Türkiyəli sənət adamları və Avrasya Ekonomik İlişkiler Dərnəyinin rəhbəri Hikmət Ərən, EkoAvrasya dərgisinin redaktoru Yeşim Özcan Bakıdadır.
Publika.Az-ın verdiyi xəbərə görə, səfərin məqsədi Seyid Yəhya Bakuvi həzrətləri, Qafqaz İslam Ordusu və Qarabağ mövzusunda ilə bağlı – üç fərqli mövzuda sənədli-tarixi televiziya filmlərinin çəkilişləridir.
Qonaqlar “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB (ABAİ İB) rəhbərliyi ilə görüşüblər.
Qonaqları səmimi salamlayan ABAİ İB sədri, millət vəkili Qənirə Paşayeva, belə önəmli mövzularla bağlı Azərbaycana səfərin təşkilini çox yüksək qiymətləndirərək, bunu “bir millət, iki dövlət” ruhuna yaraşan hal adlandırıb.
Azərbaycanın ərazi bütövlüyünün pozulmasını, Qarabağ ətrafındakı mövcud durumu bütün bölgəni təhdid edən, qəbuledilməz situasiya kimi xarakterizə edən millət vəkili bu mövzunun kitablara, filmlərə daşınmasını çox müsbət və zəruri akt adlandırıb. O, eləcə də, bugünlərdə Bakının erməni daşnak və rus bolşeviklərinin işğalından azad edilməsinin 95-ci ildönümü münasibəti ilə, bu tarixi qalibiyyətin müəllifi olmuş Qafqaz İslam Ordusu haqqında, onun ölümsüz komandanı Nuru Paşa haqqında sənədli film çəkilməsini bir vəfa borcu və ortaq tarixə, ortaq dəyərlərə sayğı nümunəsi olaraq gördüyünü bildirib.
Sözünə davam edən millət vəkili, YUNESKO-nun elan etdiyi Seyid Yəhya Bakuvi ili çərçivəsində ona həsr olunmuş yaddaqalan tədbirlərin düzənləndiyini vurğulayaraq, bu böyük Azərbaycanlı övliyanın xatirəsinə film çəkilməsini “ortaq türk keçmişindən ortaq türk gələcəyinə” gedən yolda bir elm-sənət mərhələsi olacağına inandığını söyləyib.
Q. Paşayeva “EkoAVRASYA” dərgisinin təsisçisi, Avrasya Ekonomik İlişkiler Dərnəyinin rəhbəri Hikmət Ərənə və EkoAvrasya dərgisinin redaktoru Yeşim Özcana Azərbaycan həqiqətlərinin yayılması və Azərbaycan tarixi, mədəniyyəti və gerçəklərinin tanıdılmasındakı xidmətlərinə görə mükafat təqdim edib.
Mükafata görə minnətdarlığını bildirən və qonaqların adından çıxış edən Hikmət Ərən və EkoAvrasya dərgisinin redaktoru Yeşim Özcan millət vəkilinə qonaqpərvərliyə, verdiyi qiymətli məsləhət və tövsiyyələrə görə təşəkkür edərək, ona xüsusi plaket təqdim ediblər.
Sonda Q.Paşayeva görüşdə iştirak edən qardaş ölkə jurnalistlərinə geniş müsahibə verib. Onun fikirləri nəzərdə tutulan hər üç filmdə yer alacaq.
Mənbə: Publika.AZ