"Ermənistan və Aİ arasında assosiasiya haqqında saziş Litvanın paytaxtı Vilnüsdə keçiriləcək "Şərq Tərəfdaşlığı" sammitində paraflanmayacaq".
Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Aİ-nin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan FüleYerevanda "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN rəhbərlərinin qeyri-rəsmi görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Ş.Füle qeyd edib ki, Aİ Vilnüsdə Ukrayna ilə assosiasiya haqqında sazişi imzalamaq, Gürcüstan və Moldova ilə isə paraflamaq niyyətindədir: "Ermənistana gəldikdə, bu ölkənin Gömrük İttifaqına qoşulmaq haqqında bəyanatından sonra Ermənistanın bizim 3 il yarımdan artıq müddətdə danışıqlar apardığımız sazişi paraflamaq imkanı yoxdur".
O, bir daha vurğulayıb ki, assosiasiya haqqında saziş iki hissədən ibarət vahid sənəddir.
Komissarın sözlərinə görə, Ermənistanla danışıqlar zamanı sənəd vahid şəkildə idi və onu hissələrə bölmək mümkün deyil: "Mən erməni həmkarlarımızın niyyət və istəklərini eşitmək, anlamaq üçün Ermənistana gəldim. Əgər onlar bizə irəliyə doğru hərəkət etməyə imkan verən, hazırda qüvvədə olan tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş kimi yeni hüquqi format formalaşdırmaq istəsələr, biz bu format çərçivəsində işləməkdən məmnun olardıq".
Mənbə:Milli.az