ölkələri arasında yeni sivil "nikah"ın rəsmiləşdirilməsi dayana bilər. Rusiya lap əvvəldən bir şeyi nümayiş etdirməyə çalışır: bu planların uğurlu şəkildə reallaşdırılması, başqaları üçün SSRİ-nin dağılması ilə bağlı razılaşmanı imzalamış bu 3 slavyan ölkəsi arasında kooperasiyaya nümunə ola bilər.
Brüsseldən daim təzyiq hiss edən Belarus Moskvanın təklifini qəbul edərək Gömrük İttifaqına qoşulub və Avrasiya İttifaqının yaradılması ideyasını dəstəkləyib.
Əsasən, qərbyönümlü xarici siyasi kurs yürüdən Ukrayna isə özünü daha inadkar aparır. Viktor Yanukoviçin Ukrayna prezidenti seçilməsi və 2010-cu ilin aprelində Xarkov razılaşmasının imzalanması ilə Moskva-Kiyev münasibətləri bir qədər qaydaya salınsa da, iki ölkənin siyasi rəhbərliyi arasında Ukraynanın Gömrük İttifaqına üzvlüyü ilə bağlı dəfələrlə aparılmış danışıqlar Kremlin gözlədiyi nəticəni verməyib. Kiyev yalnız "3+1" formatında əməkdaşlığa razılıq verir. Söhbət Ukraynanın Gömrük İttifaqında səsvermə hüququna malik müşahidəçi statusu almasından gedir. Bu ilin aprelində Kiyev, hətta müvafiq məktubla ittifaqın üzvlərinə müraciət də edib. Amma onun Aİ-nin Vilnüs sammitində qurumla Assosiasiya və azad ticarət zonası haqqında saziş (DSFTA) imzalamağa hazırlaşması, çətin ki, Moskvanı qane etsin.
Rusiya prezidenti Vladimir Putinin Kiyevin Aİ üzvlərinə yazılı müraciətindən sonra səsləndirdiyi bəyanat da bunu təsdiqləyir: "Rusiya, Belarus, Qazaxıstan və Ukrayna iqtisadiyyatlarının ayrı-ayrı sahələri dərin kooperasiya halındadır. Bundan imtina ciddi itkilərə səbəb olacaq. Rusiya hələ də onların yerini necəsə doldurmaq iqtidarındadırsa, Ukrayna üçün bu, son dərəcə çətin olacaq. Qorxuram ki, iqtisadiyyatın ayrı-ayrı sahələrində desənayeləşməyə səbəb olsun. Ukraynalı ekspertlərin özləri hesab edirlər ki, ölkənin Gömrük İttifaqına qoşulması halında Ukrayna iqtisadi gəliri ÜDM-in bir neçə faizi qədər olacaq. Bizim qiymətləndirməmizə görə, burada söhbət müsbət 9-10 milyard dollardan gedir".
Kiyev isə göstərir ki, Gömrük İttifaqına qoşulmaqla əldə edəcəyi iqtisadi qazanc onun üçün Aİ ilə yaxınlaşmadan alınacaq siyasi qazancdan önəmli deyil.
Bütün bunlardan sonra "Rospotrebnadzor" iyulun sonunda Ukraynanın "Roshen" qənnadı məmulatları şirkətinin məhsullarının Rusiyaya idxalına qadağa qoyub. Qurum bunu məhsulların "elan edilən parametrlərə cavab verməməsi" ilə əsaslandırır. Qurumdan bildiriblər ki, sözügedən şirkətin məhsullarının istehsalı zamanı "keyfiyyət və təhlükəsizlik tələbləri pozulub".
Avqustun 14-dən isə Rusiyanın Gömrük Xidməti Ukrayna idxalçılarının istisnasız olaraq hamısını "risklilər" siyahısına daxil edib və bununla da, faktiki olaraq, Ukraynadan mal idxalını qeyri-müəyyən müddətə dondurub. Ukrayna Sahibkarlar Federasiyası ekspertlərinin hesablamalarına görə, bu qərarın onlara 2013-cü ilin sonunadək vuracağı zərər 2-2,5 milyard dollara çata bilər.
Ukraynanın baş naziri N. Azarovun rusiyalı həmkarı D.Medvedevlə sentyabrın əvvəlində Moskvada apardığı danışıqlar müsbət nəticə verməyib. Analitiklərin fikrincə, Moskva Ukraynanın Rusiyaya məhsul ixrac edən ən böyük istehsalçılarına zərbə vurmaqla Kiyevin Gömrük İttifaqının xeyrinə Aİ ilə assosiasiyadan imtina etməsinə nail olmaq istəyir.
Maraqlıdır ki, Kiyevin xarici siyasi kursu ilə bağlı bəzən Moskva tam ziddiyyətli bəyanatlar səsləndirir. Bu isə əksər analitiklərin Rusiya ilə Ukrayna arasındakı ticarət müharibəsinin arxasında siyasi məqamların dayandığını söyləməsinə əsas verir. Rusiya prezidenti Putin Kiyevə mümkün iqtisadi çətinliklərlə bağlı xəbərdarlıq etməklə yanaşı, Ukraynanın seçiminə hörmətlə yanaşdıqlarını da dəfələrlə dilə gətirib. Onun fikrincə, nə baş versə də, Ukrayna hansı istiqamətə hərəkət etsə də, Ukrayna ilə Rusiya nə vaxtsa rastlaşacaqlar. Çünki ruslarla ukraynalılar eyni xalqdır.
