Qadin.NET / Serj Sarkisyan Rusiya Prezidentinin dediyini etmək məcburiyyətində qaldı

Serj Sarkisyan Rusiya Prezidentinin dediyini etmək məcburiyyətində qaldı

 

İşğalçı ölkənin Gömrük İttifaqına daxil olmaq niyyəti Avropada müsbət qarşılanmır

 

Müstəqilliyi formal xarakter daşıyan Ermənistanın kənar yardımlar olmadan yaşamasının mümkünsüz olduğunu bu ölkənin özündə də qəbul edirlər. Ermənistanın region ölkələrinin əksəriyyəti ilə münasibəti elə də yaxşı deyil və buna əsas səbəb onun torpaq iddialarıdır. Digər tərəfdən, bu ölkənin son dövrlərdə Rusiya ilə münasibətlərinin gərginləşməsi Ermənistanı daha pis vəziyyətə qoymuş, yeni sosial-iqtisadi problemlər məngənəsinə yuvarlamışdı. Belə vəziyyətdə Serj Sarkisyan iqtidarına qarşı etiraz dalğası sürətlə genişlənməkdədir. Məhz bu səbəbdən və yaranmış ağır vəziyyəti düzəltmək üçün Serj Sarkisyan uzun müddətdir ölkəsinə dəvət etdiyi Rusiya Prezidentinin ayağına özü getməli oldu.
Ermənistan Avratlantik məkana inteqrasiyanın üstündən xətt çəkdi
Moskvada Rusiya və Ermənistanın dövlət başçıları arasında keçirilmiş danışıqların nəticələrinə dair birgə bəyanatda deyilir ki, Ermənistan Gömrük İttifaqına daxil olmaq və gələcəkdə Avrasiya İqtisadi Birliyinin formalaşmasında iştirak etmək niyyətindədir. Rusiya Prezidenti Vladimir Putin Ermənistan prezidentinin qərarını dəstəkləyib və bu prosesdə sona qədər onun yanında olduğunu deyib: "Sentyabrın 3-də Moskvada Rusiya Prezidenti Vladimir Putin və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş olub. Ermənistan prezidenti Serj Sarkisyan ölkəsinin Gömrük İttifaqına daxil olmağı qərara aldığını bəyan edib və bu məqsədlə əməli addımlar atmağa, gələcəkdə isə Avrasiya İqtisadi Birliyinin formalaşmasında iştirak etməyə hazır olduğunu bildirib".
Novo-Oqoryovoda keçirilən görüşdən sonra Putin vurğulayıb ki, bu, cari ildə Ermənistan prezidentinin Moskvaya ikinci səfəridir. Rusiya XİN rəhbəri Sergey Lavrov qeyd edib ki, Moskva Gömrük İttifaqının bütün üzvlərinin Yerevanın quruma qoşulmaq barədə qərarını dəstəkləyəcəyinə ümid edir: "Gömrük İttifaqında mövcud olan prosedurlar qüvvəyə minir - Gömrük İttifaqının təsisçiləri olan üç dövlətin rəhbərliyinə, Avrasiya İqtisadi Komissiyasına müraciət və s. Bu, artıq danışıqların kifayət qədər texniki olan predmetidir. Rusiya və Ermənistan siyasi qərar verib. Ümid edirik ki, Gömrük İttifaqının bütün üzvləri Yerevanın bu qərarını dəstəkləyəcək".
Gömrük İttifaqına daxil olmaqla Ermənistan qərbyönümlü kursdan artıq birdəfəlik imtina etdiyini göstərir. Ermənistanın özündə də bu hal birmənalı qarşılanmır. Gözlənilir ki, Ermənistanın Gömrük İttifaqına daxil olmasına etiraz aksiyaları təkcə qərbyönümlü qüvvələr tərəfindən yox, həm də Ermənistan ictimayyətinin geniş təbəqələri tərəfindən keçirilə bilər. Politoloqlar proqnozlaşdırırlar ki, baş verənlər fonunda Ermənistana Qərbin yardımları dayanacaq. Çünki bu yoxsul ölkənin sakinlərinə az da olsa, rifah vəd edən xarici siyasətdə qərbyönümlü kurs dağılıb.
