Qadin.NET / Ermənilər qul kimi yaşamağa hazırdırlar, təki...

Ermənilər qul kimi yaşamağa hazırdırlar, təki...


Həyata keçirdiyi işğalçılıq siyasəti üzündən regional təcrid vəziyyətinə düşən Ermənistanda vəziyyət getdikcə daha gərgin mərhələyə qədəm qoyur. Xüsusən də sürətlə davam edən bahalaşma insanların sosial durumunun daha kritik xarakter almasına rəvac verir. Bu fonda müşahidə edilən odur ki, iqtisadiyyatı ildən-ilə tənəzzülə uğrayan Ermənistanda inflyasiya dinamik şəkildə artmaqdadır.
2012-ci ilin iyul ayı ilə müqayisədə 2013-cü ilin müvafiq dövründə ölkədə inflyasiya 8,5 faiz artıb. Konkret ərzaq məhsullarının qiyməti 9,9, qeyri-ərzaq məhsullarının qiyməti isə 4,3 faiz bahalaşıb. Həmçinin əhaliyə göstərilən xidmətlərin qiymətlərində də bahalaşma qeydə alınıb. Vəziyyətdən çıxış yolunu isə ermənilər müxtəlif xarici ölkələrə qaçmaqda görürlər.
Müstəqil erməni jurnalist Vaan İşxanyan Parisdə nəşr olunan gündəlik "Ermənistan xəbərləri" jurnalında yazır ki, əslində erməni miqrantlar müasir dövrün qulları sayılır. Ermənistandakı ağır vəziyyət ucbatından ailəsini dolandırmaq naminə xarici ölkələrə, o cümlədən Rusiyaya üz tutan erməni miqrantlar acınacaqlı həyat yaşayırlar. Adi insan hüquqlarından məhrum olan bu insanlar müasir dövrün qullarına çevriliblər.
Aydın olur ki, Ermənistandan baş götürüb qaçan ermənilərin əksəriyyəti dözülməz şəraitdə yaşayır və onlar xarici ölkələrdə ən ucuz işçi qüvvəsi hesab olunurlar. Hətta bəzən səhərdən-axşamadək qul kimi işlədilən ermənilərə 5 dollar əməkhaqqı verilir. Onlara ikinci növ adam kimi baxırlar. Lakin bununla belə, onlar xaricdə qul kimi yaşamağı doğma vətənləri Ermənistana qayıtmaqdan üstün tuturlar. Diqqətçəkən fakt odur ki, miqrant ermənilərin sayı ildən-ilə artır. Ermənistan dövlət rəsmiləri isə xaricdə yaşayan vətəndaşlarının taleyinə biganə yanaşır, onlarla maraqlanmırlar.
Ermənistan və Rusiya arasında müşahidə olunan gərginlik isə şimal ölkəsindən işğalçı dövlətə maliyyə transferlərinin həcminin azalması ilə müşayiət olunmaqdadır. Bu da Ermənistanda vəziyyəti ağırlaşdırır və əsas günahkar qismində prezident Serj Sarkisyan göstərilir. Məsələni şərh edən Ermənistan Milli Konqresinin parlament fraksiyasının üzvü Aram Manukyan bildirir: "Bizim ölkəmizin dörd tərəfi problemdir. Ən böyük problem isə hakimiyyətin dünya barəsində xarici proseslərlə bağlı qeyri-müəyyənliyidir. Mən sizi əmin edirəm ki, hakimiyyət hazırda Avropa Birliyi ilə assosiativ saziş imzalayıb-imzalamayacağı mövzusunda qəti qərara malik deyil. Hakimiyyət Rusiya ilə münasibətlərini dəqiqləşdirməyib, çünki fırıldaq işlədirlər, Rusiya ilə açıq oyun aparmırlar, avropalılarla açıq oyun aparmırlar. İqtidar hamını aldatmağa, vaxtı udmağa çalışır və bu siyasət ölkəni uçuruma aparır".
Ermənistan Milli Konqresinin gənclər təşkilatının fəalı Tiqran Arakelyanın həbsinə toxunan deputat hakimiyyətin bu yolla onları sındırmaq istədiyini bildirib: "Onlar hesab edirlərsə ki insanları qorxudaraq və ya həbsxanada saxlayaraq bizi sındıra bilərlər, çox səhv edirlər. Biz heç bir halda ölkəni soyğunçular üçün tərk etməyəcəyik. Bizim hədəfimiz ədalətlidir və biz hədəfimizə nail olacağıq".
Ermənistan Milli Konqresinin digər təmsilçisi Levon Zurabyan isə qeyd edib ki, rejimin özü də ölkənin inkişafı üçün əsas maneə olduğunu anlamağa başlayıb: "Bu, çox əhəmiyyətli təkamüldür. Rejim tədricən anlayır ki, bu mübarizə onun nəzarətindən çıxır".
Hazırda Ermənistan hakimiyyətinin əsas ümidi Rusiya ilə münasibətlərin yaxşılaşdırılması və iqtisadi əlaqələrin gücləndirilməsidir. Bu məqsədlə Serj Sarkisyanın Rusiyaya səfəri isə, ekspertlərə görə, hansısa müsbət nəticə verməyəcək. Çünki Ermənistan hakimiyyəti, ölkə müxalifətinin dediyi kimi, ikibaşlı oyun aparmağa çalışır, bu isə əks nəticə verir.
Bu fonda xatırladaq ki, Ermənistanın hakim Respublika Partiyasının fraksiya başçısı Qalust Saakyan Rusiyanı hədələyib. O, "Joxovurd" qəzetinə müsahibəsində bildirib: "Avropa Birliyi ilə assosiasiya barədə sazişin Ermənistan tərəfindən paraflanması halında Rusiya bizə qarşı sanksiya tətbiq edərsə, cavab zərbəsini öz daxilindən, Rusiya vətəndaşı olan ermənilərdən alacaq".
Təbii ki, bütün bunlar Moskva tərəfindən müsbət qarşılanmır. Əslində, cari ilin əvvəlində satdığı qazın qiymətini rekord həddə qaldırması fonunda işğalçı ölkədə Rusiyaya qarşı aqressiya formalaşıb. Kremlin bu addımının səbəb olduğu zəncirvari qiymət artımı erməni cəmiyyətində narazı qüvvələrin sayının ötən illərlə müqayisədə daha da artmasına səbəb olub.
Müxalif "İrs" partiyasının rəhbəri, prezidentliyə sabiq naimzəd Raffi Ovannisyanın tərəfdarları isə baş verənləri Serj Sarkisyan hakimiyyətinin yanlış siyasətinin nəticəsi sayırlar. Müxalifətin gəldiyi qənaət budur ki, Ermənistan uzun illərdir milli maraqlarını xarici ölkələrə qurban verir. Bu fonda hakimiyyətin bunun qarşılığında heç bir tədbir görə bilməməsi Sarkisyan iqtidarına nifrəti daha da çoxaltdı. Belə vəziyyət, öz növbəsində, Ermənistanda gərginliyi durmadan artırır.

Mənbə: Milli.az

4 sentyabr 2013
GO BACK