Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının 22-ci qurultayına məktub ünvanlayıb.
Milli.Az-ın AzərTAc-a istinadən məlumatına görə, məktubda deyilir:
"Hörmətli qurultay iştirakçıları!
Sizi növbəti qurultayınızın işə başlaması münasibətilə salamlayır və səmimi qəlbdən təbrik edirəm.
Bugünkü qurultay ölkəmizin regionda dinamik inkişaf edən lider dövlətə çevrildiyi, artıq beynəlxalq səviyyədə müstəqil siyasət aparan və irihəcmli investisiya yatıran, eyni zamanda, ehtiyacı olan ölkələrə öz köməyini əsirgəməyən dövlət kimi tanındığı bir dövrə təsadüf edir. Belə bir dövrdə Azərbaycanda kooperativlər şəbəkəsinin rolu danılmazdır.
Azərbaycanda ilk kooperativ təşkilat XIX əsrin sonlarında təsis edilmişdir. Qısa müddətdə əksər bölgələri əhatə edən kooperativlər vahid ittifaqda birləşmiş, 1920-ci ildən isə “Azərittifaq” adı altında fəaliyyət göstərməyə başlamışdır. Kooperativlər əhalinin mal və xidmətlərə olan tələbatının ödənilməsində, məşğulluğun təmin olunmasında mühüm rol oynamış, ölkə iqtisadiyyatının inkişafına önəmli təsir göstərmişdir.
Kooperasiya özünün ən yüksək inkişaf səviyyəsinə ümummilli lider Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi dövrdə çatmışdır. Respublikamız müstəqillik qazandıqdan sonrakı ən ağır illərdə də kooperativlər ölkə əhalisinin ərzaq və ilkin tələbat malları ilə təchizatını təmin etmişdir.
“Azərittifaq” ən kütləvi təşkilatlardan biri kimi, ətrafında çoxsaylı pay sahiblərini birləşdirərək, öz fəaliyyətini yeni şəraitə uyğunlaşdırmışdır. Bu qurum ictimai iaşə və tədarük müəssisələri vasitəsilə vətəndaşlara müasir çağırışlara cavab verən ticarət və iaşə xidmətləri göstərir, kənd təsərrüfatı məhsullarını tədarük edərək, sənaye müəssisələrinin və əhalinin tələbatının ödənilməsinə yönəldir.
İstehlak kooperasiyası ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və hesab edirəm ki, kooperativlər bundan sonra da ticarət, tədarük və istehsal sahəsindəki funksiyalarını layiqincə yerinə yetirəcək və kəndin sosial-iqtisadi inkişafına öz dəyərli töhfəsini verəcəkdir.
İnanıram ki, bu qurultayda qəbul edəcəyiniz qərarlar kooperativ təşkilatların əhalinin həyat səviyyəsinin yüksəlməsinə yönələn fəaliyyətini gücləndirəcək, onu müasir dövrün tələblərinə uyğun qurmağa kömək edəcək, bununla da şəhər və kənd arasında əlaqənin daha da möhkəmlənməsinə səbəb olacaqdır.
Qurultayın işinə və fəaliyyətinizə uğurlar arzulayıram!"
Mənbə:Milli.az