Qadin.NET / Yaddaş bəlası: gözümü yummaq, onu unutmaq istəyirəm

Yaddaş bəlası: gözümü yummaq, onu unutmaq istəyirəm

 

 

Bunun ən yaxşı çarəsi vaxtdır

 

Hər bir insanın həyatında unutmaq istədiyi kədərli və ya dəhşətli xatirə var. Amma nədənsə insanlar məhz unutmaq istədikləri insanları və hadisələri təkrar xatırlayır, buna görə iztirab çəkirlər. Mütəxəssislərin dediyinə görə, bu, insanları ağır depressiyaya və çıxılmaz vəziyyətə də salır.
Psixoloq Jalə Həmidlinin sözlərinə görə, insanlar onları bədbəxt edən, qorxudan, rüsvay edən müxtəlif hadisələri və ya insanları unutmaq istəyirlər: "Amma təəssüf ki, çox vaxt bunu edə bilmirlər və acı xatirələr təkrar onlara iztirab verməkdə davam edir. Adətən insanlar sevdikləri insandan ayrıldığını, aldanıldığını, xəyanətlə üzləşdiyini və ya rüsvay olduğunu unutmaq istəyir. Bu isə çox vaxt çətinliklə mümkündür və insan ona acı verən bu fikirlərlə yaşamalı olur".
J.Həmidli bildirir ki, nəyisə unutmaq istədikdə, ilk növbədə bu ağrının nə ilə bağlı olduğunu anlamaq lazımdır: "Özünüzü başa düşməyə çalışın. Ola bilsin ki, hiss etdiyiniz ağrı özünüzü günahkar hiss etməyiniz, səhv etməyiniz və ya özünüzə güvən hissinin aşağı düşməsi ilə bağlıdır. Qəlbinizdəki bu ağrı kimin üçünsə darıxdığınız və ya eyni hissləri yenidən yaşamaq istədiyiniz, amma bunu edə bilmədiyiniz üçün də baş verə bilər. Bunu aydınlaşdırandan sonra özünüzə sual verin: "mən bu ağrını hiss etmək, bu iztirabı yaşamaq istəyirəmmi? Bu neqativ hisslərdən qurtulmağa hazır olduğunuz zaman bunun üçün nəsə etməyə başlaya bilərsiz".
Nəyisə unutmaq üçün ilk növbədə həmin xatirənin və ya anın təkrar gətirdiyi ağrını minimuma endirməyə çalışmaq lazımdır. Bunun üçün əvvəlcə baş verən hadisədən nəticə çıxarın. Əgər pis xatirələr aldanılmağınızla bağlıdırsa, bu, sizə yaxşı dərs ola bilər. Yəni ki, baş verən hadisədə nəsə xeyirli bir şey tapmağa çalışın. Sonradan qərarlı şəkildə özünüzə bir də keçmişə qayıtmamağınızı əmr edin. Əgər hansısa hadisədən sonra özünüzə güvən hissiniz aşağı düşübsə, özünüzü realizə edin. Özünüzdən daha razı qalmaq üçün çalışın. Olub-keçənlərə görə özünüzü günahkar hiss etməyin. Bunun faydası olmayacaq. Özünüzü bağışlamağa çalışın.
Həmsöhbətimizin dediyinə görə, bəzi hallarda insanlar onlara əziyyət verən hansısa bir insanı və baş verənləri unutmağa çalışmaq əvəzinə qisas almağı düşünürlər. Bununla da bir növ unudulmaqda olan hadisəni hər dəfə yenidən yaşayır, qisas almağın planını düşünür və öz həyatlarını qurmaq əvəzinə bütün güclərini özlərinə dərd verməyə tükədirlər. "Onlara elə gəlir ki, qisas alsalar, hər şey dəyişəcək. Bu isə heç də həmişə belə olmur".
Psixoloqa görə, unutmağın ən yaxşı yolu işlə məşğul olmaq, daim başını nə iləsə qatmaqdır. Müsahibimiz hesab edir ki, hətta yeni problemlər belə əvvəlkiləri unutmağa kömək edir: "Problemləri həll etməklə, qayğılarla başınızı qatın. Bütün fikrinizi işə, problemlərə yönəltsəniz, nəyisə xatırlamağa vaxt da qalmayacaq. Bunu edə bildikdən sonra əyləncəyə, yeni tanışlıqlara, dostlarınızla vaxt keçirməyə də vaxt ayıra bilərsiniz. Kim bilir, bəlkə elə zamanla acı xatirələrinizi üstələyən xoş anlar və hadisələr yaşayacaqsız. Özünüzə qapanıb, kədər və dərd çəkməyə davam etsəniz isə həyatınızı necə tükətdiyinizin heç fərqində də olmayacaqsız. Bilin ki, zaman ən yaxşı dərmandır. Dərhal nəyisə unutmağı da özünüzdən tələb etmək düzgün deyil. Qəlbinizdəki yaraların sağalması üçün müəyyən vaxt lazımdır".
Bəzən insanlar gerçək gördükləri faciəni, film və ya internetdə baxdıqları qorxulu anları da unuda bilmirlər. J.Həmidlinin sözlərinə görə, bunun üçün xüsusi məşğələlərdən istifadə etmək lazımdır. "Məsələn, xəyalda canlanan neqativ mənzərəni yaddaşdan silmək üçün həyatınızda baş verən müxtəlif hadisələrin fotolarının yapışdırıldığı divarı təsəvvür edin. Bu fotolarda sizin uşaqlıqda oynadığınız oyunlar, məktəbə getməyiniz, hədiyyə almağınız və ya hansısa uğurunuz ola bilər. Divarda əsasən həyatınızdakı vacib hadisələrin fotoları olmalıdır. Amma ora adi günlərinizə aid şəkilləri də yapışdıra bilərsiz. Bu divara həm də sizi qorxudan şəkil yapışdırın. Bunu etdikdən sonra qorxulu fotonu ağ və qara rənglərdə, qalanlarını isə əlvan rənglərdə təsəvvür edin. Kənara çəkilib divara baxın. Bunu etdikdə siz divarda nə qədər rəngbərən fotoların olduğunu anlayacaq və ağ-qara fotonun nə qədər də balaca olduğunu görəcəksiz. İndi isə həmin ağ-qara fotonu 3 sm-ə qədər kiçildin. Bundan sonra divara həyatınızda baş verən yaxşı hadisələrin fotolarını yapışdırmağa davam edin. Divara istənilən arzularınızın da rəngli fotolarını yapışdırın. İnsanlara necə kömək etdiyinizin fotolarını da, insanların sizə xoş sözlər dediyi, sizə valeh olduqları fotolar da yapışdıra bilərsiniz. Nəticədə ağ-qara foto hər tərəfdən rəngli fotolarla əhatə olunacaq. Bu rəngli fotolar hər tərəfə yayılıb. Siz fotolara baxıb anlayırsız ki, sizin unuda bilmək istəmədiyiniz həmin pis hadisə bir dənədir. Onun sərhədi və ölçüsü var. Həyatınızın çox kiçik bir hissəsini əhatə edir. Bu ağ-qara foto sizin həyatınız deyil. Sizin həyatınız əlvan rəngli, parlaq və arzuolunandır, sizin həyatınız qarşıdadır".

 

Mənbə: Milli.az

12 sentyabr 2013
GO BACK