Qadin.NET / Uşaqlarımıza nə izlədək: "supermən", "hörümçək adam", yoxsa?..

Uşaqlarımıza nə izlədək: "supermən", "hörümçək adam", yoxsa?..

 

 

Psixoloq Hüseyn Xəlilov: “Bütün günü televizoru açıb sakit olması üçün uşağı bu cihazın qarşısına həbs etmək qətiyyən doğru deyil. Bu, uşağın psixikasını yorur. Onun yaşına ağır gəlir, mənəviyyatını zədələyir”.
Müasir dövrdə uşaqlar günün əksər saatlarını televiziya qarşısında cizgi filmlərini izləməklə keçirirlər. Təəssüf ki, həmin cizgi filmlərinin əksəriyyəti əcnəbi multiplikasiya şirkətlərinin istehsalıdır. Bu tip filmlərin bir çoxunda şiddət, əxlaqsız səhnələrə yer verilir, obrazların dilindən bayağı ifadələr işlədilir. Uşaqların hafizəsi daha iti olduğu üçün bu ifadələr onların yaddaşında qalır və dostları arasında da işlətməyə başlayırlar. Bu da onların çevrəsinə təsir göstərir. Hətta bəzi epizodlar da var ki, valideynlər ona çox diqqət etmirlər, amma uşaqların diqqətini çəkir. Bu da zamanla şüur altına yerləşir və gələcəkdə onun həyat haqqında fikirlərinin formalaşmasına təsir edir. Qafqaz Universitetinin psixologiya üzrə mütəxəssisi Hüseyn Xəlilov valideynlərə övladlarını mümkün qədər ekran qarşısından uzaq tutmağı, eyni zamanda onlara milli-mənəvi ruhda çəkilmiş cizgi filmlərini izlətməyi məsləhət görür: “Uşaqlara yalnız milli-mənəvi ruhda çəkilmiş filmlər izlədilməlidir ki, onlar kiçik yaşlarından paylaşma, fədakarlıq kimi milli ruha yiyələnsinlər. Yaxşı olardı ki, cizgi filmlərinə baxdıqdan sonra uşaqla söhbət edilsin”.
Bəzi ailələrdə televizor saatlarla bağlanmır. Uşaqlar isə günün əksər saatlarını televiziya qarşısında keçirməyə üstünlük verirlər. Balacalar əvvəllər daha çox açıq havada oynamağa üstünlük verirdilərsə, indi dünyanı hörümçək toru kimi əhatə edən elektron vasitələr qarşısında keçirməyə meyl edirlər. Hazırda nəinki uşaqlar, hətta valideynlər belə fürsət düşdükcə istirahət zamanlarını cizgi filmləri seyr etməklə keçirirlər. Görəsən, balacaların da o filmlərdən çıxardığı nəticə böyüklərinki ilə üst-üstə düşürmü? Bu filmlər onların daxili aləminə, formalaşmasına necə təsir göstərir? Valideynlər övladlarının televizor qarşısında saatlarla əyləşməsinə niyə göz yumurlar, maarifləndirmək üçün, yoxsa ortalıqda əl-ayağa dolaşmasınlar deyəmi?
“Cizgi filmləri uşaqlarda milli ruhun formalaşmasında mühüm rol oynayır”
Cizgi filmləri uşaqlara istər məktəbəqədər yaş dövründə, istərsə də məktəb dövründə təsir edir. Bu filmlər hər uşağa eyni dərəcədə təsir etmir. Yetişdiyi mühitə, çevrəsinə görə hər uşağa fərqli şəkildə müəyyən təsirlər göstərir. Qafqaz Universitetinin psixologiya üzrə mütəxəssisi Hüseyn Xəlilovun fikrincə, uşaqlara yalnız milli-mənəvi ruhda çəkilmiş filmlər izlədilməlidir ki, onlar kiçik yaşlarından paylaşma, fədakarlıq kimi milli ruha yiyələnsinlər: “Sual verə bilərsiniz ki, 3-6 yaşlı uşaqlara bu filmlərin nə kimi təsirləri var? Əlbəttə, 3 yaşına qədər uşaqlar da baxırlar, amma heç nə başa düşmürlər, dərk etmirlər. Sadəcə baxırlar, yadlarında saxlayırlar, amma analiz edə bilmirlər ki, məntiqi nədir. Ancaq ki, 3-6 yaş arası uşaqlar həm baxır, həm də gördüklərini anlamağa çalışırlar. Ona görə yaxşı olardı ki, filmə baxdıqdan sonra uşaqla söhbət edilsin. Ona sual vermək lazımdır ki, filmdən nə başa düşdü? Yadında nə qaldı? Bu filmdən nə öyrəndi?”. H. Xəlilovun sözlərinə görə, uşaqlarla hər məsələdə söhbət etmək, onların fikirlərini öyrənmək, düşüncələrinə önəm vermək, həm onun nitqinin inkişafına, həm də uşağın gələcəkdə özünə güvənməsində mühüm rol oynayır.
Bəzi xarici cizgi filmləri var ki...
Araşdırmalara görə, hazırda 30- 40 yaşındakı insanların sülhü, paylaşmağı, təbiəti və heyvanları sevməyi, onların uşaqlıqda bu cür hissləri aşılayan cizgi filmlərinə baxmaları ilə əlaqəlidir. Bəzi xarici cizgi filmləri var ki, orada erotik səhnələr yer alır, bayağı ifadələr işlədilir. Uşaqların hafizəsi daha iti olduğu üçün bu ifadələr onların yaddaşında qalır və dostları arasında da işlətməyə başlayırlar. Bu da onların çevrəsinə təsir göstərir. Hətta bəzi epizodlar da var ki, valideynlər ona çox diqqət etmirlər, amma uşaqların diqqətini çəkir. Bu da zamanla şüur altına yerləşir və gələcəkdə onun həyat haqqında fikirlərinin formalaşmasına təsir edir.