Brüsseldə isə diplomatlar və məmurlar Ermənistanın Gömrük İttifaqına qoşulmaq barədə gözlənilməz qərarından belə demək mümkünsə, şoka düşüblər. Avropa Birliyinin proqramı çərçivəsində Belçikanın paytaxtı Brüsseldə səfərdə olan müxalif "İrs" partiyasının baş katibi Stepan Safaryan özünə aid olan "Facebook" sosial şəbəkəsində status yazıb: "Artıq bir neçə saatdır ki, onlar öz təəccüblərini, qəzəblərini gizlədə bilmirlər və bu, özünü bütün görüşlərdə göstərirdi. Rəsmi Yerevandan, həm Avropa komissiyasından, həm də Avropa Parlamentindən izahat gözləyirlər. Maraqlıdır, görəsən, Sarkisyan iqtidarı bu dəfə hansı nağılı uyduracaq".
Hakimiyyət tərəfdarları isə Sarkisyan iqtidarının mövqeyinin düzgün olduğunu iddia edirlər. Millət vəkili Ayk Babuxanyan "Ayos aşxar" qəzetinə müsahibəsində bildirib ki, Ermənistanın Avropa Birliyinin azad ticarət zonasına daxil olmasının iqtisadi məqsədəuyğunluğu heç vaxt əsaslandırılmayıb: "Küçəyə çıxın və soruşun ki, kimsə bu prosesə kor-koranə daxil olmağa razıdırmı? Avropanın özünün də çoxsaylı iqtisadi və demoqrafik problemlərə malik olduğu məlumdur. Mənim üçün bir şey aydındır: Ermənistanın gələcəyi Avrasiya İttifaqıdır. Bizim təhlükəsizliyimizin əsas zamini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Rusiyanın Ermənistanda hərbi bazasının mövcudluğudur. Bizim sərhədlərimizi Rusiya sərhədçiləri mühafizə edir. Amma Avropa İttifaqının bizim təhlükəsizliyimizə zəmanət vermək arzusu yoxdur".
A.Babuxanyan hesab edir ki, Rusiya Ermənistandan getsə, işğalçılıq siyasətinə görə regiondakı ölkələr Ermənistanı məhv edərlər. "Aravot" qəzeti isə yazır ki, Qərbin Ermənistana münasibəti bundan sonra daha sərt olacaq.
Avropa Ermənistana qəzəblidir
Beləliklə, yaranan vəziyyət göstərir ki, Ermənistanla Avropa Birliyi arasında noyabrda imzalanması planlaşdırılan azad ticarət sazişi artıq sual altına düşür. Bundan əvvəl Avropa Birliyi xəbərdarlıq etmişdi ki, Ermənistan həm onunla sıx əməkdaşlıq haqqında saziş bağlaya, həm də Gömrük İttifaqına qoşula bilməz. Yəni, ikisindən birini seçməlidir. Ermənistanın seçimi isə Avropanın xoşuna gəlmir.
İsveçin xarici işlər naziri Karl Bildt bildirib ki, Ermənistan Avropa Birliyi ilə azad ticarət sazişinin bağlanmasıyla əlaqədar danışıqlardan yayınır və Rusiyaya inteqrasiya edir: "Deyəsən, Ermənistan Avropa Birliyi ilə azad ticarətə dair razılaşma ətrafında danışıqları pozur. Bunun əvəzində isə Rusiya inteqrasiya, 180 dərəcəlik dönüş edir".
