Qadin.NET / İlqar Orucov: Son illərdə gənclərin elmə axınında nəzərəçarpacaq irəliləyiş var (MÜSAHİBƏ)

İlqar Orucov: Son illərdə gənclərin elmə axınında nəzərəçarpacaq irəliləyiş var (MÜSAHİBƏ)

 

 

 

 

Trend-in fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru İlqar Orucov ilə müsahibəsi

- Gənclər siyasətindən gənc alimlər nə qədər bəhrələnə bilirlər?

- Bildiyiniz kimi, gənc alimlər istedadlı və yaradıcı gənclər qrupuna daxildirlər. İstər gənclər siyasəti haqqında qanunda, istərsə də indiyədək gənclərlə bağlı qəbul edilmiş dövlət proqramlarında bu kateqoriyadan olan gənclərə ayrıca diqqət və qayğı əksini tapmışdır. Bununla bərabər istedadlı və yaradıcı gənclərlə bağlı ayrıca dövlət proqramı qəbul edilərək icra edilmişdir. Hesab edirəm ki, qəbul edilmiş proqramların icrası nəticəsində gənc alimləri narahat edən bir çox problemlərin aradan qaldırılmasına nail ola bilmişik. Azərbaycanda ölkə başçısı tərəfindən həyata keçirilən gənclər siyasətinin əsasında Azərbaycan gənci dayanır və dövlət ölkəmizin gələcəyi olan gənclərin hərtərəfli inkişafında israrlıdır.

- Gənclərin elmə axınında irəliləyiş varmı?

- Son illərdə gənclərin elmə axınında nəzərəçarpacaq irəliləyiş vardır. Bu özünü müdafiə edən alimlərin yaş tərkibində də göstərir. Belə ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının məlumatına görə, 2003-cü ildən başlayaraq elm gəncləşməyə başlamışdır və elmin qocalması barədə əvvəlki narahatlıq aradan qalxmaqdadır. Müdafiə edən fəlsəfə doktorlarının orta yaşı 29-32 təşkil etmişdir. Doktoranturaya qəbul zamanı son illərdə konkurensiya müşahidə olunur. Əlbətdə ki, bu bizi sevindirməyə bilməz. Gənclərin elmə üz tutması müsbət haldır və ölkəmizin gələcəyinə ümidlə baxmağa əsas verir. Çünki gələcək elmin, biliklər iqtisadiyyatına malik, elm tutumlu texnologiyalara sahib olan dövlətlərindir.

Ölkə başçımız tərəfindən elmin inkişafı ilə bağlı Milli Strategiya və dövlət proqramı qəbul edildi. İstər Milli Strategiyada, istərsə də dövlət proqramında elmdə kadr potensialının qorunub saxlanması, inkişaf etdirilməsi başlıca vəzifə kimi qoyulmuşdur. Bu gün istər Akademiya rəhbərliyi, istərsə də müvafiq aidiyyəti qurumlar bu istiqamətdə ciddi işlər həyata keçirirlər. Cənab Prezident AMEA-nın İllik Toplantısında çıxışında da gənclərin elmi hazırlığı məsələlərinə ciddi əhəmiyyət verməyi vəzifə olaraq tapşırdı. Və təsadüfi deyil ki, 2009-cu ildə ölkə başçısının sərəncamı ilə ilk dəfə dövlət vəsaiti hesabına gənc alimlər Avropanın nüfuzlu elmi mərkəzlərinə ezam edildilər və doktorantura hazırlığını keçdilər. Artıq bu il növbəti seçim prosesinə başlanılıbdır və daha çox sayda gənclərin dövlət hesabına xaricdə hazırlıq prosesinə göndərilməsi nəzərdə tutulmuşdur. İstər Azərbaycan Milli Elmlər Akademiyasının, istərsə də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin rəhbərliyi gənc elmi kadrların hazırlığı prosesini daim diqqətdə saxlayır və bu istiqamətdə ardıcıl, sistemli və zəruri tədbirləri həyata keçirirlər.

- Stimullaşdırıcı tədbirlər olaraq hansı işlər həyata keçirilir?

- Gənc alimlərin fəaliyyətlərinin stimullaşdırılması əsas məqamlardan biridir. 2006-cı ildən başlayaraq bizim təşəbbüsümüzlə Gənclər və İdman Nazirliyi tərəfindən hər il fevral ayının 2-də Azərbaycan Gəncləri Günü münasibətilə elm sahəsində nailiyyətləri olan gənc alimlər "Gənclər Mükafatı" ilə təltif olunurlar. Hər il AMEA-da gənc alimlər arasında respublika səviyyəli müxtəlif müsabiqələr təşkil edilir, qaliblər qiymətli hədiyyələr və pul mükafatı ilə təltif edilir. Bu istiqamətdə ən böyük hadisə isə bu il cənab Prezident tərəfindən "Gənclər Mükafatı"nın təsis edilməsi oldu ki, qeyd olunan mükafat elm sahəsində gənclər arasında rəqabət mühitini formalaşdırmaqla bərabər elm sahəsində uğurlar əldə etmiş gənc alimlərin fəaliyyətinə ciddi stimul verəcəkdir.

- Gənc alimlərin ideya və təşəbbüslərini, elmi layihələrini reallaşdırmaq istiqamətində həyata keçirilən tədbirlər barədə bir qədər danışmağınızı istərdik.

