Qadin.NET / Azərbaycanda "yol radiosu" işə düşdü

Azərbaycanda "yol radiosu" işə düşdü

 

 

Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) 107.7 tezliyində "Auto FM" radiosu sentyabrın 9-dan etibarən texniki yayıma başlayıb. Əsas yayıma isə oktyabr ayında start veriləcək.
NİİM-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Auto FM" əhalini yollardakı vəziyyət barədə operativ şəkildə məlumatlandırmaq, vətəndaşları birbaşa olaraq Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin fəaliyyəti barədə maarifləndirmək, geniş əhali kütləsini sistemlərin işləmə mexanizmini ətraflı öyrənməyə sövq etmək, NİİM-də olan məlumatları ictimaiyyətlə paylaşmaq məqsədi daşıyır. "Auto FM" radiosunda ənənəvi informativ və əyləncəli xarakter daşıyacaq proqramlar, müxtəlif janrlı musiqi nömrələri də yayımlanacaq.
Mərkəzin baş direktoru Elnur Abdullayev bildirib: "Bütün dünyada Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzlərinin nəqliyyat məlumatlarını əhaliyə operativ çatdırmaq üçün radio kanalları mövcuddur. Artıq Azərbaycanda da bu praktikadan istifadə olunmağa başlanılıb və radionun fəaliyyəti daha çox sürücülərə və nəqliyyat istifadəçilərinə yönələcək".
Qeyd edək ki, radioya 6 illik lisenziyanın verilməsi barədə qərar Milli Televiziya və Radio Şurasının 02 aprel 2013-cü il tarixində keçirilmiş iclasında qəbul edilib.
Mənbə: Milli.Az

10 sentyabr 2013
GO BACK