“Bakı Tikiş Evi” (BTE) saxta və işbazlar tərəfindən baha qiymətə satılan məktəbli formaları ilə bağlı əhaliyə və əlaqədar dövlət qurumlarına müraciət edib. Bu barədə Lent.az-a açıqlamasında Tikiş Evinin Satış şöbəsinin rəisi Etibar Əzimov deyib. Onun sözlərinə görə, bəzi işbazlar "Bakı Tikiş Evi"nə məxsus məktəbli formalarını baha qiymətə satırlar: “Bəzən vətəndaşlar bizə müraciət edirlər ki, "Bakı Tikiş Evi"nə məxsus 40 manatlıq paltar 45, 65 manata satılır. Bazara Tikiş Evinin adından satılan saxta məhsullar çıxarılır. Əhali belə məhsullara qarşı diqqətli olmalı və yalnız BTE-nin mağazalarından forma almalıdır. Bizim satış mərkəzlərində nə qiymətindən artıq, nə də saxta mallar satılmır. Bu yalnız işbazların əməlləridir. Artıq bu neqativ hallarla bağlı İqtisadi İnkişaf Nazirliyinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət olunub”.
E. Əzimov qeyd edib ki, BTE-nin paytaxt və Sumqayıt şəhəri üzrə ümumilikdə 22 satış mərkəzi fəaliyyət göstərir: “Məktəbli formalarının hazırlanması hazırda da davam etdirilir. Ötən ay 20000 məktəbli forması satılıb. Bizə dövlət sifarişi verilmir. Yəni dəqiq bilmirik ki, nə qədər sayda formaya ehtiyac var. Çünki bəzən bir paltarı iki il də geyinmək mümkün olur”.
"Bakı Tikiş Evi"nin şöbə müdiri onu da vurğulayıb ki, bu il ölkədə məktəbli forması qıtlığı yaşanmayacaq.
Mənbə: Lent.az