Qadin.NET / Dovşandodaqlığın irsən keçmə riski nə qədərdir?

Dovşandodaqlığın irsən keçmə riski nə qədərdir?

 

 

Bu qüsur dünyada ən çox rast gəlinən körpə qüsurlarından biridir
 Ailədə uşağın dünyaya gəlməsi böyük sevinclə qarşılanır. Amma elə hallar olur ki, körpə dünyaya gələndə ailələr nə qədər sevinsə də, üzüntü hissi də keçirirlər. Dünyaya gələn körpənin qüsurlu olması, əlil və ya hər hansı gözlə görülə bilən eybəcərliyi ailənin sevincini yarıda saxlamış olur.

Təəssüf ki, bu gün dünyaya gələn körpələrin bir çoxunda belə qüsurlara rast gəlmək mümkündür. Xüsusən son zamanlar körpələrin dovşandodaq, yaxud qurdağız deformasiyaları ilə doğulması gənc anaları narahat edir. Belə deformasiyaların nədən yaranmasını bilməyən insanlar isə körpələrinin məhz bu qüsurlarla doğulmaması üçün təlaş keçirirlər.
Körpənin ana bətnində üst çənə sümüyü və damağının inkişafını tam təmin edə bilmədiyi halda dovşandodaqlılıq yaranmağa başlayır. Ancaq bu vəziyyət yalnız dodaqda deyil, damaqda da görülə bilir. Belə olan halda ya dodaqda, ya da damaqda, bəzən hər ikisində boşluq əmələ gəlir ki, bu da gözlə görülə biləcək qədər qüsur yaratmış olur. Dodaq yarıqlarının əmələ gəlməsi, inkişaf pozğunluğu hamiləliyin 4-8-ci həftələrində, damaq qüsurları isə 7-12-ci həftələrdə yaranmağa başlayır. Ümumiyyətlə, dovşandodaqlılıq dünyada ən çox rast gəlinən körpə qüsurlarından biri sayılır.
Plastik, rekonstruktiv və estetik cərrah Vitali Məmmədovun sözlərinə görə, dovşandodaq və qurdağızlılıq xoşagəlməyən qüsurlardan sayılsa da indi bu qüsurun bərpası mümkündür. Dediyinə görə, qüsurun nədən yaranması isə hələ bəlli deyil. Bir çox fərziyyələr var. Vitamin çatışmamazlığı, Patau sindromunun təsiri, hamiləlik zamanı bir sıra dərmanların qəbul edilməsi və bu dərmanların əks təsiri, stress: "Dovşandodaq və qurdağızlı körpələrin doğulması ilk mərhələdə valideynləri qorxuya sala bilər. Dovşandodaq və qurdağız deformasiyalarının irsən keçmə riski çox yüksək deyil. Belə ki, valideynlərin birində dovşandodaq və qurdağız varsa, uşaqda bu deformasiyanın əmələ gəlmə riski 4%-dir. Lakin ailədə bir valideyn və uşaqda bu deformasiya artıq varsa, ikinci uşaqda bu qüsurun peyda olma ehtimalı 17%-dir. Ailədə birinci uşaq dovşandodaq və ya qurdağız olaraq doğulubsa, bu, ikinci və üçüncü uşağın da belə doğulacağı demək deyil. Sadəcə ehtiyatlı olmaq, mümkün qədər stressdən uzaq olmaq, düzgün qidalanmaq, zərərli hər bir vərdişdən uzaq durmaqda fayda var" deyən həmsöhbətimizin sözlərinə görə, amma əvvəlki uşaqlarda bu qüsurlar varsa, növbəti uşaqlarda da qüsurun olma ehtimalı böyükdür. Bu o deməkdir ki, birinci uşağı bu cür qüsurlu edən səbəb anada mövcuddur. Lakin bu, ikinci uşağın da mütləq qüsurla doğulacağına işarə deyil. Ata və anada dovşandodaq və qurdağızlılıq yoxdursa, birinci uşaq qüsurlu olaraq doğulubsa ikinci uşağın qüsurlu olaraq doğulması 2% ola, ya olmaya.
Uşaqda dovşandodaq və ya qurdağız olmasını bilmək elə hamiləlik müddətində mümkündür. UZİ zamanı uşaq ana bətnindəykən damaq yarıqlarının aşkar olunması olduqca çətin olsa da dodaq yarıqlarının aşkarlanması asandır. Qüsur aşkarlanan uşaqlar elə ana bətnindəykən digər yoxlamalardan keçir. Xromosomlarda əskiklik və artıqlıq aşkar olunmadıqda, uşaq tamamilə sağlam olduqda dünyaya gəldikdən sonra əməliyyatla qüsur bərpa edilə bilər. Estetik cərrah bildirir ki, uşaqlar bu qüsurlarla dünyaya gəlirsə 6 ay və 1 yaşına qədər əməliyyat olunmaları məsləhətlidir. Onun sözlərinə görə, gec əməliyyat həm uşağın üz quruluşunda kəsik izi kimi iz qoyar, həm də damağı normal inkişafdan saxlayar: "Qüsur bərpa olunmadıqda körpə diş çıxarma zamanı olduqca əziyyət çəkir. Dişlər normal çıxmır. Normal çıxmayan dişlər körpənin əmmək və çeynəmək kimi fəaliyyətlərini əngəlləyir. Ağız içi vakum əmələ gəlmədiyi üçün belə körpələr əmzik də əmə bilmirlər. Bu da uşağın qidalanmasına mənfi təsir göstərir. Dodaq və damaq yarıqlı uşaqlarda udqunma problemi də mövcuddur. Əmdikləri süd burunlarından gəlir və ya tənəffüs yoluna düşür. Bunun nəticəsində normal qidalana bilməmək, orta qulaq iltihabı və tənəffüs yolu infeksiyaları yaranır".
Məmmədov deyir ki, vaxtında əməliyyat olunmayan uşaqlarda rast gəlinən ən böyük problemlərdən biri də normal danışa bilməməkdir. Danışarkən havanın böyük bir hissəsi ağız boşluğu yerinə burun boşluğuna sovrulduğu üçün belə uşaqlar danişarkən qəribə səslər çıxarır, eyni zamanda burunlarında danışırlar: "Yalnız dodağında qüsur olan uşaqlar ilk 3-6 aylıqlarında əməliyyat olunmalıdırlar. Erkən əməliyyat həm uşağın normal inkişafına, həm də ailənin psixoloji vəziyyətinin düzəlməsinə müsbət təsir edər. Əməliyyatın izi isə körpə böyüdükcə itər. Dodaq və damaq qüsurlarının əməliyyatı 12-18 aylıq körpələrə edilməlidir. Damaq əməliyyatının gec olunmasını məsləhət bilənlər də var, amma körpə danışmağa başlamamışdan əvvəl əməliyyat olunarsa, bu, uşağın normal danışmasına, danışığında qüsur yaranmamasına səbəb olar. Dodaq və damaq əməliyyatlarından sonra uşaq üzündə yenə deformasiyalar nəzərə çarpırsa, çənə əməliyyatı 17-18 yaşlarından sonra edilməlidir. Bu yaşdan sonra üz sümüklərinin kəskin dəyişimi olmaz. Əməliyyat üçün ən uyğun yaş bu yaşlardır".
Belə qüsurlardan qorunmaq üçün qohum evliliklərdən, ata və ana arasındakı kəskin yaş fərqindən, radiasiyadan, şəkərli diabet xəstələrinin dərmanlarından kortizon, aspirin həblərindən uzaq durmaları məsləhətlidir.

 

Mənbə: Milli.az

20 sentyabr 2013
GO BACK