Qadin.NET / Sosial siğorta nədir və onun əhəmiyyəti nədən ibarətdir?

Sosial siğorta nədir və onun əhəmiyyəti nədən ibarətdir?

 

Oxucular tərəfindən bizə ünvanlanan müraciətlər arasında sosial sığorta onun mahiyyəti və əhəmiyyətinin nədən ibarət olmasına dair məsələlər də yer alır.Bununla bağlı Trend-in sorğusunu cavablandıran Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Dünyamin Novruzov bildirir ki, sosial sığorta - müvafiq normativ hüquqi aktlarda nəzərdə tutan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.Belə ki, itirilən gəlirlərə əməkhaqları, əməkhaqqına əlavələr, başqa ödənclər və digər xərclər daxildir: "İşçilərin sosial sığorta olunması prinsipləri, sosial sığorta hadisələri və onların müəyyən edilməsi, sosial sığorta üzrə ödəmələrin növləri, sosial sığortanın iştirakçılarının hüquq və vəzifələri, icbari dövlət sosial sığorta haqqı, ödəmələrin təyin edilməsinin şərtləri və qaydası, vəsaitlərin mənbələri, könüllü və əlavə sığorta üzrə ödəmələrin növləri, habelə sosial sığorta sahəsində digər münasibətlər Əmək Məcəlləsi, "Sosial sığorta haqqında", "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" qanunlar və onların əsasında qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir".Hüquqşünas qeyd edib ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisələrdə əmək müqaviləsi bağlayaraq çalışan əcnəbilər, vətəndaşlığı olmayan şəxslər sığorta olunması üçün müvafiq haqq ödəməklə Əmək Məcəlləsi ilə müəyyən olunmuş şərtlərlə və qaydada sosial sığorta olunmaq hüququna malikdirlər.Onun sözlərinə görə, işəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman qanunvericiliklə müəyyən olunmuş qaydada icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması, o cümlədən onun əlavə sığorta olunub-olunmaması barədə müvafiq məlumatlar hökmən göstərilməlidir.Qanunverciliyə əsasən, işçilərin sosial sığortası icbari dövlət sığortası, onların özləri tərəfindən könüllü sığortalanması və işəgötürən tərəfindən aparılan əlavə sığorta formalarında həyata keçirilir. İşçilərin icbari dövlət sığortası işəgötürənlər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə həyata keçirilən sosial sığortalanmadır. İşçilər öz vəsaitləri hesabına müəyyən olunmuş qaydada sosial sığorta müqavilələri əsasında könüllü sığorta oluna bilərlər: "İşəgötürənlər işçilərin mənafelərinin təmin olunması və əmək funksiyasının yüksək səviyyədə yerinə yetirilməsinə maraqlarının artırılması, onların və ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə əmək kollektivini və ya onların ayrı-ayrı üzvlərini qanunvericilikdə nəzərdə tutulmuş sığorta formalarından daha üstün sosial sığorta olunmasını keçirə bilərlər".Hüquqşünas bildirib ki, sığorta olunmuş işçiyə qanunvericilikdə nəzərdə tutulan qaydada tərtib edilmiş dövlət sosial sığorta şəhadətnaməsi verilir. İşçilərin sosial sığorta hüquqlarını məhdudlaşdıran və ya pozan hər hansı fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyətə cəlb olunur.

Mənbə: Milli.Az

20 sentyabr 2013
GO BACK