Qadin.NET / Azərbaycanlı zəvvarlar öldürücü virusdan necə qorunacaqlar?

Azərbaycanlı zəvvarlar öldürücü virusdan necə qorunacaqlar?

 

 

QMİ-dən APA-ya verilən məlumata görə, zəvvarlardan ibarət bütün səfər qruplarına həmin viruslar üzrə ixtisaslaşmış həkim heyəti cəlb ediləcək. 
Hər qrup üzrə iki həkim təyin olunacaq. Virusun təhlükəliliyi nəzərə alınaraq QMİ yaşlı və orqanizmi zəif olan zəvvarların səfərlərini təxirə salmağı da tövsiyə edir.
Öz növbəsində, Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi Həcc ziyarəti ilə bağlı müsəlman ölkələrinə xəbərdarlıq göndərib. Xəbərdarlıqda bildirilir ki, son zamanlar ölkədə təhlükəli virus yayılıb və bu virusdan artıq onlarla insan dünyasını dəyişib. Tənəffüs yolları sindromu (MERS-CoV) olan yoluxucu virusun Yaxın Şərqi bürüyə biləcəyi və böyük faciələrə səbəb olacağı xəbərdar olunub. Nazirlik yaşlı zəvvarları və səhhətində xroniki xəstəliklər olan insanları Həcc ziyarətini təxirə salmağa da çağırıb. Səudiyyə Ərəbistanı rəsmiləri, həmçinin zəvvarların gigiyena qaydalarına əməl etməsini, öskürərkən ağızlarını bağlamasını və insanların çox olduğu yerlərdə qoruyucu maskalardan istifadə etməsini məsləhət görüblər.
Qeyd edək ki, bu il Həcc ziyarəti oktyabrın 3-dən başlayacaq. Zəvvarların yola salınması oktyabrın 8-dək davam edəcək. Azərbaycanda Həcc ziyarəti Suriyada baş verən hadisələrlə əlaqədar ancaq təyyarə ilə həyata keçirilir. Zəvvarlarımızın Həcc ziyarətinə aparılmasını Fransanın “France Air” aviaşirkəti təşkil edir. Zəvvarlar 80 qrupa bölünüb, hər qrupda 45-55 nəfər olacaq. Oktyabrın 3-də bir reys, qalan günlər isə hər gün 3 reys təşkil olunacaq. Ümumilikdə bu il Azərbaycandan 3600 zəvvarın Həccə getməsi nəzərdə tutulub. 
Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 1-dən başlayıb və mayın 30-da başa çatıb. Sənədlər ziyarəti təşkil edən yeganə qurum olan QMİ-də qəbul olunub. Ziyarət bu il də iki variantda təşkil olunur. Nisbətən zəif şəraitli, gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan hotellərdə qalmaq (VİP ziyarət) istəyən zəvvarlar üçün ümumi xərc 4100 manatdır.

Mənbə:Milli.az

7 sentyabr 2013
GO BACK