Qadin.NET / Valideynlərin diqqətinə!

Valideynlərin diqqətinə!

 

 


Gələn həftənin bazar ertəsi, sentyabrın 16-da ali və orta məktəblərdə 2013-2014-cü tədris ilinin başlanması ilə əlaqədar həm yollarda, xüsusilə də paytaxt Bakının küçələrində nəqliyyatın hərəkət intensivliyinin daha da artacağı gözlənilir. Bununla bağlı tövsiyəmiz odur ki, valideynlər avtomobillərini məktəbyanı ərazilərdə, yolun hərəkət hissəsində, qadağan olunmuş yerlərdə saxlamasınlar. Onların bu əməli nəqliyyatın hərəkətinə maneələrin və son nəticədə isə yersiz tıxacların yaranmasına səbəb olur.
Bu barədə Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.
Bundan əlavə, şöbə rəisinin sözlərinə görə, yerlərdəki əməkdaşlara göstəriş verilib ki, aylıq ərəfəsində ali və orta təshil müəssilərinin ətrafında hərəkət intensivliyi olan ərazilərdə müayinə aparılsın və aşkar edilən çatışmazlıqlar qısa müddət ərzində aradan qaldırılsın:
"Yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabrın 10-dan etibarən respublika ərazisində "Diqqət, uşaqlar!" adı altında hərəkətin təhlükəsizliyi aylığına start verilib. DİN rəhbərliyinin göstərişi ilə yararsız hala düşmüş yol nişanları dəyişdiriləcək, eləcə də cizgilər yenilənəcək. Məktəblərin yanında nizamlanmayan piyada keçidləri varsa, piyada zolaqlarının, yol cizgilərini pozulması halları aşkar olunarsa, onların yenilənməsi işlərinin aparılması ilə bağlı DİN rəhbərliyinin göstərişi var. Bu təhlükəsizlik aylığının məqsədi də elə budur ki, yenidən qısa müddət ərzində yollarda müayinə aparılsın, hardasa yol nişanı yoxdursa və ya yararsız hala düşübsə, onların aradan qaldırılması ilə bağlı təcili tədbirlər görülsün".
Qeyd edək ki, DİN rəhbərliyinin göstərişinə əsasən, oktyabrın 10-dək davam edəcək təhlükəsizlik aylığının keçirilməsinin əsas məqsədi uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin səmərəliliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılmasıdır.
Bununla bağlı verilən göstərişdə bildirilir ki, uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrinin təhlili aparılsın, onların başvermə səbəblərinin və şəraitlərinin aradan qaldırılması üzrə konkret profilaktiki tədbirləri görülsün, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, habelə uşaq və yeniyetmələrin toplaşdığı yerlərdə, onların hərəkət marşrutlarında yol şəraiti yenidən müayinə olunsun, hərəkətin təhlükəsiz təşkili nəzərə alınmaqla müvafiq tədbirlər, o cümlədən yol nişanlarının qoyulması, yararsızlarının yeniləri ilə əvəz edilməsi, nişanlama xətlərinin çəkilməsi və digər tədbirlər həyata keçirilsin.

Mənbə:Milli.az

11 sentyabr 2013
GO BACK