Çəkilməsinə milyonlarla manat vəsait xərclənən avtomobil yollarımız istifadəyə verilməsindən çox keçməmiş dağılır və yenidən salınır. Azərbaycan bu baxımdan dünyada ən bahalı yollara sahib olan ölkələrdən sayılır. Bəs ölkədə yolların çəkilişinə bu qədər pul ayrıldığı halda qısa müddət ərzində dağılmasına səbəb nədir?
İqtisadçı ekspert Rövşən Ağayev hesab edir ki, Azərbaycanda yeni çəkilən yolların istismar müdətini göstərən maddənin qanunvercilikdə göstərilməməsi yollarımızın çəkilməsinə xərclənən vəsaitlərin miqdarı ilə yolun istifadə müddəti arasında kəskin fərqlər yaradır. Ekspertin Anspress-ə verdiyi məlumata görə, yeni yolun 1 km-nin çəkilməsi üçün 8-9 milyon manat vəsait ayrılır, amma 2-3 ildən sönra həmin yolların dağılıb sıradan çıxması nəticəsində təmirə və yaxud yenidən çəkilməsinə görə yenə də əlavə vəsait ayrılır. Nəticədə ölkə büdcəsinə milyonlarla məbləğdə zərər dəyir”.
Çəkilən yolun keyfiyyəti ilə ona xərclənən pul ilə disbalans təşkil edir. Qanunvericilikdə yolun istismar müddətinin dəqiq göstərilməməsi nəticəsində hər cüzi dağılan yolun əsaslı təmiri üçün yenidən milyonlarla vəsait xərclənir. Yolların keyfiyyətinə zəmanət sisteminin mövcud olmaması yeni çəkilən yolların tezliklə sıradan çıxmasına səbəb olur.
Ekspert hesab edir ki, yolun təmir dövrünün nə vaxtdan başlaması və bu təmir dövrləri arasındakı müddət nə qədər olmalıdır kimi məsələlər qanunvericilikdə öz əkini tapmayıb. Yollar çəkilən zaman onun buraxıcılıq gücü dəqiq müəyyənləşdirilməli, lövhələrlə cəmiyyətə çatdırılmalıdır.
R.Ağayev hesab edir ki, yol çəkilməsi üçün hazırlanan layihələrin həyata keçirilməsi üçün şirkətlər arasında beynəlxalq tender keçirilməlidir. Yol çəkilməsinə nəzarət üçün qeyri-hökumət təşkilatları arasında tender elan olunmaması nəticəsində yolların çəkilməsinə nəzarət olunmur. Qeyri-hökumət təşkilatları yol çəkilməsi işlərinə müdaxilə etmədən öz müşahidələrini aparmalı və nəticələri açıqlamalıdırlar.
Ekspert hesab edir ki, ağır tonnajlı yüklərin dəmir yolları deyil, asfalt yollarla daşınması da yolların tez məhvinə səbəb olur: “Qum, çınqıl, daş istehsalı müəssisələri rəhbərləri sovet dövründən onların müəssisələrinə çəkilmiş dəmir yolu relsləri indi istifadəyə yararsız vəziyyətdə və işlək olmadığına görə yüklərini asfalt örtüklü yollarla daşımaq məcburiyyətində qalırlar. O relslər indi işləsəydi, insanlar da ağır yüklərini dəmir yolları ilə daşıyarlar. Beləliklə, yolların da tez sıradan çıxmasına imkan verilməz”.
İqtisadçı ekspert Rövşən Ağayevin sözlərinə görə, Bakı-Quba yolu 2009-cu ildə çəkilməsinə baxmayaraq indi yolda əsaslı təmir işlərinə başlanılıb. Halbuki, həmin yol dünya qanunvericiliyinə uyğun olaraq 8 ildən sonra əsaslı təmirə dayanmalı idi. Ekspert hesab edir ki, yol bu müddətdən nə qədər tez təmirə dayansa, bu büdcədən əlavə pulların mənimsənilməsinə gətirib çıxarır.
