Bakıda və Abşeron yarımadasındakı uşaq evlərində, fiziki qüsurlu uşaqlar üçün olan təhsil müəssisələrində mərkəzləşdirilmiş qidalanma praktikası tətbiq olunacaq.
Trend-in məlumatına görə, Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovjurnalistlərə bildirib ki, sentyabrın 16-dan Bakıda və Abşeron yarımadasında fəaliyyət göstərən uşaq evlərində, fiziki qüsurlu uşaqlar üçün olan təhsil müəssisələrində uşaqların yaşı, qidaların kalorililiyi, vitamin tərkibi nəzərə alınmaqla mərkəzləşdirilmiş qidalanma praktikası tətbiq olunacaq:
"Bununla da bu məsələnin birdəfəlik həllinə nail olacağıq. Bu təcrübə uğurlu olduğu təqdirdə həmin təcrübənin digər ərazilərdə tətbiqini təklif edəcəyik".
Nazir qeyd edib ki, orta məktəblərdə təhsil alan şagirdlərin sağlamlığını daha yaxşı təmin etmək üçün Nazirlər Kabineti tərəfindən şagirdlərin qidalanması ilə bağlı müvafiq qərar qəbul edilib. Bu qərar məktəbdaxili iaşə obyektlərinin fəaliyyətini tənzimləyir:
"Bu qərar da təhsilin infrastrukturunda müəyyən dəyişikliklərin aparılmasını tələb edir. Hazırda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən məsləhətləşmələr aparılır. Bu məsələ üzərində ciddi nəzarət həyata keçiriləcək".
Mənbə:Milli.az