Təəssüflər olsun ki, şöhrət əldə etmək və uğur qazanmaq insanlara baha başa gəlir. Karyerasının zirvəsinə çatmaq üçün ulduzlar şəxsi həyatını qurban verir və nəticədə tənha qalırlar. Zirvəyə qalxdıqca daha çox tanınmağa, haqqında danışılmağa başladığını və öz yarını tapmaqda çətinlik çəkdiyini etiraf edən hollivud ulduzları az deyil. Biri də seksual və ən gözəl qara dərili model Tayra Benksdir. Tayra Benks məkətbi bitirən kimi karyera qurur, bu gün isə ən böyük mediamaqnatlardan biridir. “Özünüzü sevin. Həyatın mənası da elə bundadır. Hansı bədən ölçülərinə, saç rənginə, hansı irqə və dəri rənginə sahib olmağınızdan asılı olmayaraq özünzü sevin. Ancaq sevgi bütün çatışmazlıqları yox etməyə, neqativləri pozitivə çevirməyə qadirdir! Pul arxasınca qaçmayın, arzularınızın, məqsədlərinzin sizi apardığı yeri təqib edin. Bəzi xoşbəxtlər pulla birlikdə doğulur, bəziləri isə sonrada əldə edir. Müəyyən mənada ikincilərin alnına birincilərin sahib olmadığı “uğur düyməsi” yazılıb”. Dünyanın ən cazibədar qara dərili modelinin 38 yaşı olsa da, ailə həyatı qurmayıb.
Tayra Benks 4 dekabr 1973-cü ildə Kaliforniyada dünyaya gəlib. Boyu 177sm, çəkisi 53-56 kq, bədən ölçüləri isə 87, 61, 91 sm-dir.
Tayra Benksin ulduz olacağı hələ uşaqlıqdan müəyyən olmuşdu. Belə ki, anası Kerolayn Benks fotoqraf və menecer işləyirdi. Əri ilə boşandıqdan sonra anası Tayranı və kiçik qardaşını tək saxlamalı olur. Hələ məktəbli olarkən Tayra “Seventeen” gənclik jurnalında model kimi çəkilir. Anasının dəb aləmi ilə yaxşı əlaqələri olmasına baxmayaraq, Tayra uşaqlığını fotokameraların işıqları altında keçirmir. 11 yaşında Tayra Benks tez-tez ağladığını xatırlayır. “Sinf və məktəb yoldaşlarım boyum hündür olduğu üçün məni qüllə, uzundıraz adlandırırdılar. Bu sözlər həqiqətən çox pis təsir edirdi, o vaxtlar özümü dünyanın ən bədbəxt insanı hesab edirdim”.
Məktəbi bitirdikdən sonra Tayra təhsilini davam etdirməyi və universitetə qəbul olmağı planlaşdırır.O, Kaliforniyanın 2 ən nüfuzlu universitetində təhsil almaq şansı qazanır. Lakin təhsil almaqdan imtina edir və Parisə səfərə yollanır. Bu yolda anası onu dəstəkləyir. Anası o zamanlar qara dərili modelin məşhurluq əldə etməsi üçün çox çətin yollardan keçməli olduğunu qeyd edir. “Model agentliklərinin çoxu qızımın etnik üz cizgilərinə sahib olduğunu deyir və qəbul etmək istəmirdirlər”.
Paris dəb həftəsində 17 yaşlı model hər kəsin diqqətini çəkərək dünyanın ən bahalı 25 markasının dəfiləsində iştirak etməyə təklif alır. Cəmi bir neçə həftədən sonra Tayra Avropanı ekzotik gözəlliyi ilə tanış edir. Uğur öz qapılarını Tayra Benksə taybatay açır... Anna Sui, Chanel, Christian Dior, Dolce & Gabbana, Donna Karan, H&M, Michael Kors, Oscar de la Renta kimi makralarla işləmək şansı qazanır. Etiraf edək ki, bu qədər nailiyyətdən 17 yaşında olan hər bir qızın başı fırlana bilərdi... Dəb dizaynerlərindən sonra gözəli jurnallar kəşf edir. Belə ki, qızcığaz “Harper’s Bazaar”, “Vogue”, “Elle”, “Cosmopolitan” jurnallarının səhifələrini bəzəməyə başlayır.
