Ermənistan Kənd Təsərrüfatı Nazirliyi Türkiyə və Azərbaycan mallarının idxalına qoyulmuş qadağanı ləğv edib və bu, erməni rejissor Arşak Zakaryanı özündən çıxarıb. Anspress erməni mətbuatına istinadən bildirir ki, bu barədə hətta “Boykot” adlı film çəkmiş rejissor erməniləri türk və Azərbaycan mallarını almamağa çağırıb.
“Ermənilər türk malları alır, Türkiyə də həmin pullarla Azərbaycana yardım edir”, - deyən rejissor həm də özünəməxsus etiraflar edib. “Bizim xalq yalnız alverçiliklə yaşayır. Günahkar bizim dövlətdir, çünki insanların başqa cür pul qazanması üçün heç nə etməyib. Ölkənin öz istehsalı inkişaf etmir, ona görə də insanlar gedib türklərə yalvarırlar ki, bizə ucuz nəsə verin, biz də onu aparıb ölkəmizdə sataq. Bu bizim ölkə üçün təhqiramizdir, dövlətin isə heç nə vecinə deyil”, - deyə rejssor vurğulayıb.
20 ildir ki, türk malları almaqdan imtina edən erməni rejissor bunun çox çətin olduğunu deyib: “Bir dəfə mən maşınım üçün çexol axtarırdım, bütün şəhəri gəzdim, hər yanda türk malı idi. Çox çətinliklə Çin malı tapa bildim”.
Mənbə: Milli.az