Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə "Dünya Rəqabətlilik Hesabatı"na əsasən Azərbaycan qlobal rəqabət qabiliyyətlilik indeksinə görə 7 pillə irəliləyib
Azərbaycan iqtisadiyyatının dayanıqlı və davamlı inkişafını özündə təcəssüm etdirən milli sosial-iqtisadi modelin başlıca istiqaməti ölkə iqtisadiyyatının daha da inkişafı, dünya iqtisadiyyatına inteqrasiya və Azərbaycan vətəndaşlarının rifahının yüksəldilməsidir. Ötən müddət ərzində bu modelin müvəffəqiyyətlə icra olunması nəticəsində Azərbaycanın uğuru davamlı və sabit xarakter almış, ölkəmiz nəqliyyat, ərzaq və enerji təhlükəsizliyini təmin edərək öz siyasi və iqtisadi müstəqilliyinə nail olmuşdur. Dövlət müstəqilliyinin üçüncü onilliyini yaşayan respublikamızda sosial-iqtisadi modernləşməyə əsaslanmaqla yüksək əzmkarlıqla və yaradıcılıqla həyata keçirilən inkişaf strategiyası bütün sahələrdə öz nəticələrini göstərir.
Yüksək inkişaf dinamikasına malik Azərbaycanın sosial-iqtisadi sahədə qazandığı böyük uğurların kökündə dayanan əsas amillərdən biri iqtisadiyyatın diversifikasiyası istiqamətində həyata keçirilən məqsədyönlü siyasətdir. Bunun nəticəsidir ki, Azərbaycan iqtisadiyyatının tərəqqisi məhdud sfera üzərində köklənməyərək çoxcəhətli, genişmiqyaslı xarakterə malikdir. Ölkə iqtisadiyyatının müxtəlif sahələrində inkişafın paralel şəkildə getməsi, bir-birini tamamlaması hər zaman xüsusi diqqət mərkəzində olub. Bu səpkidə görülən işlər Azərbaycanın iqtisadi yüksəlişinə böyük töhfələr verərək onu daha sürətli hala gətirib.
Azərbaycanın əldə etdiyi nailiyyətlər dünya miqyasında da diqqətlə izlənilməkdə, geniş tədqiqat predmetinə çevrilməkdədir. İndi Azərbaycan qazandığı uğurlar baxımından əksər dövlətlər üçün bir nümunə rolunu oynamaqdadır və sözügedən kontekstdə sosial-iqtisadi sferanın müxtəlif sahələrində ölkəmizin malik olduğu təcrübəyə getdikcə daha çox müraciət olunur.
Azərbaycan daim irəliyə baxan və daha böyük hədəflərə çatmağı qarşıya əsas məqsəd qoyan dövlət olduğundan inkişaf tempini davamlı şəkildə artırır. Bu mənada tamamilə təbiidir ki, ölkəmizin əldə etdiyi nailiyyətlərin miqyası mütəmadi şəkildə genişlənir, Azərbaycan daha qüdrətli dövlətə çevrilir. Ölkəmizin inkişaf prosesinin kompleks xarakter daşıması, innovativ və novatorçu xarakter daşıması artıq beynəlxalq miqyasda təqdir olunur. Elə bunun nəticəsidir ki, dünyanın ən nüfuzlu iqtisadi institutlarının araşdırmalarında, hesabatlarında Azərbaycana böyük diqqət yetirilir, ölkəmizlə bağlı göstəricilər təqdir olunur. Dünya İqtisadi Forumunun yeni hesabatı da bunu təsdiqləyən növbəti mühüm sənəd kimi çıxış edir.
Sentyabrın 4-də Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə "Dünya Rəqabətlilik Hesabatı" rəsmi olaraq beynəlxalq ictimaiyyətə təqdim edilmişdir. Hesabata əsasən Azərbaycan qlobal rəqabət qabiliyyətlilik indeksinə görə 7 pillə irəliləmiş, rəqabətlilik reytinqinə görə 148 dövlət arasında 39-cu yerdə qərarlaşmışdır. Xatırladaq ki, 2012-2013-cü il hesabatında ölkəmiz 144 ölkə arasında 46-cı, 2011-2012-ci il hesabatında isə 142 ölkə arasında 55-ci yeri tutmuşdu.
Qlobal iqtisadiyyatın böhran dövrünü yaşadığı və yüksək rəqabət mühiti ilə səciyyələnən bir vaxtda Azərbaycanın 7 pillə irəliləməsi və dünyanın 40 ən rəqabətqabiliyyətli iqtisadiyyatı sırasına daxil olması ölkədə aparılan məqsədyönlü sosial-iqtisadi inkişaf siyasətinin əyani göstəricisi və ölkəmizin beynəlxalq nüfuzunun artmasının nümunəsi kimi qiymətləndirilə bilər.
Reytinq cədvəlində Qazaxıstan 50-ci, Rusiya 64-cü, Gürcüstan 72-ci, Ermənistan 79-cu pillələrdə qərarlaşmışlar. "Dünya Rəqabətlilik Hesabatı 2013-2014" nəşrinə görə dünyanın ən rəqabətqabiliyyətli ölkəsi isə İsveçrədir. İlk beşliyə daxil olan digər ölkələr isə Sinqapur, Finlandiya, Almaniya və ABŞ-dır. Bundan əlavə, Azərbaycan makroiqtisadi mühit göstəricisinə görə 8-ci, əmək bazarının səmərəliliyi göstəricisinə görə 30-cu, texnoloji hazırlıq səviyyəsinə görə 50-ci, innovasiyalara görə isə 51-ci yerdə qərar tutmuşdur.
Müasir dünya təcrübəsi aydın göstərir ki, sürətli sosial-iqtisadi tərəqqinin kökündə dayanan əsas amillərdən biri əlverişli rəqabət mühitinin və buna rəvac verən qanunvericilik bazasının formalaşdırılmasıdır. Sağlam rəqabət şəraitində kəmiyyət və keyfiyyət etibarilə məcmu istehsal sürətlə artır və bu, ölkənin əsas makroiqtisadi göstəricilərinin davamlı yaxşılaşmasına ciddi təsir göstərir. Dünya İqtisadi Forumunun hesabatında Azərbaycanın irəliləməsi ölkəmizdə əlverişli rəqabət mühitinin formalaşdığını təsdiq edir.
Mənbə: Milli.Az