Qadin.NET / "YARAT" Müasir İncəsənət Məkanı "ArtGanja" Festivalının açılışını elan edir

"YARAT" Müasir İncəsənət Məkanı "ArtGanja" Festivalının açılışını elan edir

 

"YARAT" Müasir İncəsənət Məkanı və "Taghiyev Group" şirkəti 2013-cü ilin 19-22 sentyabr tarixlərində keçiriləcək "ArtGanja" Festivalının açılışını elan edirlər.

Festival təşkilatçılarının əsas məqsədi bu qədim şəhərə və ümumiyyətlə, Azərbaycana xas olan bədii və mədəni ənənələrin populyarlaşdırılmasıdır.

Festival proqramı çərçivəsində gəncəli və ya Gəncə mənşəli olan rəssamların yaratdığı əsərlərin silsilə nümayişi nəzərdə tutulur. Bu sərgilərin iştirakçıları sırasında Ramal Kazımovu, Vüsal Rəhimi, Elçin Vəliyevi və müasir incəsənətin digər nümayəndələrini qeyd etmək olar. Rəssamların çəkdiyi şəkillər Şəhər İcra Hakimiyyəti binasının önündə, Gəncənin baş meydanındakı çadırlarda nümayiş olunacaq.

Festivalın digər əhəmiyyətli tədbirləri sırasında Xan bağında açıq səma altında keçiriləcək bədii fotoşəkil sərgisini qeyd etmək lazımdır. Sərgidə Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu tərəfindən keçirilən birhəftəlik məşğələlər nəticəsində çəkilmiş fotoşəkillərdən seçmələr nümayiş etdiriləcək, habelə Gəncənin tarixi irsini və şəhərin bugünkü reallıqları əks olunacaq.

Festivalın ikinci günündə - sentyabrın 20-də üşaqlar üçün nəzərdə tutulmuş məşğələlər keçiriləcək. Məşğələlər zamanı balacalar peşəkar rəssamların rəhbərliyi altında öz fərdi instalyasiyalarını qurmaq imkanı əldə edəcəklər.

Festival proqramına müasir poeziya axşamının təşkili də daxildir. Bu tədbirdə beş müasir Azərbaycan şairinin əsərlərinin şəhərin gənc və peşəkar aktyorlarının ifasında səsləndirilməsi nəzərdə tutulur. Poeziya axşamı saat 17:00-də yerli Ticarət Mərkəzində başlayacaq, sonra isə saat 19:00-da Xan bağında davam edəcək. Sentyabrın 21-də keçirilməsi nəzərdə tutulan bu tədbir möhtəşəm şairə Məhsəti Gəncəvinin 900 illik yubileyi ilində xüsusi əhəmiyyətə malikdir.

"ArtGanja" Festivalı Xan Bağında keçiriləcək caz konserti ilə sona çatacaq.

Mənbə: Trend.az

19 sentyabr 2013
GO BACK