Litvanın xarici işlər naziri Linas Linkeviçyus AFP-yə açıqlamasında deyib ki, Ermənistan Gömrük İttifaqına daxil olmaqla Avropa Birliyi ilə azad ticarət haqqında saziş imzalamaq şanslarını məhdudlaşdırıb. Onun sözlərinə görə, Avropa Birliyi Ermənistan prezidenti Serj Sarkisyanın elan etdiyi qərara hörmətlə yanaşır: "Biz istənilən ölkənin seçiminə hörmət edirik. Amma iki sistem bir-biri ilə uzlaşmır. Onlar müxtəlif tələblər üzündən hər iki təşkilata daxil ola bilməzlər".
Xatırladaq ki, 2013-cü ilin noyabrında Vilnüsdə Avropa Birliyi və "Şərq tərəfdaşqlığı" ölkələri liderlərinin sammiti keçiriləcək. Sammitdə Ermənistan da daxil olmaqla azad ticarətlə bağlı sazişin imzalanması gözlənilirdi. Lakin Ermənistanın artıq bu sazişi imzalaması sual altına düşür.
Bütün bunlar Avropa sərmayəsinin də Ermənistana gəlməsini sual altına alır. Onsuz da xarici ölkələrin investorları iqtisadiyyatı getdikcə tənəzzülə uğrayan Ermənistana sərmayə qoymağa ehtiyat edirlər. Vaxtilə bu ölkəyə sərmayə yatıran xarici iş adamları Ermənistan iqtisadiyyatının tənəzzülünə, bu ölkədə hökm sürən özbaşınalıqlara və korrupsiya hallarına görə tədricən investisiyalarını çıxarmağa başlayıblar. Cari ilin birinci rübündə Ermənistan iqtisadiyyatına investisiya yatırımı ötən ilin müvafiq dövrü ilə müqayisədə 35 faiz azalıb. Ötən ilin birinci rübündə Ermənistana xarici investisiya qoyan ölkələr arasında siyahıya 209 milyon dollar yatırımla Fransa başçılıq edirdisə, 2013-cü ildə bu ölkənin Ermənistana sərmayə qoyuluşu 9 dəfə azalıb. Rusiyanın da Ermənistanın enerji, nəqliyyat və telekommunikasiya sahələrinə sərmayə qoyuluşunda azalma qeydə alınıb.
Mütəxəssislər qarşıdakı illərdə də xarici investisiyaların miqdarının xeyli azalacağını, bunun onsuz da böhran keçirən Ermənistan iqtisadiyyatına ciddi zərər vuracağını bildirirlər. Xüsusən də, "Şərq tərəfdaşqlığı" proqramından yayınmasına görə, Ermənistanı Avropa tərəfindən ciddi təzyiqlər gözləyir.
Qeyd edək ki, Polşa və İsveç tərəfindən irəli sürülmüş "Şərq tərəfdaşlığı" təşəbbüsü 2008-ci ildə Brüsseldə keçirilmiş AB sammitində təsdiqlənib və 2009-cu ildə Praqada rəsmi təsis olunub. Proqramın məqsədi Avropa Birliyinin Azərbaycan, Gürcüstan, Ukrayna, Belarus, Moldova və Ermənistanla yaxınlaşmasıdır. Lakin artıq Ermənistan bundan imtian edib və əsas səbəb də odur ki, Ermənistan müstəqil dövlət deyil və öz siyasətini apara bilmir. Bununla yanaşı, Ermənistanın iqtisadiyyatı da yox səviyyəsindədir. Xalq demokratik və sərbəst şəkildə öz prezidentini seçməyib. Prezident də xalq tərəfindən seçilmədiyinə görə, Serj Sarksiyan onu seçən əcnəbi qüvvələrin istəklərini yerinə yetirməyə məcburdur.
Bu fonda isə müşahidə olunan mənzərə odur ki, Ermənistanın gələcək perspektivi yoxdur.

Mənbə: Milli.Az

6 sentyabr 2013
GO BACK