O zamanlar qara dərili modellər arasında yeganə tanınan dəb dünyasının “qara pamtera”sı - Naomi Kempbel idi. Tayra Benks isə qara panteraya rəqib gəlir. Model rəqibini nədəsə qabaqlaya bilir. “GQ” kişi jurnalınının üz qabığına və “Victorias Secret”in katoloquna çəkilən ilk tünd dərili model olur.
Amerikalı supermodel təkcə öz şousunun aparıcısı deyil, həm də iş qadınıdır. Hərdən bir müğənni və aktrisa kimi də fəaliyyət göstərir. 2005-ci ildə isə supermodelin karyerasında dönüş yaranır. O, modellik karyerası ilə həmişəlik sağollaşmağa qərar verir. Lakin 2010-cu ildə Tayra model agentliyi ilə yenidən müqavilə imzalayır. Bəs bu 5 il ərzində Tayra nə ilə məşğul olur? Supermodel televiziyada “IMG” model agentliyi bağlanana qədər “America's Next Top Model” şousunu aparır.
2009-cu ildə Tayra Benks aktyor Eşton Kutçer ilə birlikdə “Daxildən gələn gözəllik” şousunu hazırlayır. Bu şouda gözəl qızlar və yaraşıqlı oğlanlar “People” jurnalının üz qabığına çəkilmək üçün “Amerikanın ən gözəl adamı” adı altında mübarizə aparırdılar. Yarışmada qalib olmaq üçün təkcə xarici gözəllik deyil, daxili gözəlliyi və zənginliyi üzə çıxarmaq lazım gəlirdi. Bunu isə yarışmada çox az adam bacarır.
Qara dul...
Cazibədar modelin həyatında sevgi məcaraları çox olub. Dünyanın ən arzulanan qadını olmasına baxmayaraq, əbədi həyat qura biləcəyi insan qarşısına çıxmayıb. Tayra Benks tanınmış qolf ustası Tayqer Vudsom, reper Pi Didli ilə eşq məcaraları yaşayıb. Hazırda isə özündən 14 yaş kiçik model həmkarı Rob Evans ilə eşq məcarası yaşayır və olduqca xoşbəxt görünür. Onlar Tayranın apardığı “Top Model” şousunda tanış olublar. “Siz çox məşhur olmağınıza və paparazzilərə baxmayaraq, şəxsi həyatınızı istəsəniz, gizli saxlaya bilərsiniz”. Model özü də məsləhətinə əməl edir, belə ki, o, aşiqləri ilə heç vaxt ictimai yerlərdə görünmür. Rəqibi qara panteradan fərqli olaraq, o, “qara dul” ləqəbi ilə tanınır. Bu ləqəbi isə ona sevgililərini insafsızcasına tərk etdiyi üçün dostları verib.
Tayra Benksə həmişə formada qalmağa və gözəl görünməyə nə kömək edir?
Model gözəlliyini qormaq üçün özünün qoyduğu qayda və qanunlara əməl edir. Bunu isə gözəllik haqqında elm adlandırır. İdmanla intensiv şəkildə məşğul olur. Açıq havada düz 1 saat məşq, ya da yürüş edir. Bundan başqa Tayra rəqsdən və boksdan da böyük zövq alır.
Necə qidalanır?
Tayranın ancaq sağlam yeməklər hazırlayan şəxsi aşbazı var. Arıqlamaq istəyəndə qida rassionuna ancaq yağısız ət, göyərtilər, meyvə və tərəvəzləri daxil edir. O, həmçinin rafinə olunmuş qidalardan da uzaq durmağa çalışır. Tez kökəldiyi üçün yağsız xörəklərə üstünlük verir. Yeri gəlmişkən supermodelin çəkisi 53-56 kq arasında dəyişir. Tayra nə siqaret çəkir, nə də içki aludəçisidir. Reklamlarda əlində siqaret və içki ilə çəkilməyə heç vaxt razılıq vermir.
