2013-2014-cü dərs ili ərəfəsində bir sıra Uşaq musiqi və incəsənət məktəbləri binalarının açılışları olacaq
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində nazirlik sistemində fəaliyyət göstərən bir sıra bədii təhsil müəssisələri binalarının açılışları olacaq.
Belə ki, 2013-2014-cü dərs ili ərəfəsində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsindəki 4 nömrəli Uşaq İncəsənət, Binəqədi rayonu Biləcəri qəsəbəsindəki Fikrət Əmirov adına 6 nömrəli 11 illik İncəsənət, Nəsimi rayonundakı Şövkət Ələkbərova adına 20 nömrəli Uşaq Musiqi və Bərdə şəhərindəki Bülbül adına 1 nömrəli Uşaq İncəsənət məktəblərinin binaları əsaslı təmir və yenidənqurma işlərindən sonra müəllim və şagirdlərin istifadəsinə veriləcək.
Mənbə: Milli.Az