Qadin.NET / Azərbaycanda hansı ixtisaslar üzrə vakant müəllim yerləri qalıb?

Azərbaycanda hansı ixtisaslar üzrə vakant müəllim yerləri qalıb?

 


2013-2014-cü tədris ili üçün orta məktəblərə müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqənin nəticələrinə əsasən, Azərbaycanın daha çox Lerik, Yardımlı, Gədəbəy rayonlarında fizika, kimya, biologiya ixtisasları üzrə vakant müəllim yerləri qalıb.
Təhsil Nazirliyindən (TN) Trend-ə bildirilib ki, həmin vakant yerlərdə dərs yükü bir stavkadan azdır.
Nazirlikdən deyilib ki, TN bu il həvəsləndirmə tədbirləri tətbiq olunan vakant müəllim yerlərinin sayını artırıb. Ötən illərdə 800 müəllim yeri üçün həvəsləndirmə tədbirləri tətbiq olunmuşdusa, bu il onların sayı artırılaraq 2500-ə çatdırılıb.
TN-dən əlavə edilib ki, son illərdə həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə müəllimlərin marağının artması müşahidə olunur. Cari ildə nəzərdə tutulan 2527 yerdən 1100-nə həvəsləndirmə tədbirləri tətbiq edilməklə müəllimlər göndərilib. Qalan vakant yerlərə növbəti müsabiqə və müsahibələr nəticəsində gənc mütəxəssislərin göndərilməsi nəzərdə tutulub.
Növbəti tədris ili ərzində müəllimlərin işə qəbulu üçün əlavə müsabiqənin keçirilməsinə gəldikdə, nazirlikdən bildirilib ki, hazırda yeni dərs ili ərəfəsində yaranan və boş qalan vakant yerlərin təhlili aparılır. Həmin yerlər, ilk növbədə müsabiqədə iştirak edərək keçid balını toplayanlara təklif ediləcək (elektron müraciət əsasında). Ehtiyac olarsa, yeni müsabiqənin vaxtı müəyyənləşdirilərək elan ediləcək.
Qeyd edək ki, 2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrindəki 3286 vakant müəllim yerinə işə qəbul olunmaq üçün 18782 nəfər elektron ərizə verib. Onların 15030 nəfəri imtahanlarda iştirak edib. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun nəticələrinə görə, ümumilikdə 1474 nəfər işə qəbul olunub.

Mənbə: Milli.az

 

9 sentyabr 2013
GO BACK