Oğlan uşaqları qızlara nisbətən daha çox təsir altına düşürlər
Oğlan uşaqları qızlara nisbətən daha hərəkətli olduqları üçün baxdıqları filmi gündəlik həyatlarına daha tez tətbiq etməyə meylli olurlar. Hüseyn Xəlilovun sözlərinə görə, qız uşaqları daha çox özlərinə qapalı olurlar: “Baxdıqları filmə sadəcə şüuraltı münasibət göstərirlər. Buna görə də filmdə işlədilən ifadələri, nalayiq kəlmə və hərəkətləri həyatlarına tətbiq etmə imkanları oğlanlara nisbətən daha aşağı olur. Ümumiyyətlə, istər qız olsun, istər oğlan, cizgi filmləri daha çox rəngarəng olduğu üçün uzun müddət televizor qarşısında əyləşmək uşaqların gözlərini yorur, onların enerjisini alır, gün boyu passiv olmalarına səbəb olur”. Hətta mütəxəssislər bildirirlər ki, iki saatlıq bir filmə baxmaq, insanı, iki kitab oxuyub bitirməkdən daha çox yorur. Bunun üçün də müsahibim uşaqların limitli bir şəkildə ekran qarşısında vaxt keçirmələrini məsləhət görür. Qeyd edək ki, Amerikada aparılan bir araşdırmanın nəticələrinə görə uşaqlarda televizora maraq 18 aylıq olarkən yaranır. Amma bu, hələ onların tamaşaçı olduğunu göstərmir. 2 yaş yarımlığından başlayaraq cizgi filmlərinə maraq oyanır. Bu yaşda olan uşaqların təqlidetmə qabiliyyəti yavaş-yavaş yaranır. Psixoloq qeyd etdi ki, uşaqların günün həm birinci, həm də ikinci yarısı 45-50 dəqiqə televizora baxması onlar üçün yetərlidir: “Televizora kiçik yaşlı uşaqların baxması əlbəttə ki, uyğun deyil. Televizora baxdığı zaman uşağı özünə çəkir, enerjisini alır. Bu da uşağa müsbət şeylər vəd etmir. Limiti var.. Məsələn, qoya bilərsən 45-50 dəqiqə baxsın. Günün ikinci yarısı da həmçinin. Yoxsa, bütün günü televizoru açıb, sakit olması üçün uşağı bu cihazın qarşısına həbs etmək qətiyyən doğru deyil. Bu uşağın psixikasını yorur. Onun yaşına ağır gəlir, mənəviyyatını zədələyir”.
Böyüklərin həvəslə izlədiyi seriallar körpələrə də təsir göstərir
Balacalar daha çox analarının yanında vaxt keçirdikləri üçün ondan aldığı xüsusiyyətlər atasından aldığından daha çox olur. H. Xəlilov böyüklərin baxdıqları serialların uşaqlara ciddi təsir göstərdiyini dilə gətirdi: “Bəzən olur ki, xanımlarımızın səbirsizliklə gözlədiyi serialın vaxtı çatır. Ancaq uşağı buraxıb televizor qarşısında əyləşməsi əməlli-başlı problem olur. Qadın son əlac olaraq övladını da götürüb əyləşir ekran qarşısında. Ancaq bu doğru deyil. Çünki, hadisələr cərəyan edərkən bəzən ana belə sıxılır, sonunun necə olacağını həyəcanla gözləyir, filmin təsirinə qapılır. Belə olanda yanında əyləşən balacaya da tez təsir edir və psixologiyası böyüklərdən daha həssas olduğu üçün hadisələr uşaqların beynində daha fərqli cərəyan edir”.
Amerikada bir qrup psixoloq tərəfindən aparılan başqa bir araşdırma, müasir cizgi filmlərinin uşaqlara həyatı öyrətmək əvəzinə, onları şiddət və zorakılığa meyilləndirdiyini ortaya çıxardı. “Seattle” Uşaq Xəstəxanası Araşdırma İnstitutunun 330 uşaq üzərində apardığı araşdırmanın nəticələrinə görə, məktəb öncəsi dövrdə şiddət mövzusunda cizgi filmləri izləyən uşaqlar daha sonra yaşıdlarına görə 3 qat daha aqressiv olurlar.
Valideynlər nələrə diqqət etsinlər?
Bütün bunlara görə də psixoloq Hüseyn Xəlilov valideynlərə övladlarını mümkün qədər televizor qarşısından uzaq tutmağı, planlı şəkildə baxmalarına, eyni zamanda milli-mənəvi ruhda çəkilmiş cizgi filmlərini izlətməyi məsləhət görür. O, eyni zamanda balacaların dünya görüşünü zənginləşdirəcək, həyata baxışına müsbət yöndə təsir edəcək cizgi filmlərini izləməyin daha doğru seçim olduğunu vurğulayır: “Hətta mən deyərdim ki, məktəbəqədər yaş dövründə olan uşaqlar üçün cizgi filminə baxmaq ən axırıncı planda olmalıdır. Onların məşğuliyyəti daha çox şəkillər çəkmək, müxtəlif bəsit oyunlar oynamaq olsa, daha yaxşı olardı”.
Belə. Hər halda unutmayaq ki, cəmiyyətə sağlam ruhlu, sağlam düşüncəli övlad yetişdirmək, sağlam bir gələcəyin təməlini qoymaq deməkdir.
"Zaman Azərbaycan"

 

Mənbə: Milli.az

19 sentyabr 2013
GO BACK