- Məlumat üçün qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondu artıq iki dəfə gənc alim və mütəxəssislərin elmi layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan etmişdir. Həmçinin, Prezident yanında Gənclər Fondunun yaradılması bu istiqamətdə əlavə imkanlar yaratmış və elmi gəncliyin ideya və təşəbbüslərini realizə etmələrinə hər cür şərait yaradılmışdır. Gənclər Fondunun rəhbərliyinin də dəfələrlə qeyd etdiyi kimi, fond gənc alimlərin üzünə hər zaman açıqdır, yetər ki, gənclər müraciət etsinlər və fondun imkanlarından faydalansınlar. Bura Dövlət Neft Şirkətinin Elm Fondunu da əlavə etsək görərik ki, dövlət elmi gəncliyin fəaliyyəti üçün hər cür şəraiti yaratmışdır.

Gənc alimlərin elmi ezamiyyələrə göndərilməsi istiqamətində ciddi problemlərimiz var idi. Bu barədə bizim gənclər və idman naziri cənab Azad Rəhimovla danışıqlarımız oldu və nazirliyin maliyyə dəstəyi ilə hər il onlarla gənc alim xarici elmi tədbirlərdə ölkəmizi və elmimizi təmsil edir.

Eyni zamanda, gənc alimlərin elmi əsərlərinin növbəsiz və problemsiz çap olunması istiqamətində təşəbbüsümüzə Gənclər və İdman Nazirliyi müsbət reaksiya verdi. 2008-ci ilə biz "Gənc Alimlərin Əsərləri" elmi jurnalını təsis etdik. Jurnalda məqalələr pulsuz qəbul edilir və hər bir müəllifə bir ədəd jurnal hədiyyə edilir. Sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası da gənclərə xüsusi diqqət və qayğı ilə yanaşaraq jurnalı bütün elmi istiqamətlərdə tövsiyyə edilən elmi nəşrlər siyahısına daxil etdi.

Eyni zamanda, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi də hər il bir neçə gənc alimin monoqrafiyalarının çap edilməsini öz üzərinə götürür.

Biz artıq gənc alimləri əhatə edən və ənənə halını almış bir neçə kompleks aksiyalar həyata keçirmişik. Bunlardan dörd dəfə keçirilmiş "Gənclik və Elm Həftəliyi"ni, iki dəfə keçirilmiş "Gənc Alimlərin Elm Festivalı"nı, artıq iki dəfə keçirilmiş və cari ilin sentyabr ayının 16-20 aralığında növbəti dəfə keçiriləcək "Gənc alimlərin İnnovativ İdeya Yarmarkası"nı, hər il keçirilən "Gənc alimlərin Elm sərgisi"ni və digər tədbirləri qeyd edə bilərik. Bu tədbirlər gənc alimlərin geniş auditoriyada öz elmi yeniliklərini təqdim etməyə imkan yaradır, onlar həmkarları ilə elmi mübadilə və ən başlıcası isə yeni dövrdə elm üçün vacib məqam olaraq elmlərarası əlaqədə və kəsişmədə yeni tədqiqat predmetləri barədə müzakirələr aparmaq imkanı əldə edirlər.

- May ayında Bakıda gənc alimlərin möhtəşəm forumu keçirildi. Maraqlıdır, 20 il müstəqillik tarixinə malik bir ölkədə keçirilən tədbirə xarici gənc alimlər nə qədər maraq göstərirdilər?

- Artıq bir neçə ildir ki, Azərbaycan gənc alimlərin beynəlxalq elmi tədbirlərinə, yay məktəblərinə ev sahibliyi edir. Dünyanın müxtəlif ölkələrindən gələn həmkarlarımız Bakıda bir araya toplaşmaqla elmi nailiyyətlərini müzakirə edirlər. Biz bu ilin may ayında Bakıda 32 Avropa və digər qitələrdən olan 13 dövlətin 175 nəfər gənc aliminin və Azərbaycandan da eyni sayda gənc alimlərin qatıldığı "Avropa Gənc Alimlərinin I Bakı Forumu"nu təşkil etdik. Bu hadisə iştirakçı dövlətlərin və gənc alimlərin sayına görə nəinki Avropada, eləcə də dünyada gənc alimlərin ən böyük tədbiri idi. Bütün bunlar onu göstərir ki, Azərbaycan artıq dünyanın elmi mərkəzi olmaq iddiasını ortaya qoymuşdur. Sevindirici haldır ki, foruma qatılan avropalı gənclərin özlərinin də qeyd etdikləri kimi ölkəmizdə həyata keçirilən gənclər siyasəti, gənclərə qayğı çoxlarına ideal görünən Avropa üçün də nümunə ola bilər. Bizim həmkarlarımız elmi müəssisələrlə tanış olduqda isə məmuniyyətlə Azərbaycanda elmi fəaliyyətlə məşğul olmaq istəklərini açıq ifadə edir, mütəmadi olaraq bu arzularında israrlı olduqlarını bildirirdilər. Bütün bunlar olduqca qürürverici məqamdır. Çünki bir neçə il əvvələdək Azərbaycandan beyin axını mövcud idisə, düzgün hesablanmış siyasət artıq beyin axınının istiqamətini ölkəmizə doğru yönəltmişdir.

Ölkə başçısı tərəfindən həm elm, həm də gənclər siyasəti sahəsində atılan addımlar çox yaxın gələcəkdə ölkəmizin biliklər iqtisadiyyatına malik, rəqabətədavamlı kadrlara malik intellektual ölkə kimi ən inkişaf etmiş dövlətlər sırasında yer tutmasına hədəflənmişdir.

 

Mənbə: Trend.az

6 sentyabr 2013
GO BACK