Suriyada Əsəd rejimi tərəfindən mülki əhaliyə qarşı kimyəvi silah işlədilməsi və bunun nəticəsində 2 minə yaxın adamın ölməsindən sonra ABŞ-da və dünyanın müxtəlif ölkələrində məsələ ətrafında qalxan ajiotaj tədricən zəifləməkdədir.
Milli.Az "Zaman Azərbaycan"a istinadən bildirir ki, bu müstəvidə də kimyəvi silahın işlədildyi ilk günlərdən Suriyaya qarşı hərbi müdaxilənin qaçılmaz olduğunu bildirərək Əsədi cəzalandıracağını bildirən ABŞ Prezidenti Barak Obamanın da mövqeyində yumşalma hiss olunmaqdadır. Obama ötən gün ABŞ-ın 6 telekanalına verdiyi müsahibəsində Suriyaya münasibətdə daha yumşaq mövqe nümayiş etdirərək kimyəvi silah işlədilməsi ilə bağlı problemi diplomatik yolla həll etməyə hazır olduğunu bəyan edib. Obama Rusiyanın Suriyadakı kimyəvi silahların beynəlxalq nəzarətə verilməsi təklifini yüksək qiymətləndirərək bunun problemin həllində çıxış yolu ola biləcəyini istisna etməyib. Obama bu yolla da problemin aradan qaldırıla biləcəyinə daha çox ümid bəslədiyini də gizlətməyib. O: “Biz bu diplomatik yolu da izləyəcəyik. Çox ümid edirəm ki, bu məsələ qeyri-hərbi yolla həll edilə bilər”, - deyib.
Bununla belə ABŞ Prezidenti Bəşər Əsədə qarşı diplomatik təzyiqlərin davam etdirilməsinin vacibliyini vurğulayaraq kimyəvi silahların təhvil verilməsinin Suriyadakı vətəndaş müharibəsini həll etməyəcəyini bunun ancaq tərəflər arasında siyasi danışıqlar üçün baza yarada biləcəyini bildirib. Obamanın son açıqlaması isə ortaya acı bir həqiqəti çıxarıb.
Bu da onun Suriyaya müdaxilə məsələsində tərəddüd etməsi və Buşla müqayisədə qətiyyətli qərar qəbul edə bilməməsi ilə əlaqədardır. Bu baxımdan vaxtı ilə İraqa müdaxilə məsələsində qətiyyətli hərəkət edən Buşdan fərqli olaraq Obama daha zəif xarakterli lider təsiri bağışlayır. Xatırladaq ki, son bir neçə günə kimi Obama Suriyaya müdaxilə məsələsində geriyə yol olmadığını bəyan edərək kimyəvi silahın tətbiqinə görə Əsədin cəzlandırılmasının qaçılmaz olduğunu bildirirdi.
O, Suriyaya məhdud çərçivədə zərbələr endiriləcəyini söyləyərək müvafiq hərbi hazırlıqların başladılması barədə müdafiə nazirliyinə göstəriş vermişdi. Bununla bağlı “G-20”-lərin Sankt Peterburqda keçirilən görüşündə Suriyaya müdaxilə məsələsində sərt bəyanatlar verən Obamanın birdən-birə mövqeyini yumşaltması Vaşinqtonun ən yaxın müttəfiqləri olan Fransa, İsrail və İngiltərədə belə təəccüblə qarşılanıb. Obamanın mövqeyinin yumşalmasına səbəb Rusiyanın kimyəvi silahlar üzərində nəzarətin beynəlxalq təşkilatlara verilməsi barədə verdiyi təkliflər olduğu ehtimal edilir. Hər halda Obamanın Putinin bu təklifinə dərhal müsbət yanaşaraq onun problemin diplomatik yolla həllinə yardım edəcəyini söyləməsi Ağ Evin indiki sahibinin ürəyindən olub.
Digər tərəfdən də Obamanın Suriyaya müdaxilə məsələsində tərəddüd etməsinin Konqresin buna müsbət yanaşmaması ilə də izah etmək olar. Belə ki, Konqres ilk gündən Suriyaya müdaxilənin əleyhinə çıxaraq adı çəkilən məsələdə Obamanı dəstəkləmədi. Bu müstəvidədə Obamanın Suriyaya hərbi müdaxilə ilə bağlı Konqresə təqdim etdiyi sənədə əvvəlcə sentyabrın 9-da, sonra isə 11-də baxılması qərara alındı. Ancaq dünən məlum olub ki, Konqres sentyabrın 11-də də Suriyaya müdaxilə ilə bağlı Obamanın onlara ünvanladığı sənədi müzakirə etməyəcək. Buna səbəb isə Konqresdə səs çoxluğuna malik demokrat senatorların lideri Harri Rid məsələyə dair səsvermənin keçirilməsindən imtina etməsi olub. Əslində Obama Suriyaya müdaxilə məsələsini Konqresin müzakirəsinə çıxarmaqla gələcəkdə ortaya çıxa biləcək hər hansı bir problemə görə özünü sığortalamaq yolu tutmuşdu.
Amma hadisələrin gedişi göstərir ki, Suriyaya müdaxilənin gələcəkdə doğura biləcəyi gözlənilməz təhlükə Konqresi də məsələyə ehtiyatlı yanaşmağa məcbur edib. Çünki Suriyaya müdaxiləyə görə Konqres də məsuliyyəti öz üzərinə götürmək istəmir. Belə bir vəziyyətdə Obama qanunların ona verdiyi səlahiyyətdən istifadə edərək 60 gün müddətində Suriyaya müdaxiləni həyata keçirə və ya ona məhdud çərçivədə hava zərbələri endirə bilər. Lakin başını Suriya bataqlığına soxmaq istəməyən Obamanın buna gedəcəyi inandırıcı görünmür. Ona görə də Rusiya tərəfindən daha çox aldadıcı manevrə xidmət edən və vaxtın uzanmasından istifadə edərək Əsədin ətrafında yaradılan gərginliyi zəiflətmək istəyən Moskvanın son təklifinin Obamanın ürəyindən olduğu ehtimal edilir.
Ancaq o da aydındır ki, Obama Suriyaya müdaxilə məsələsində qəti addımlar atmayacağı təqdirdə, bu ABŞ-ın Rusiyaya məğlub olması və bölgəyə nəzarətin Moskvanın əlinə keçməsi demək olacaq. Bu isə ABŞ-ın beynəlxalq imicinə güclü zərbə vuraraq onun super güc rolunu bundan sonra da oynaya bilməsini şübhə altına alacaq.
Mənbə: Milli.Az