
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Latviyanın paytaxtı Riqa şəhərində yeniyetmələr arasında sambo üzrə açıq Avropa birinciliyi keçirilib. Yarışa 4 idmançı ilə qatılan milli komandamızın qazancı 2 medal olub. 55 kq çəkidə Namiq Abbaslı, 66-da isə Ruhin Əkbərli bürünc mükafata sahib olublar. Sonuncu Gəncə sambo məktəbinin yetirməsidir.
Mötəbər yarışdan doğma şəhərinə mükafatla dönən idmançını qarşılamaq üçün idman ictimaiyyətinin nümayəndələri ulu şeyx Nizami Gəncəvinin məqbərəsi önünə toplaşıblar. Qarşılanma mərasimində Ruhin Əkbərlini əldə etdiyi zəfər münasibəti ilə təbrik edənlər ona gələcəkdə daha nüfuzlu yarışlarda qələbə qazanması üçün uğurlar arzulayıblar.
Avropa birinciliyinin bürünc mükafatçısı Ruhin Əkbərli: "Mən ilk dəfə idi ki, Avropa birinciliyində iştirak edirdim. 66 kq çəkidə güləşdim, 4 görüş keçirdim. Ən çətin görüşüm 3-cü yer uğrunda bolqar idmançıya qarşı idi. Mən ona xal hesabı ilə qalib gəldim”.
Yetirməsinin çıxışından razı qalan gənc məşqçi Araz Muxtarov sevincini gizlədə bilmədi: "Əlbəttə, sevincimizin həddi-hüdudu yoxdur, ilk yetirməmdir ki, Avropa birinciliyində nəticə qazanıb. Ruhin bu yarışda öz çəkisi 60 yox, 66 kq-da güləşdi. Lakin qarşıda dünya birinciliyi var və biz düşünürük ki, o, bu yarışda 60 kq-da qüvvəsini sınayacaq”.
Sonda Avropa birinciliyinin mükafatçısı ilə xatirə şəkli çəkdirilib.
Mənbə: Milli.Az