“Azəryolsevis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev isə yeni çəkilən yollara zəmanət vermədiklərini deyir: “Azərbaycanda çəkilən yol 15 ildən sonra sökülüb yenidən çəkilə bilər. 5 ildən sonra isə yolun üz örtüyü dəyişdirilə bilər. Yollarda cari əsaslı təmir istənilən vaxtda aparıla bilər. Biz yollara zəmanət vermirik.Yollara zəmanəti bilavasitə həmin yolu çəkən şirkətlər verir. Yollara zəmanət müddəti isə 2 ildir.”
P.Müsəliyev yolların çəkilməsi zamanı yerli qeyri-hökumət təkilatlarının tender yolu ilə işləri müşahidə etməyə cəlb olunmaması ilə bağlı məsələyə gəlincə, bildirdi ki, “Azəryolservis ASC” yalnız müstəqil məşvərətçi tender əsasında xarici şirkətləri və firmaları yolların çəkilməsi işlərinə nəzarətə cəlb edir. Bakı-Quba yolunda tez-tez aparılan təmir işlərinə gəlincə isə P.Mürsəliyev bunu yük maşınlarının normadan dəfələrlə artıq yük aparmalarında görür: “İnşaat normalarına görə, yol 5 ildən sonra təmirə dayana bilər. 2009-cu ildə istismara verilən Bakı-Quba yolunun isə təmirə dayanması istisna hallardan biridir. Yolun belə tez sıradan çıxma səbəbi o yol ilə qum, çınqıl, mişar daşları kimi ağır yüklərin daşınmasıdır. Bəzən yükdaşıyan maşınların 25 tona qədər yük aparmalarına icazə verilməsinə baxmayaraq 60-75 ton yükü həmin yolla daşıyırlar. Və yol tez sıradan çıxdı. Dəfələrlə həmin nəqliyyat vasitəsi sahiblərinə, müəssisə rəhbərliklərinə müraciət etmişik, cəzalar kəsmişik. Amma qarşısını ala bilməmişik”.
Yolların sıradan çıxmasının digər bir səbəbi də dəmir yolu vasitəsilə daşınmalı olan yüklərin yük maşınları ilə daşınmasıdır. Azərbaycan Respublikası hökuməti dəmir yollarının yenidən çəkilməsi və təmir ediləsi üçün xeyli vəsait ayırmasına baxmayaraq tikiniti materiallarını yüklərinin dəmir yolları ilə deyil də asfalt yollarla daşınır. Dəmiryol İdarəsinin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədovun Anspress-ə verdiyi məlumata görə, müəssisələr özləri yüklərinin dəmir yolu vasitəsilə daşınmasında maraqlı olmalıdırlar: “Əgər həmin müəssisə və karxana sahibləri ora gedən dəmir yolu relslərini bərpa etmək istəyirlərsə, bizə pul ödəməlidirlər. Belə müəsissələr özləri yüklərinin dəmir yolu vastəsi ilə daşımaqda maraqlı olmalıdırlar. Dövlət Dəmiryol İdarəsi onları məcbur etməməlidir”.
Keçmişdə daş karxanalarına dəmir yollarının olduğunu deyən N. Əzməmmədovun sözlərinə görə, hazırda bu xətlərin üzərində evlər tikilib: “Düzdür ki, müəssisələrə daş karxanalarına dəmir yolu relsləri var idi və insanlar yüklərini həmin relslərlə rahat daşıyırdılar. Magistral və asfalt yollara bir o qədər də ağırlıq düşmürdü. İndi isə həmin müəssisələrə gedən dəmir yolları relslərinin üzərində qanunsuz evlər tikilib. Biz 881 ədəd sökülməsi təxirəsalınmaz olan evin qeydiyyatını aparmışıq və Nazirlər Kabinetinə təqdim etmişik. Əgər evlər sökülsə, həmin müəssisə sahibləri bizə pul ödəməklə o relsləri yenidən bərpa etdirə bilərlər”.
Görünür, hələ çox yollar salınacaq, üç gün keçməmiş dağılacaq və əvəzində yenisi salınacaq. Bizə isə Nazirlər Kabinetinin qərarını gözləmək qalır.
Mənbə: Milli.az