Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin üzvi, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı ölkə Prezidenti İlham Əliyevin Bərdədə məcburi köçkün ailəsi ilə görüşü zamanı söylədiyi fikirlərə münasibət bildirərkən deyib.
Azərbaycanın hazırkı təhsilinin səviyyəsindən razı qaldığını deyən A.Naxçıvanlı bildirib ki, təhsil sistemi həmişə təkmilləşməlidir: "Şübhəsiz ki, təhsil sistemi həmişə təkmilləşməli, bizi qane etməməlidir. Bütün qurumlar, təhsillə bağlı olan insanlar - hamı çalışır ki, təhsilimizin səviyyəsi yüksək olsun. Çünki hər bir Azərbaycan vətəndaşı təhsil alır və təhsilin də səviyyəsinin yüksək olması arzusundadır".
A.Naxçıvanlı deyib ki, hazırkı rəqabət mühitində hansısa bir vəzifəni savadsız kadr tuta bilməz. Ona görə də tələbə daha çox savadlanmalıdır.
MM üzvünün sözlərinə görə, indi elektron məkan genişləndiyi üçün tələbələrin də müxtəlif yollarla məlumat əldə etmək imkanları artıb. Buna görə də ali məktəbdə dərs deyən müəllim öz üzərində daha çox işləməlidir. Artıq hər bir müəllim yalnız artıq öz ixtisası üzrə məlumatlar almaqla kifayətlənməli deyil. O, dünyada olan siyasi proseslərdən, başqa məsələlərdən də xəbər tutmalıdır. Çünki bu halda o, tələbə qarşısına maraqlı bir mühazirə ilə çıxa bilər: "İnsan cəmiyyəti nə qədər varsa, cəmiyyət də o qədər təkmilləşir. Ona görə də biz daha çox işlər görməliyik. Bu işlər də, məncə, Azərbaycanda görülür".
Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 10-da Bərdədə 866 məcburi köçkün ailəsi üçün yeni salınan beşmərtəbəli 15 yaşayış binasından ibarət məhəllə ilə tanış olan zaman Ağdam rayonundan olan məcburi köçkün, şəhid ailəsi Səfurə Hüseynovanın mənzilində çay süfrəsi ətrafında ailə üzvləri ilə söhbət edib. Dövlət başçısı bu söhbəti zamanı bildirib ki, Azərbaycanda təhsilin səviyyəsi elə yüksək olmalıdır ki, heç kim daha xaricə getməsin, buna ehtiyac olmasın: "Tədricən biz bu məqsədlərə də çatırıq".
Mənbə:Milli.az