Qadin.NET / Emosional pozğunluqdan xəbər verən şənlənmək

Emosional pozğunluqdan xəbər verən şənlənmək

 

 

 

 

Səbəbsiz yerə şənlənmək emosional pozğunluqdan xəbər verir

Emosiyalar insan həyatının bütün istiqamətlərini - əmək fəaliyyətini, istirahətini, ünsiyyəti və s. daim müşayiət edən, onun əxlaqi davranışına təsir göstərən proses olub müxtəlif qıcıqlara qarşı orqanizmin mürəkkəb psixofizioloji reaksiyasıdır. İnsan özü ilə və ətrafda baş verən hadisələrə qarşı emosiyasız qala bilmir.
Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, insan onunla baş verən hadisələrdən narahatlıq keçirir. Belə ki, o, onu əhatə edən hər bir şeyə bağlıdır. Hadisələrə və insanlara olan münasibəti isə emosiya ilə əks olunur. Emosiya latın dilindən "emotio" sözündən götürülüb və tərcüməsi "həyacanlandırıram, təsir edirəm" mənasını verir. Emosiya subyektin halını və onun obyektə münasibətini ifadə edir. Əsas emosiyalar sevinc, kədər, qəzəb və qorxu hesab olunur.
Emosiyaların təsiri altında insan özünə xoş gələn nə varsa, ona meyl edir və əksinə xoşagəlməyən qıcıqlardan uzaqlaşmağa çalışır. Təəssüratla bağlı hisslərimiz nəinki psixoloji, bioloji, eyni zamanda sosioloji bir prosesdir. Emosional reaksiyaların rəngarəngliyi, coşqunluğu, davamlılığı və s. hər bir adamın yaşı, intellekti, mədəni səviyyəsi, xasiyyəti və digər şəxsi keyfiyyətləri ilə sıx bağlıdır. Belə ki, iki eyni cür sevinən və ya kədərlənən adam yoxdur. Hər kəsin özünəməxsus gülüş və kədərlənmə tərzi var.
A.Qurbanova qeyd edib ki, emosiyaların başlıca mənbəyi instinktiv tələblərlə əlaqədardır: "Ali emosiyaların isə mənbəyi estetik tələblərimizi ödəyən qıcıqlardır. Məsələn, musiqi, incəsənət, gözəllik, dostluq, sevgi və s. ali emosiyalara aiddir. İnsanın mədəni səviyyəsi, zövqünün zənginliyi ali emosiyaların xüsusi çəkisini müəyyən edir".
Onun dediyinə görə, emosional halın dəyişməsi orqanizmin bütün orqan və sistemlərinə təsir edərək olduqca mürəkkəb bioloji reaksiyalara səbəb olur: "Misal üçün, müsbət emosional reaksiyalar zamanı qanda şəkərin, katexolaminlərin miqdarının, mənfi emosional reaksiyalarda isə adrenalinin, serotoninin miqdarının artması buna misal ola bilər. Ümumiyyətlə, insan daim xarici və daxili aləmdən gələn qıcıqların təsiri altında ya şənlənir, ya da kədərlənir. Xəstəlik nəticəsində meydana çıxan ağrı, aclıq, soyuğun təsiri narazılıq hissini, yaraddır. Xoş xəbər eşitmək, dost ilə görüşmək isə insanı razı edir. Bütün bunlar əhvala təsir göstərir. Əhvalın həddi bütün qıcıqların cəminə bərabər olur. Gün ərzində bu göstəricilər dəfələrlə dəyişə bilər. Əhval-ruhiyyənin vəziyyəti hər bir şəxsin anadangəlmə fərdi xüsusiyyətləri, temperamenti, xasiyyəti ilə də əlaqədardır. Həyatda nikbin adlandırdığımız adamlar, əhvalı bədbib olardan kəskin fərqlənir. Belə ki, az əhəmiyyətli, mənfi bir qıcıq nikbin adamların vəziyyətinə bəzən heç bir təsir göstərməsə də, bədbin adamlarda xeyli davam edən məyusluğa səbəb olur".
Qeyd edək ki, emosional halın dəyişməsinin zahiri əlamətlərinə mimiki reaksiyalar, hərəkət reaksiyaları, vegetativ-visseral reaksiyalar aiddir. Bu reaksiyalar hər bir insanın razılıq və narazılıq hisslərini əks etdirən obyektiv əlamətlər olmaqla hər adamda fərqli tərzdə təzahür edir.
Emosional halın güclü və qısamüddətli dəyişməsi isə affekt haldır. Affekt hal dedikdə mənəvi sarsıntı, ehtirasın coşması və ya emosional partlayış başa düşülür. Bu hal fizioloji və patoloji olaraq iki formaya bölünür. Fizioloji affekt adekvat qıcıqlar nəticəsində yaranır, bu zaman düşüncə pozulmur. Ona görə də şəxs ictimai təhlükəli hərəkətlər etmir, etdikdə isə məsuliyyət daşıyır. Fizioloji affektin səbəbi bəd xəbər, məsul bir vəzifəni yerinə yetirərkən kobud səhv etmək, təhqir olunmaq, qiymətli bir şey itirmək və s. ola bilər. Patoloji affekt zamanı isə qeyd edilən səbəblərin güclü təsiri nəticəsində qeyri-adekvat düşüncə, bu və ya başqa dərəcədə pozulduğundan şəxs öz hərəkətlərinə nəzarət edə bilmir. Bu zaman ictimai təhlükəli hərəkət edirsə cinayət məsuliyyəti daşımır. Patoloji affekt mərkəzi sinir sisteminin üzvi xəstəlikləri olanlarda, şəxsiyyət pozuntusu, isteriya nevrozu olan şəxslərdə müşahidə oluna bilər.
Müsahibimizin dediyinə görə, tez-tez rast gəlinən emosiya pozuntularına laqeydlik, emosional kütlük, hipertimiya, hipotiniya, eyforiya, disforiya, qorxu, təşviş, həyacan emosional ləbillik, emosional kövrəklik, emosional ambivalentlik, emosional kütlüyü hesab olunur. Məsələn, emosional kövrəklik zamanı xəstə olduqca yazıq, asanlıqla göz yaşı axıtmağa hazır olan görkəm alır. Beynin damar, üzvi, intoksikasion və infeksion xəstəlikləri zamanı rast gəlinir. Laqyedlik zamanı isə xəstə yaxın adamlara, ətrafda cərəyan edən hadisələrə qarşı biganə olur. Amma bu zaman şəxs, marağına, instiktiv tələblərinə laqeyd qalmır.
Səbəbsiz yerə şənlənmək də emosional pozğunluqdan xəbər verir. Psixoloq qeyd edir ki, bu hal hipertimiya (maniakal hal) adlanır. Hipertimiya zamanı xəstə daim şən və gülərüz olur, oxuyur, oynayır, bir yerdə qərar tuta bilmir, hərəkətləri və davranışı ilə hamını əyləndirməyə çalışır. Lakin bu normal hal deyil, əsasən affektiv pozuntuların maniakal fazasında və bir sıra digər hallarda rast gəlinir. 

Mənbə:Milli.az

 

11 sentyabr 2013
GO BACK