Putinin məsləhətçisi S.Qlazevin ritorikası isə daha sərtdir: "Avqustun ortalarında Rusiya-Ukrayna sərhədində yüklərin yoxlanılması birdəfəlik aksiyadır. Lakin Ukrayna Aİ ilə Assosiativ Saziş imzalayarsa, gömrük inzibatçılığı sərtləşdirilə bilər".
Onun sözlərinə görə, bu sənəd Kiyev üçün "faciə", Moskvaya isə zərbədir. Yəni Rusiya Ukrayna ilə Aİ arasında noyabrda Assosiativ sazişin imzalanmaması üçün əlindən gələni edəcək.
Brüssel isə, öz növbəsində, Ukraynanı müdafiə edir. Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ş.Füle Rusiyanın Kiyevə Aİ ilə Assosiativ Saziş imzalamaması üçün göstərdiyi təzyiqləri yolverilməz saydıqlarını bəyan edib. Brüsselin Ukrayna ilə sözügedən sənədin imzalanması üçün eks-baş nazir Y.Timoşenkonun azadlığa buraxılması tələbində mövqeyini yumşaltması isə, güman ki, Moskva üçün xoşagəlməz sürpriz olub.
Bundan başqa, məlum olub ki, Rusiya gələn ildən Ukraynanın "Nitka" poliqonundan imtina edəcək. Qeyd edək ki, ruslar yeganə təyyarədaşıyan gəmiləri olan "Admiral Kuznesov" üçün təyyarəçilərin təliminə məhz bu poliqonda keçir.
Kiyev isə 2015-ci ildən Rusiyadan aldığı qazın həcmini ildə 10 milyard kubmetrədək azaltmağı düşünür.
Digər tərəfdən, Rusiyanın Belarusla münasibətlərində də ciddi geriləmə müşahidə edilir. Buna səbəb kalium bazarında iki nəhəngin - "Uralkalium" ilə "Belaruskalium" şirkətlərinin münasibətləri kəsməsidir. Onlar indiyədək məhsulu birlikdə Belarus Kalium Şirkəti (BKŞ) vasitəsilə satırdılar. "Boşanma"nın təşəbbüskarı "Uralkalium"dur. Onun bu addımı kalium bazarının çöküşünə səbəb olub və dünyada bu məhsulu istehsal edən ən nəhəng qurumların onun qiymətini xeyli aşağı salması ilə nəticələnib. Baş verənlərə cavab olaraq, "Uralkalium" şirkətinin (müştərək - müşahidə şurasının rəhbəri BKŞ-dir) baş direktoru V.Baumqertner Minskdə Belarus Nazirlər Kabinetinin sədri M.Myasnikoviçlə görüşdən sonra həbs edilib.
Belarus hökuməti qurumun Belarusdakı və xaricdəki aktivlərinə də həbs qoyulacağını açıqlayıb. Üstəlik, Minsk şirkətin daha 4 menecerinin həbsinə İnterpoldan order almağa nail olub. İndi müəssisənin səhmdarlarından biri, rusiyalı senator və milyarder Süleyman Kərimovun beynəlxalq axtarışa verilməsi Moskvanın imicinə ciddi zərbə ola bilər. "Uralkalium"un menecerləri Belarus dövlətinə zərər vurmaqda və səhmlərinin 100%-i dövlətə məxsus Soliqorsk Kalium Kombinatına "reyder basqını"nda günahlandırılırlar. Belarus tərəfinin iddiasına görə, "Uralkalium" və BKŞ nümayəndələri məqsədli şəkildə həm birgə müəssisəyə, həm də Belarusun "Belaruskalium" dövlət müəssisəsinə zərər vurublar. Nəticədə, ölkəyə 100 milyon dollar həcmində ziyan dəyib. İndi Minsk günahkarları cəzalandırmaq fikrindədir.
Moskvanın baş verənlərə cavabı özünü çox gözlətməyib. Rusiya baş nazirinin müavini A.Dvorkoviçlə onun belaruslu həmkarı V.Semaşko arasında Moskvada aparılan danışıqlardan sonra Belarusun bu il planlaşdırılmış 23 milyon ton neftin 4,5 milyon tonunu ala bilməyəcəyi məlum olub. Ruslar Rusiya bazarına çıxarılan Belarus südünün keyfiyyətindən də narazılıq ortaya qoyublar.
Bütün sadalanan faktlar siyasi-iqtisadi fikir ayrılıqlarının postsovet məkanında uğurlu inteqrasiya proseslərinə ciddi maneə olduğunu göstərir. Bu fikir ayrılıqlarını isə hətta qardaş slavyan dövlətləri belə, aradan qaldıra bilmir.

 

 

 

Mənbə: Milli.Az

21 sentyabr 2013
GO BACK