Qadin.NET / Ağıllı saatlar: telefondan qola

Ağıllı saatlar: telefondan qola

 

 

Koreyanın Samsung şirkəti sentyabrın 5-də diqqəti Galaxy Gear ağıllı saatlarına yönəltdi. Bu, bazarda təqdim edilmiş ilk ağıllı saat deyil. Oxşar qurğular artıq yaxın gələcəkdə Google və Apple şirkətləri tərəfindən də istehsal edilə bilər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Koreyanın Samsung Electronics şirkəti sentyabrın 5-də IFA 2013 sərgisində Galaxy Gear ağıllı saatı daxil olmaqla, öz yeni mobil həllərini təqdim edib. Ekspertlərin əksəriyyəti əmindir ki, sözügedən ağıllı saatlar elektron cihaz təkamülünün növbəti mərhələsidir.
Şirkət, həmçinin öz qabaqcıl smartfon və planşetinin yeni versiyalarını təqdim edib.
Ekspertlərin əksəriyyətinin hesab etdiyi kimi, Samsung şirkəti Gear qurğusunu sərbəst cihaz kimi deyil, yeni Galaxy Note 3 smartfonu və ya Galaxy Tab 10.1 2014 Edition planşetinə ortaq qurğu kimi təsvir edib. Gear qurğusu görünüşcə böyük elektron qol saatına oxşayır və sensor ekran və daxili kamera ilə təchiz edilib. Bundan başqa, Gear üçün tətbiq və oyunları ayrıca layihələşdirmək lazım gəlib, çünki smartfon tətbiqləri sözügedən saatın kiçik ekranına yerləşmir.
Samsungdan bildirilib ki, şirkət Gear cihazında saat və smartfonun iş prinsiplərini birləşdirməyə çalışıb, buna görə də qurğudan həm daxili hava müştərisi ilə təchiz edilmiş adi saat, həm də internet-kommunikasiya üçün qabaqcıl cihaz kimi istifadə etmək olar.
Ağıllı saat 800 MHs takt tezlikli prosessor, 512 MB əməli yaddaşla təchiz edilib. Sensor ekranın diaqonalı 1,63 düym, təsvir ölçüsü 320x320 piksel təşkil edir və o, SuperAMOLED texnologiyası üzrə hazırlanıb.
Gear ağıllı saatlarının korpusu alüminiumdan işlənib hazırlanıb. Onun interfeysi görünüşcə Windows Phone platformasına oxşayır.
Sözügedən saatların qayışı alıcının istəyindən asılı olaraq altı rəngdən birində hazırlana bilər. Qayışa kamera quraşdırılıb və onun təsvir ölçüsü 1,9 meqapiksel təşkil edir. Çəkilmiş fotoların təsvir ölçüsü 1392x1392 və ya 1280x960 piksel ola bilər.
Həmçinin video çəkmək olar, lakin onun uzunluğu 10 saniyə təşkil edə bilər.
Ağıllı saat sensor ekranın köməkliyi ilə idarə edilir. Tədarük dəstinə səsli əmri dəstəkləyən S Voice, foto qalereya, musiqi pleyeri, addımölçən və digər tətbiqlər daxildir.
Qurğu sentyabrın 25-də bütün dünyada 299 dollar qiymətinə satışa çıxarılacaq.
Sony SmartWatch 2
Yaponiyanın Sony şirkəti Samsung şirkətindən daha əvvəl ağıllı saat hazırlamağa başlayıb. Bu yaxınlarda yapon şirkəti artıq qurğusunun ikinci nəslini elan edib və o, sentyabrda bazara çıxarılmalıdır. SmartWatch 2 Android mobil əməliyyat sistemi ilə işləyir, lakin burada kamera, tətbiqlərin geniş seçimindən söhbət belə getmir.
Pebble Watch
2012-ci ildə elektron mürəkkəb (E-Ink) texnologiyası əsasında hazırlanmış ekranla təchiz edilmiş Pebble Watch saat layihəsi Kickstarter resursunun istifadəçilərindən 10 milyon dollar toplamağa müvəffəq olub. 2013-cü ildə qurğu istehsal edilib. Galaxy Gearin fonunda bu cihaz kifayət qədər solğun görsənir. Sözügedən qurğunun əsas üstünlüyü ekranla bağlıdır: E-Ink günəş işığında yaxşı əks olunur.
Kreyos meteor
Pebble kimi Kreyos Meteor saat layihəsi də IndieGoGo saytında lazım olan 100 min dollar əvəzinə istifadəçilərdən 1,5 milyon dollar toplamağa müvəffəq olub. Kreyos Meteor saatlarını səs və jestlərin köməkliyi ilə idarə etmək olar. Aktiv həyat tərzi keçirənlər üçün saata addımölçən quraşdırılıb. Sözügedən ağıllı saatlar bu ilin noyabrında 169 dollar qiymətinə satışa çıxarılmalıdır.
I'm watch
Android mobil əməliyyat sistemi ilə işləyən italyan saatları sərbəst ağıllı qurğu roluna iddia etmir, yalnız smartfonla əlaqəli işləyir. Qurğunun köməkliyi ilə yalnız vaxtı, temperaturu, kontakt və cavabsız çağırış siyahısını deyil, həm də Facebook və Twitter mesajlarını oxumaq mümkündür. Onun qiyməti 349 dollar olub. Lakin aşağı tələbatla üzləşən istehsalçı qiyməti 299 dollaradək azaldıb.
Apple watch
Bloomberg nəşrinin məlumatına görə, bu ilin fevralında iWatch şərti ada malik saat üzərində təxminən 100 mütəxəssisdən ibarət heyət çalışıb. İyul ayında amerika şirkəti iWatch ticarət markasını qeydiyyatdan keçirmək üçün Yaponiyanın patent agentliyinə müraciət edib. KİV-in məlumatına əsasən, Appleın ağıllı saatları 1,5 düymlük OLED ekran və zəng edən abunəçi haqqında informasiyanı əks etdirə biləcək, həmçinin addımölçən və naviqatorla təchiz ediləcək.
Şayiələrə görə Google şirkəti də ağıllı saatlar üzərində iş aparır.
IHS analitiklərinin qiymətləndirməsinə görə, 2013-cü ildə qol fərdi kompüterlərinin tədarük həcmi yalnız 268 min təşkil edəcək. 2014-cü ildə istehsal həcmi 10 dəfə artacaq və 2018-ci ildə 39 milyon təşkil edəcək.

 

Mənbə: Milli.Az

15 sentyabr 2013
GO BACK