Bu gün, demək olar ki, əksər ailələrdə valideynlər uşaqlarını sanki proqramlaşdırılmış formada böyütməyə üstünlük verirlər. Belə ki, körpə hələ dünyaya gəlməmiş hansı yaşda hansı dili öyrənəcəyini, hansı kurslara gedəcəyini müzakirə edən ailələr az deyil.
Valideyn nə qədər də övladının ağ vərəq kimi olan beynini özü yazmağa çalışsa da, uşaq yaş artdıqca aşkar etiraz edə bilmədiyindən vəziyyət tamamilə dəyişir. Elə kiçik yaşlarından depressiya, yorğunluq, özünə qapanma halları baş qaldırır. Valideynlərin "super" uşaq etmək istəyi uşaqlar üçün psixoloji yük olur. Belə uşaq olmağı bacaranlar daxilən yorulmuş olur, bacarmayanlar isə günahkarlıq duyğusuna qapılır. Başqa ailələrin övladlarına həsəd və paxıllıq hissi yaranır.
Həyatının başlanğıcında daha çox tələsdirilən uşaqlar sonrakı illərdə problemlərlə üzləşmiş olurlar. Bağçaya gedənə kimi bir az əcnəbi dil öyrənsin, məktəb başlayana kimi hər hansı bir musiqi alətində ifa edə bilsin və bu kimi istəklər içərisində uşağın gəzmək, oynamaq, qaçmaq istəkləri nəzərə alınmır. Yaşıdlarının rahat həyatı qarşılığında özünü yüklənmiş görən uşaqlar seçdikləri məşğuliyyət sahəsində bacarıqlı olub-olmamasından asılı olmayaraq özlərini zəif hiss edirlər. Üstəlik bu məşğuliyyət uşağın marağı nəzərə alınmadan valideyn tərəfindən seçilirsə, uşaq daxilən "başqa uşaqlardan zəifəm" hissinə qapılır. Bu hissə bir də "xalxın uşaqları bacarıqlıdır" tənbehi əlavə olunduqda vəziyyət daha da çıxılmaz həddə çatır.
Psixoloq Gülər Namazovanın sözlərinə görə, uşaqları proqramlı böyütmək onlar üçün ən yaxşısıdır, lakin bu proqram onları həddindən artıq yükləməməli və əlavə məşğuliyyət olmamalıdır. Məktəbə qədər olan 2-3 il müddətində uşağı marağı olmayan hər hansı bir məşğuliyyətə məcbur etmək onu mənəvi yükləmək deməkdir: "Valideyn əvvəlcə "mənim övladım" və "xalxın uşağı" sözünü bir kənara qoymalıdır. "Mənim övladım ən yaxşı pianino çalacaq", "ən çox dil bilən uşaq olacaq" və bu kimi istəklər valideynlərin arzusudur" deyən həmsöhbətimizin sözlərinə görə, valideynlər birinci növbədə uşağının buna marağının olub-olmaması, varsa hansı dərəcədə olduğu ilə maraqlanmalıdır. Uşaq bunu axıra kimi davam etdirə bilərmi və ya valideynin düşündüyü kimi ən yaxşısı ola bilərmi? Yalnız bu suallar öz təsdiqini tapdıqdan sonra uşağı kiçik yaşlarından hər hansı bir sahəyə yönləndirmək olar".
Psixoloq deyir ki, məktəb yaşı çatan uşaqların məsuliyyəti daha da artır, dərslərlə yanaşı, əlavə məşğuliyyət də onları yorur. İkisindən birində axsama yarananda isə mükəmməl övlad arzulayan valideynin qınaqları baş qaldırır. "Az oxuyursan, daha yaxşı edə bilərsən, filankəslə eyni sinifdəsiniz, o, daha yaxşısını bacarır" deyən valideynlər filankəsin əlavə yorucu məşğuliyyətinin olmadığının fərqində olmurlar. Əlavə məşğuliyyət o zaman effekt verir, o zaman uşaq həm dərsində, həm məşğuliyyətində lider olur ki, onun buna marağı olsun. Belə olan halda dərsi marağına, marağını dərsinə qurban vermir".
Müsahibimizin sözlərinə görə, daim tələb altında olan, başlarının üstündə valideyn modelindən çox tələbkar insan modeli görən uşaqların depressiyaya sürüklənməsi sadə həyat yaşayanlarla müqayisədə daha çoxdur. Onların həm bacarıqlı, həm də seçilən uşaq ola bilməsi üçün onlara öz həyatlarını istədikləri kimi yönləndirmək icazəsi verilməlidir. Boş qalan vaxtlarında uşağı kitablara, musiqi alətlərinə yönləndirməkdənsə, ona xəyal qurmasına, sərbəst oyun oynamasına icazə vermək lazımdır: "Uşaqları dinləyərək onları yönləndirmək lazımdır. Onun özünü ifadə etməsinə icazə verin və öz istəyinizə görə deyil, onun əhvalına uyğun onu yönləndirin. Dərsdən, yaxud məşğuliyyətdən sonra uşaq boş-boş oturursa, mənasız əşyalarla baş qarışdırırsa, onu rahat buraxmaq lazımdır. Ağır günün yorğunluğunu bu formada çıxaran uşaqlar az deyil. Valideynlər özlərində bu suala cavab tapmalıdırlar. Uşağım bir sahədə ən mükəmməlimi olsun, yoxsa hər sahədə yaxşımı olsun? 3 yaşından kaman çalmağa başlayıb 10 yaşında konsert verməyimi bacarsın, yoxsa istər universitet, istərsə də marağı olan hər hansı bir sahədə özünə yetəcək qədər bacarıqlı olsun? Bu seçimlər arasında qərar verən valideyn buna uyğun uşağı yetişdirməlidir".
Super uşaq kimi böyüdülən uşaqlar daha əsəbi, gərgin olurlar. Depressiyaya meylli, tez-tez ağlamağa adətkar olan belə uşaqlar daim yorğun olurlar. Yaşıdları ilə oynamaq yerinə hansısa küncdə sakit otururlar. Həddindən artıq yorulan uşaqlarda baş ağrısı, titrəmə, ətrafdakı insanlara qarşı sərt, yemək və yatmaq məsələlərində olduqca bezdirici olurlar. Artıq valideynləri 1 yaşındakı uşağın yeriməyə çalışması, az da olsa danışa bilməsi qane etmir. Ana dilindən əlavə ən az iki dil bilməsi, musiqi alətlərində ifa edə bilməsi, məktəbə getmədən oxumağı bacarması və s. kimi istəklər ortaya çıxır. Bütün bunlara səbəb isə valideynin super uşaq böyütmək istəyidir. Super uşaq böyütmək üçün onlara gərgin planlar qurmaq lazım deyil. Onları dinləyin, onlarla uşaq kimi deyil, fərd kimi söhbət edin, dəstəkləyin, yersiz qadağalar qoymayın, icazə verin, oyuncaq seçiminə diqqət edib onunla oynayın. Asudə vaxtını dincələrək keçirən uşaqlar məşğul olduqları hər sahədə daha uğurlu, daha bacarıqlı olurlar. Uşaqlar üçün saat anlayışı yoxdur. Səhər, günorta və axşam olaraq bölünən gün ərzində onları kiçik bir robot kimi planlamaq lazımdır. Bu planın tərkibində valideynin arzuları qədər körpənin maraqları da olmalıdır ki, kiçik yaşlarından yorğunluq, tükənmişlik hissi yaşamasın.
Mənbə: Milli.az