O, podiumların topmodellik zirvəsini fəth edən bir qadındır. Həm çox gözəldir, həm də gözəlliyindən düzgün istifadə etməyi bacarır. Onun sinələrinə slikon qoydurduğu haqqında söhbət getsə də, apardığı verilişdə bu məsələyə aydınlıq gətirir. Belə ki, model canlı yayıma həkim çağıraraq sinələrinin slikon olub-olmamsını yoxlatdırır. Sinələrinin təibətin ona verdiyi gözəllikdən biri olduğu üzə çıxır. Tayra Benks podiumlarda Naomi Kembelə kölgə salan yeganə qara dərili modeldir. Onu Naomi Kempbeldən daha gözəl, daha səmimi və ecazkar sayanlar az deyil. “Now” jurnalına müsahibəsində əsla qüsursuz olmadığını, lakin qüsurlarını da ustalıqla gizlətməyi bacardığı söyləyib. Onun məsləhətləri gözəlləşmək istəyən bir çox qadının ürəyincə olacaq. Bu gözəlliyin sirlərini xanımlarla paylaşmamaq günah olardı.
1. Dəriyə qulluq: “Makiyaj masasına oturduğum zaman üzümdə 5 əlin birdən işləməsi məni dəli edir. Evimdə təbii məhsullar işlədərək makiyaj ustalarının üzümə verdikləri zərəri aradan qaldırmağa çalışıram. Məsələn diş məcununa bir az su qataraq üzümə çəkirəm. Bəzən isə qabartma tozunu su ilə qarışdırıb xəmir hazırlayıram və bunu maska kimi çəkirəm”.
2. Seksual baxışlar: “Gözlərimin altı doğuşdan qara olduğu üçün onlardan xilas olmaq şansım yoxdur. Tünd dərinin üstünə barmaqlarımla qapadıcı çəkirəm. Qapadıcını sonra gözlərimin altına dərini incitməyəcək formada çəkirəm. İstifadə etdiyim qapadıcı dəri tonumdan 1-2 ton açıqdır”.
3. Ox kimi kirpiklər: “Tuşun çantamda olduğunu yoxlamadan evdən çıxmıram. Mənim fikrimcə, sarışınlar üçün ən yaxşı tuş qəhvəyi tonlardır. Qumrallar isə qara tuş çəkməlidir. Mən də qara tuş işlədirəm. Gözlərimin daha iri görünməsi üçün həm alt, həm də üst kirpiklərimə tuş çəkirəm. Tuş quruduqdan sonra ikinci qatı çəkmək lazımdır. Gözümün içinə isə ağ qələm çəkirəm. Onları böyük göstərmək üçün əla üsuldur”.
4. Cəzbedici gülüş: “Gülüşün bir qadın üçün nə qədər əhəmiyyətli olduğunu öyrəndikdən sonra ildə ən az 2 dəfə dişlərimi yoxlatdırıram. Dişlərimi fırçalayanda dilimi də fırçalamağı unutmuram. Bu proses uzun və sıxıcı olsa da, mütləq edirəm”.
5. Mükəmməl dodaqlar: “Dodaq boyası çəkəndə dodaq fırçası ilə boyamalısınız. Beləcə boyanı dodaqlara yaymaq asan olur və kənarlara dəymir”.
6. Dırnaqları gəmirməyin: “Uşaqlıqda qorxduğum ya da sinirləndiyim zaman dırnaqlarımı gəmirməyə alışmışdım. Pis vərdişdən xilas olmaq heç də asan olmayıb. Əslində, hərdən yenə dırnaqlarımı gəmirirəm. Dırnaq gəmirmək həm çox çirkin, həm də sağlamlığa zərərlidir. Bakteriyaların yayılmasına səbəb olur”.
7. Hörüklü saç: “Gündə 5 dəfə podiuma çıxsanız, saç modeli hər dəfə dəyişir. Buna görə də saçlarım həddindən artıq tökülməyə başlayıb. Saçımı tez-tez hörürəm. Hörüklər saçlarımın qırılmasının qarşısını alır”.
Mənbə: Publika.Az